...

Cənubi Qafqazda miqrasiya sahəsində səmərəli readmissiya idarəçiliyinin yaradılmasına dair yeni layihə həyata keçirilir (FOTO)

Siyasət Materials 4 Aprel 2013 11:10 (UTC +04:00)
Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) Bakıda "Cənibi Qafqazda səmərəli readmissiya idarəçiliyinin yaradılmasının dəstəklənməsi" layihəsini təqdim edib.
Cənubi Qafqazda miqrasiya sahəsində səmərəli readmissiya idarəçiliyinin yaradılmasına dair yeni layihə həyata keçirilir (FOTO)

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir İ.İzzət/

Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) Bakıda "Cənibi Qafqazda səmərəli readmissiya idarəçiliyinin yaradılmasının dəstəklənməsi" layihəsini təqdim edib.

Trend-in məlumatına görə, Beynəlxalq Miqrasiya Təşkilatı, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti və Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin maliyyə dəstəyi ilə həyata keçirilən "Cənubi Qafqazda səmərəli readmissiya idarəçiliyinin yaradılmasının dəstəklənməsi" layihəsinin başlanması münasibətilə toplantı keçirilib.

Layihənin təqdimat mərasimində BMqT-nin Azərbaycandakı Nümayənləyinin rəhbər əvəzi Serhan Aktoprak bildirib ki, ümumi büdcəsi 1 492 457 avro olan 24 aylıq layihə üç Cənubi Qafqaz ölkəsində Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən həyata keçiriləcək. Layihənin ümumi məqsədi Cənubi Qafqaz dövlətlərinin hər üçündə səmərəli readmissiya idarəçiliyi mexanizminin yaradılması və inkişafıdır.

"Layihə readmissiya sazişlərinin bağlanmasına kömək edilməsi və sonrakı icrası ilə bağlı hökumətlərə texniki yardım və geri qayıdanların mənşə icmalarında davamlı reinteqrasiyanın dəstəklənməsi məqsədini daşıyır,"- Aktoprak vurğulayıb.

Onun sözlərinə görə, "Cənibi Qafqazda səmərəli readmissiya idarəçiliyinin yaradılmasının dəstəklənməsi" layihəsinin Azərbaycanda üç xüsusi məqsədi gözlənilir:

1. Readmissiya kazuslarının səmərəli idarəetmə sisteminin yaradılmasına yardım etmək;
2. Miqrantların qəbul mərkəzlərinin idarə edilməsi üçün potensialları artırmaq;
3. Geri qayıdan miqrantların reinteqrasiyasına yönələn səmərəli instutional müxanizmlərin yaradılmasına kömək etmək.

Aktoprak qeyd edib ki, Azərbaycanda layihənin icrası zamanı Beynəlxalq Miqrasiya Təşkilatı bir sıra dövlət tərəfdaşları - Dövlət Miqrasiya Xidməti, Xarici İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və vətəndaş cəmiyyəti tərəfdaşları ilə əməkdaşlıq edəcək. Habelə, Belçika Federal İmmiqrasiya Xidməti, Niderland Təhlükəsizlik və Ədliyyə Nazirliyi Reatriasiya və Yolasalma Xidməti və Polşa Daxili İşlər Nazirliyi readmissiya və könüllü geri qayıdışa aid seminarlar və tədris səfərlərində Cənubi Qafqazdakı tərəf müqabilləri ilə öz təcrübələrini bölüşəcəklər.

Readmissiya idarəçiliyi qeyri-qanuni miqrasiyaya qarşı mübarizədə öz töhfəsini verəcək. Bununla yanaşı miqrantlarla humanist davranış məsələlərinə də yardım edəcək.

Aİ-nin Azərbaycandakı səfiri Roland Kobia layihənin uğurlu olacağına əmin olduğunu bildirib. Onun sözlərinə görə, Aİ və Azərbaycan readmissiya məsələlərində müəyyən bir zirvə nöqtəsinə yetişib və labüd məqama çatıblar.

"Vizaların və readmissiya məsələlərinin sadələşdirilməsi mühüm məsələdir. Bu sahədə bir neçə məsələ həll olunmamış qalsa da, biz bu istiqamətdə işlərimizi davam etdiririk", o bildirib.

Onun sözlərinə görə, dünyada əhalinin 3 faizini miqrantlar təşkil edir. Aİ-na üzv olan dövlətlər isə miqrantlar üçün əsas təyinat nöqtəsidir.

Aİ nümayəndəsi bildirib ki, bu sahədə bir sıra çətinliklər də var. Bunlar effektiv idarəetmə və miqrantların insan hüquqlarının təmin olunmasıdır. Aİ-nin quruma üzv olmayan dövlətlərlə əməkdaşlığı vacibdir. Bu daha çox strateji siyasət vasitəsidir. Bu sahədə Aİ 150-yə yaxın layihə həyata keçirir və onların icrasına 285 milyon avro vəsait ayrılıb.

"Biz Azərbaycana yaxın tərəfdaş kimi baxırıq. Azərbaycan Qonşuluq Siyasətində iştirak edir. Azərbaycan birinci diqqət mərkəzində olan halqalardan biridir. Azərbaycan öz geosiyasi vəziyyəti, qonşuluq mövqeyinə görə bizim üçün çox vacib tərəfdaşdır. Biz ona çox böyük dəyər veririk və istərdik ki, readmissya sahəsində Azərbaycanla əməkdaşlıq edək. Bu mənada Azərbaycan yeni dövrə qədəm qoyur. Biz Azərbaycana bu sahədə əlimizdən gələn köməyi etməyə hazırıq. Çünki bizim ümumi marağımız var", - Kobia qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti