...

Əli Həsənov: Azərbaycan bölgənin və dünyanın getdikcə sabit, dinamik inkişaf edən bir dövləti yerini tutmaqdadır (FOTO)

Siyasət Materials 4 Aprel 2013 17:38 (UTC +04:00)
Azərbaycan bölgənin və dünyanın getdikcə sabit, dinamik inkişaf edən bir dövləti yerini tutmaqdadır. Təsadüfi deyil ki, Azərbaycan Davos İqtisadi Forumunun ilk dəfə Davosdan kənarda - bu il Azərbaycanda keçirildiyi yeganə ölkədir.
Əli Həsənov: Azərbaycan bölgənin və dünyanın getdikcə sabit, dinamik inkişaf edən bir dövləti yerini tutmaqdadır (FOTO)

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbirlər İ.İzzət, M.Əliyev/

Azərbaycan bölgənin və dünyanın getdikcə sabit, dinamik inkişaf edən bir dövləti yerini tutmaqdadır. Təsadüfi deyil ki, Azərbaycan Davos İqtisadi Forumunun ilk dəfə Davosdan kənarda - bu il Azərbaycanda keçirildiyi yeganə ölkədir. Trend-in məlumatına görə, bunu cümə axşamı Bakıda "The Business Year" jurnalının Azərbaycanla bağlı buraxılışının təqdimat mərasimində çıxışı zamanı Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

"Azərbaycanın iqtisadi inkişafının sirlərini, bunun modelinin ayrı-ayrı tərəflərini öyrənmək məqsədilə dünyanın müxtəlif təhlil mərkəzləri, dünyanın iqtisadi araşdırma institutları Azərbaycan iqtisadiyyatını tədqiq etməkdədirlər. Azərbaycanın bugünkü iqtisadi inkişafı elə şəraitdə davam edir ki, dünyada 5 ildən artıqdır ki, davamlı maliyyə və iqtisadi böhran hökm sürür, dünya xalqları artıq o vəziyyətə gəlib çıxıb ki, beynəlxalq hüquq normalarına hayqırı olaraq, beynəlxalq hüquq normalarını pozaraq insanların banklarda yatırdığı sərmayələrə belə göz dikirlər, təqaüdçülərin maaşlarını kəsirlər, ayrı-ayrı ölkələrin sosial layihələrinə yönəltdiyi proqramları bağlayırlar. Bəzi Avropa ölkələri artıq o səviyyə gəlib çatıb ki, Avropadan sosial sahəyə uyğunlaşa bilməyən insanların, vətəndaşların axını başlayıb. Avropalılar Asiyaya üz tutublar və Asiya ölkələrində özlərinin gələcək sosail-iqtisadi problemlərinin həlli yollarını axtarırlar. Bax, belə bir şəraitdə Azərbaycanın bu inkişafı və inkişafının sirləri, modelləri əlbəttə tək Azərbaycan vətəndaşlarını, Azərbaycan cəmiyyətini, Azərbaycanla bağlı olan insanların deyil, dünyanın müxtəlif iqtisadi, biznes strukturlarının da diqqətini cəlb etməkdədir", - Həsənov qeyd edib.

PA-nın şöbə müdiri bildirib ki, "The Business Year" jurnalı həmin o avtorlardan biridir ki, 3 ildir Azərbaycanda davamlı şəkildə fəaliyyət göstərir.

"Bu gün "The Business Year" jurnalının dünyanın 30 ölkəsində öz tərəfdaşları arasında keçirdiyi sorğunun nəticəsi elan olunub və nəticə də ondan ibarətdir ki, son 5 ildəki inkişaf dəyərlərinə, inkişaf tempinə və bölgədə nümayiş etdirdiyi dəyərlərə görə Azərbaycan Respublikasının Prezidneti cənab İlham Əliyev dünyada ilin adamı seçilib", - Həsənov bildirib.

PA rəsmisinin sözlərinə görə, 3 ildir ki, "The Business Year" jurnalı özünün xüsusi nömrəsini Azərbaycana həsr edir.

"Bu, əlbəttə bir biznes layihəsidir. "The Business Year" jurnalı o ölkələrə qədəm basır, o ölkələrdə daha çox öz fəaliyyətini davam etdirir ki, o ölkələrdə sözün həqiqi mənasında söyləməyə, nümayiş etdirməyə və işləməyə əsas var. Azərbaycan son 10 ildə sözün həqiqi mənasında ciddi bir inkişaf yolu keçib. Azərbaycanın ümumi daxili məhsul istehsalı təxminən 5 dəfə artıb. Büdcəmiz də təxminən o dəyərdə artıb. Ölkənin sosial-iqtisadi inkişafına yatırım sahəsinə yönəltdiyi invesitisiyaların həcmi 10 dəfədən çox artıb", - Həsənov əlavə edib.

Həsənov çıxışında xatırladıb ki, 2013-cü il Azərbaycanda prezident seçkiləri ilidir.

"Belə bir ildə "The Business Year" jurnalı kimi obyektiv və tam təhlil əsasında bir jurnalın və oxucularının, tərəfdaşlarının bu qərara gəlməsi həm Azərbaycana böyük bir dəstəkdir, həm də cənab Prezidentə seçkiqabağı böyük bir dəstəkdir. Özü də nəyə görə? Azərbaycanın beynəlxalq sülhə və təhlükəsizliyə BMT Təhlükəsizlik Şurasının üzvü kimi verdiyi dəstəyə görə, Azərbaycanın dünyada informasiya-kommunikasiya texnologiyalarına verdiyi töhfəyə görə. Bilirsiniz ki, Azərbaycan bu il dünyanın kosmik ölkələrindən birinə çevrilib, öz peykini buraxıb. Azərbaycanın bölgədə davamlı olaraq 5 ildə sosial-iqtisadi inkişaf tempi nümayiş etdirdiyinə görə və bölgənin, dünyanın iqtisadiyyatına verdiyi töhfələrə görə. Azərbaycanın son 5 ildə dünyanın iqtisadi, siyasi, sosial, mədəni, idman tədbirlərinin mərkəzinə çevrildiyinə görə və cənab İlham Əliyevin dünyada və bölgədə öz ölkəsini lider dövlətə çevirdiyinə görə. Bütün bu faktorları toplayaraq "The Business Year" jurnalının tərəfdaşları və oxucuları Azərbaycan Prezidentini dünyada "İlin adamı" elan edib. Bu, sözün həqiqi mənasında qürurverici bir hadisədir və bundan biz də çox böyük qürur duyuruq", - PA rəsmisi bildirib.

Həsənov deyib ki, jurnalın bu sayı ölkə Prezidenti cənab İlham Əliyevin müsahibəsi ilə açılır və son 5 ilin inkişafı ilə bağlı cənab Prezident geniş müsahibə verib.

"Bundan sonra bu il Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar jurnalın redaktorunun ulu öndər haqqında xüsusi məqaləsi gəlir. Bu məqalədə ümummilli liderimizə dünyanın baxışı öz əksini tapıb və düşünürəm ki, bu, hər bir Azərbaycan vətəndaşı üçün, Heydər Əliyevin hər bir davamçısı üçün qürurverici bir haldır. Bundan sonra dünyanın aparıcı nümayəndələrinin, xüsusən, NATO-nun baş katibi, Norveçin şahzadəsi, İngiltərənin ticarət naziri və dünya ölkələrinin digər rəsmi nümayəndələrinin Azərbaycan haqqında fikirləri, baxışları jurnalda öz əksini tapıb. Bütün bunlar ciddi bir səy tələb edirdi, iş tələb edirdi ki, bu işə görə mən jurnalın kollektivinə təşəkkür edirəm. Əminəm ki, bu jurnalla tanış olduqdan sonra jurnalın Azərbaycan üçün önəmini, verdiyi xidməti siz bir daha müəyyən edəcəksiniz. Jurnal dünyanın təxminən 100 mindən artıq müxtəlif strukturlarında pulsuz yayılıb - kommersiya strukturlarına, supermarketlərə, biznes strukturlarına, aeroportlara və digər ofislərə göndərilib. Təsəvvürünüzə gətirin ki, bir belə insan Azərbaycan, onun nailiyyətləri, uğurları ilə tanış olacaq və biz də müvafiq olaraq dövlətimizin, millətimizin dünya ailəsinə, iqtisadiyyatına, siyasətinə, nəqliyyat, informasiya, təhlükəsizlik sahəsinə verdiyi töhfələrdən qürur duyacağıq. Bir daha jurnalın yaradıcı kollektivinə və əməyi keçən hər kəsə təşəkkür edirəm. Azərbaycanın dövlət və qeyri-dövlət strukturlarına jurnalda fəal iştirak etdiklərinə, çıxış etdiklərinə görə minnətdarlıq edirəm", - Həsənov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti