...

Əli Həsənov: Azərbaycan iqtidarı prezident seçkiləri ərəfəsində müxalifət partiyaları ilə görüşləri davam etdirəcək (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 4 Aprel 2013 18:24 (UTC +04:00)
Azərbaycan iqtidarı prezident seçkiləri ərəfəsində müxalifət partiyaları ilə görüşləri davam etdirəcək.
Əli Həsənov: Azərbaycan iqtidarı prezident seçkiləri ərəfəsində müxalifət partiyaları ilə görüşləri davam etdirəcək (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbirlər A.Axundov, M.Əliyev/

Azərbaycan iqtidarı prezident seçkiləri ərəfəsində müxalifət partiyaları ilə görüşləri davam etdirəcək.

"Biz prezident seçkiləri ərəfəsində müxalifət partiyaları ilə, o cümlədən seçki institutları ilə, qeyri-hökumət təşkilatları ilə görüşlərimizi davam etdirəcəyik, onlarla seçki mövzusunu, seçki prosesinin təşkili və seçkilərin daha şəffaf, demokratik keçirilməsi ilə bağlı bütün tərəfləri narahat edən məsələləri müzakirə edəcəyik", - Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.

"Düşünürəm ki, dialoqun məqsədi kiminsə öz iradəsini qarşı tərəfə qəbul etdirməsi və yaxud kimisə nəyəsə məcbur etmək olmamalıdır. Qarşıdan ümumrespublika əhəmiyyətli olan prezident seçkiləri gəlir. Burada məqsəd ondan ibarətdir ki, bu ümumrespublika əhəmiyyətli tədbiri tam demokratik, şəffaf, əhəmiyyətli keçirək, bütün maraqlı tərəflər, seçkiyə qatılmaq istəyən partiyalar, qurumlar bu müzakirələrdə iştirak etsin və hər kəs də seçkinin nəticəsindən razı qalsın", - Həsənov əlavə edib.

"Prezident seçkilərinə xarici dövlətlərin müdaxilə etmək imkanı varmı" sualına cavabında isə Əli Həsənov bildirib ki, hər bir seçki prosesi tək bir ölkənin milli məsələsi deyil, eyni zamanda, o ölkənin beynəlxalq təşkilatlar qarşısında öhdəliyi, beynəlxalq aləmlə əlaqələrinin gələcəyi və digər məsələlərə təsir göstərir. Bu anlamda xarici dost, tərəfdaş dövlətlərlə yanaşı, rəqib dövlətlər də var - bu dövlətlərin hər biri Azərbaycanda keçirilən seçkilərə öz maraqları və Azərbaycanla münasibətlərin çərçivəsində yanaşırlar. Xarici dövlətlərin təsiri hər zaman istər-istəməz var.

"Bilirsiniz ki, Azərbaycanla uzun müddət siyasi, iqtisadi, sosial münasibətləri olan, dostluq çərçivəsində fəaliyyət göstərən dövlətlər var və bu dövlətlərin də istər-istəməz seçkilərə təsiri var. Azərbaycanda seçkilərdə iştirak edən ayrı-ayrı elektorat xarici QHT-lərlə münasibətlərə malikdir. Onlar da müəyyən təsir göstərə bilər", - o deyib.

Həsənov qeyd edib ki, amma bütövlükdə hər bir ölkədə seçkinin taleyini həmin ölkənin xalqı, seçicisi təmin edir.

"Biz də çalışırıq ki, bizim seçicilərin iradəsini, seçki prosesini xarici dairələrin, dövlətlərin asılılığından maksimum xilas edək, vətəndaşlar seçim edərkən, seçkiyə gələrkən yalnız öz iradələrindən çıxış etsinlər", - PA rəsmisi bildirib.

Qeyd edək ki, Azərbaycanda prezident seçkilərinin bu ilin payız aylarında keçirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti