...

Leyla Əliyeva: Azərbaycan bir sıra təşəbbüsləri həyata keçirməklə ekoloji göstəriciləri nəzərəçarpacaq dərəcədə yaxşılaşdırıb (FOTO)

Siyasət Materials 5 Aprel 2013 17:00 (UTC +04:00)
Azərbaycan təkcə Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfəsi ilə deyil, həm də Şərqin müdrikliyi və Qərbin tərəqqisini özündə birləşdirən zəngin tarixi və mədəniyyəti ilə tanınır.
Leyla Əliyeva: Azərbaycan bir sıra təşəbbüsləri həyata keçirməklə ekoloji göstəriciləri nəzərəçarpacaq dərəcədə yaxşılaşdırıb (FOTO)

Azərbaycan, Bakı, 5 aprel /Trend/

Azərbaycan təkcə Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfəsi ilə deyil, həm də Şərqin müdrikliyi və Qərbin tərəqqisini özündə birləşdirən zəngin tarixi və mədəniyyəti ilə tanınır. Trend-in məlumatına görə, bu barədə cümə günü Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakıda Ətraf Mühitin Mühafizəsi VII Beynəlxalq Layihə Olimpiadasının (İNEPO-Avrasiya) açılış mərasimində çıxışı zamanı bəyan edib.

"Mən göstərdikləri səylərə və əvəzsiz töhfəyə görə təşkilatçılara və Ətraf Mühitin Mühafizəsi VII Beynəlxalq Layihə Olimpiadasına (İNEPO-Avrasiya) həsr edilmiş tədbiri dəstəkləyənlərə təşəkkür etmək istəyirəm. Bu tədbirin burada - təbii resursların istifadə edilməyən potensialını özündə ehtiva edən, həmçinin Avropa, Asiya və Yaxın Şərqin kəsişməsində strateji mövqeyi olan bu unikal regionun tam mərkəzində keçirilməsi rəmzi haldır", - Leyla Əliyev bildirib.

Onun sözlərinə görə, Azərbaycan bir sıra təşəbbüsləri həyata keçirmək yolu ilə hazırda ekoloji göstəriciləri nəzərəçarpacaq dərəcədə yaxşılaşdırıb və qonşularına eyni fəaliyyəti göstərməyə kömək edib.

"Azərbaycan regionda liderdir və bizim ekologiya sahəsində siyasətimiz bilavasitə resurslardan istifadə üzrə ekoloji səmərəliliyin artırılmasına və daha davamlı istehsal və istehlak növləri istiqamətində irəliləyişə hesablanmış strategiyaya əsaslanır", - Heydər Əliyev Fondunun vitse-prezidenti deyib.

Leyla Əliyeva qeyd edib ki, yeni əsrə qədəm qoyan dünya müəyyən problemlərlə üzləşib.

"Bu problemlər sosial dezinteqrasiya və zorakılığın artmasına, strateji balansın dəyişməsinə, dünyada nizamsızlığın güclənməsinə və müxtəlif növ istismarın sistematik hal almasına gətirib çıxardı. Etiraf etməyin çətin olduğu həqiqət ondan ibarətdir ki, əksəriyyətimiz gələcək nəsillərin rifahından daha çox öz əmin-amanlığımızın qeydinə qalırıq. Biz olduqca tez-tez təbiətin bir hissəsi deyilmiş kimi hərəkət edirik. Özümüz barədə təbiətdə yaşayanlar və ondan asılı olanlar kimi düşünmək əvəzinə, özümüzü ondan üstün tutur və onu idarə etməyə çalışırıq. Belə münasibət olan halda, gələcəkdə qlobal fəlakətlərin baş vermə ehtimalının yüksək olmasını qabaqcadan tam xəbər vermək mümkündür", - Heydər Əliyev Fondunun vitse-prezidenti qeyd edib.

Onun fikrincə, məhz buna görə hamımızın ümumi gələcəyi naminə istiqamətlənmiş mübarizə məktəb və kolleclərdə ekoloji təhsilin fundamental prinsiplərinə əsaslanmalıdır.

"Hazırda gənclərimiz daha önəmli intellektual, mədəni və peşəkar ehtiyatdır, dövlətlərimizin taleyi gənclərin həyat keyfiyyəti və inkişafından asılıdır", - Leyla Əliyeva bildirib.

Onun sözlərinə görə, Azərbaycan heyrətamiz təbiəti, zəngin biomüxtəlifliyi olan və 11 iqlim qurşağından 9-nun olduğu ölkədir.

"Biz hesab edirik ki, gələcək nəsillərin müdafiəsi məqsədilə indiki nəslin fəaliyyət göstərməsinin vaxtı gəlib çatıb. Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq - IDEA kampaniyası təşəbbüsümüzdən artıq təqribən iki il ötüb. Bu kampaniya ətraf mühitin mühafizəsi, həmçinin gənclər siyasəti sahələrində müxtəlif mexanizmlərin həyata keçirilməsi üçün meydançaya çevrilib. Bizim fəlsəfəmiz - "Gənclərin qüvvəsinin qlobal ətraf mühitimizlə böyük ahəngin yaradılmasına yönəldilməsi" bizə diqqəti gənclərin üzərində cəmləşdirməyə və onu bizi əhatə edən təbiətlə münasibətimizi dəyişdirmək iqtidarında olan vacib vasitə qismində nəzərdən keçirməyə imkan verir", - Heydər Əliyev Fondunun vitse-prezidenti deyib.

O qeyd edib ki, ötən il Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında IDEA-nın Resurs Mərkəzi açıldı. Mərkəz həmin dövrdən etibarən yaratmaq, qorumaq və öyrətmək istəyənlər üçün evə çevrilib.

"Biz IDEA-nın Resurs Mərkəzinin innovasiyalar, liderlik və aktiv fəaliyyət sayəsində fərqlənməsinin şahidi olduq. Bundan başqa, ilk dəfə olaraq Azərbaycan paytaxtında IDEA-nın BMT-nin Ətraf Mühit Proqramı ilə birgə təşkil etdiyi "Yaşıl həftə" keçirildi. Biz kampaniyamızın başlanğıcından yox olmaq təhlükəsi altında olan Böyük Qafqaz beşliyini (ayı, qartal, canavar, ceyran və bəbir) müəyyənləşdirdik. Əsas borcumuz bu heyvan növlərinin qorunub saxlanmasıdır", - Leyla Əliyeva deyib.

Onun sözlərinə görə, gənclər arasında dialoq, təhsil, liderlik və əməkdaşlığın irəliləyişi məqsədilə təkcə Azərbaycanda deyil, həm də bütün dünyada ətraf mühitin mühafizəsi ilə məşğul olan gənclər qrupu ilə tərəfdaşlıq münasibətləri qurulub.

"Məsələn, IDEA kampaniyası Rusiyanın Ümumdünya Vəhşi Təbiət Fondu ilə anlaşma memorandumu imzalayıb ki, bu da bizə Qafaz bizonunu IDEA-nın nəsli kəsilməkdə olan heyvan növlərinin siyahısına daxil etməyə imkan verdi. Biz, həmçinin Türkiyənin Vəhşi Təbiət Fondu ilə oxşar hüquqi sənəd üzərində işləyirik", - Leyla Əliyeva bildirib.

O, həmçinin qeyd edib ki, son 10 il ərzində Azərbaycan Qafqaz bəbirinin vəziyyətinin və onun qorunmasının qiymətləndirilməsi üçün xeyli səy göstərib. "Bu, regionun ən nadir növlərindən biri olan böyük pişikdir, bu yaxınlarda Vəhşi Təbiət Fondunun kameraları vasitəsilə Azərbaycanın iki milli parkında onların şəkli çəkilib. Uzun illər ərzində bu gözəl heyvana heç yerdə rast gəlinməyib. Hazırda bu gözəl, lakin nadir və nəsli tükənməkdə olan növlərin yalnız Azərbaycanda sağ qalması ilə bağlı sübut əldə etdikdən sonra vəzifəmizə bu və ya digər nadir növlərin təbii mühit şəraitində saxlanılması və yaşayış şəraiti ilə təmin edilməsi daxildir", - Leyla Əliyeva deyib.

Onun sözlərinə görə, həmçinin ümumilikdə regionun və xüsusilə Azərbaycanın ətraf mühitinin mühafizəsinə yönəldilmiş ekoloji təhsil və layihələr sahəsində uğurlar əldə edilib. "Bizim təhsil və təlim layihəmiz olan "Yaşıl Azərbaycan üçün IDEA" ətraf mühitin mühafizəsi məsələləri ilə bağlı məlumatlandırmağı, nəzəri və praktiki bilikləri artırıb. Azərbaycanın müxtəlif regionlarının 20-dən çox şəhərində təlimatçılarımız orta məktəblərin təqribən 8 min şagirdinə ekoloji dostluq münasibətlərini təbliğ ediblər. Mən fəxrlə deyə bilərəm ki, gələn tədris ilindən başlayaraq kampaniyamızın təşəbbüsü ilə ekologiya dərsləri Azərbaycanda məktəblərin tədris proqramına daxil ediləcək. Buna baxmayaraq, təhsil proqramları ilə kifayətlənməyəcəyik. Bu ilin yazında Litva, Rusiya, İngiltərə, İtaliya və Qırğızıstandan olan tərəfdaşlarımızla bu ölkələrin paytaxtlarının parklarında quşlar üçün yuvalar quraşdıracağıq. Bu layihə siyasətdən asılı olmayaraq təbiəti dəstəkləmək və qorumağa hazırlıq üzrə birliyin rəmzi olacaq", - Heydər Əliyev Fondunun vitse-prezidenti deyib.

"Biz bir danılmaz faktı - hazırda insanın dominantlıq etdiyi dünyada yaşadığımızı başa düşməliyik. Əhalinin sayının artması və istifadə edilən resursların çoxalması Yeri misilsiz dərəcədə dəyişdirir. İnsanlar kənd təsərrüfatı, balıqçılıq, sənaye, əyləncələr və beynəlxalq ticarət sayəsində bu planetdə həyatı ağlasığmaz dərəcədə dəyişiblər. Təbii resursların dəyəri pul formasında təyin edilə və ifadə edilə bilər, lakin təmiz havanı, təbii landşaftları və əl dəyməmiş ekoloji sistemi pul şəklində qiymətləndirmək demək olar ki mümkün deyil. Onlar qiymətsizdir", - Leyla Əliyeva bəyan edib.

Heydər Əliyev Fondunu vitse-prezidenti qeyd edib ki, gələcəyə nikbinliklə baxır. "Düşünürəm ki, məhz indiki nəsil uşaqlarımızın bu günü və gələcəyi üçün təbiətin qorunması və ətraf mühitin öyrənilməsi ənənələrindən ən yaxşısını miras qoymaq yolu ilə bütün təhlükələri aradan qaldıra bilər. Bu, hamımızın töhfə verə biləcəyi haldır. Yaşadığımız bu planetin təhlükəsizliyi, firavanlığı və mövcudluğunun davam etməsi olimpiadada təqdim edilən layihələrin həyata keçirilməsindən asılıdır. Bu planetdə hər növü, təmiz havanı, təmiz içməli suyu, təhlükəsiz qida mənbələrini, fəxrlə uşaqlarımıza təhvil verə biləcəyimiz dünyanı qorumaq məqsədilə səylərimizi birləşdirməliyik", - Leyla Əliyeva bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti