...

Prezident İlham Əliyev və xanımı Dünya İqtisadi Forumunun (Davos Forumu) yekun işçi şam yeməyində iştirak ediblər (FOTO)

Siyasət Materials 9 Aprel 2013 00:25 (UTC +04:00)
Bazar ertəsi Bakıda keçirilən Dünya İqtisadi Forumunun (Davos Forumu) yekun işçi şam yeməyi olmuşdur.
Prezident İlham Əliyev və xanımı Dünya İqtisadi Forumunun (Davos Forumu) yekun işçi şam yeməyində iştirak ediblər (FOTO)

Azərbaycan, Bakı, 8 aprel /Trend/

Bazar ertəsi Bakıda keçirilən Dünya İqtisadi Forumunun (Davos Forumu) yekun işçi şam yeməyi olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva tədbirdə iştirak etmişlər.

Tədbirin aparıcısı, Hollandiyanın Leiden Universitetinin professoru Viktor Halberstadt Forumun yekun işçi şam yeməyi zamanı gün ərzində keçirilən sessiyaların nəticələrinin müzakirə olunacağını bildirdi.

Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvab Bakı Forumunun yüksək səviyyədə təşkilinə görə dövlətimizin başçısına təşəkkür etdi. O bildirdi ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan doğrudan da, çox böyük nailiyyətlər əldə etmişdir və bu uğurlar bundan sonra da davamlı olacaqdır. Klaus Şvab yüksək qonaqpərvərliyə görə Azərbaycan xalqına Forum iştirakçılarının minnətdarlığını çatdırdı.

bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell Bakıda keçirilən Dünya İqtisadi Forumunda çox əhəmiyyətli müzakirələrin aparıldığını vurğuladı. bp-nin Azərbaycan ilə 20 ildir tərəfdaşlıq etdiyini vurğulayan Qordon Birrell bu əməkdaşlığın səmərəli dialoq və qarşılıqlı etibar əsasında qurulması və ölkəmizdə hökm sürən siyasi sabitlik nəticəsində bağlanan sazişlərdə indiyədək heç bir dəyişikliyin edilmədiyini diqqətə çatdırdı.

Rusiya Birbaşa İnvestisiyalar Fondunun vitse-prezidenti Piter Sannikov üzvü olduğu işçi qrupunda regionun böyük investisiya layihələri, sərmayə qoyuluşuna mane olan cəhətlər, onların aradan qaldırılması və digər aktual mövzularda maraqlı müzakirələr aparıldığını söylədi.

York Hersoqu, şahzadə Endryu isə Forumda müasir dövrün qabaqcıl texnologiyalarının tətbiqinin genişləndirilməsi, xüsusilə telekommunikasiya və genişzolaqlı internetdən istifadə, həmçinin sahibkarlıq imkanlarının təşviqi məsələləri barədə aparılan fikir mübadiləsinin önəmini qeyd etdi.

Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirdi ki, bugünkü müzakirələrin mərkəzində regionda tranzit nəqliyyatın genişləndirilməsi, yol infrastrukturuna və logistikaya investisiya qoyuluşu, həmçinin narkotiklərə və qaçaqmalçılığa qarşı mübarizəni gücləndirmək məsələləri dururdu.

Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə çıxış etdi.

Dövlətimizin başçısı bugünkü Forumda siyasi liderlər və biznes dairələri arasında işgüzar müzakirələrin aparıldığını vurğuladı. Prezident İlham Əliyev bununla yanaşı, Azərbaycanda gedən proseslər və Xəzərin enerji ehtiyatlarının hasilatı və nəqli ilə bağlı iştirakçıların daha yaxından məlumatlandırılması baxımından Forumun önəmini xüsusi qeyd etdi. Müstəqil Azərbaycanın inkişaf tarixinə qısa nəzər salan dövlətimizin başçısı bildirdi ki, 1993-cü ildə ölkəmizə sərmayə qoyuluşu ilə bağlı biz dost dövlətlərə müraciət etdik və həmin ölkələrin köməyi sayəsində Azərbaycan neft-qaz potensialından istifadə etməyə başladı. Bundan sonra neftdən gələn gəlirlər qeyri-neft sektorunun inkişafına yönəldildi.

Prezident İlham Əliyev müstəqilliyin ilk illərində ölkə iqtisadiyyatında özəl sektorun payının sıfır faiz olduğunu, lakin bu gün bu rəqəmin 85 faizə çatdığını dedi. Dövlətimizin başçısı bp və dünyanın digər nəhəng şirkətləri ilə səmərəli əməkdaşlıq sayəsində Azərbaycanın həyata keçirdiyi böyük layihələrin ölkənin inkişafındakı rolundan danışdı və əlavə etdi ki, əldə olunan gəlirlər insan kapitalına - gənclərə, təhsilə sərf edilir. Əlverişli coğrafi mövqeyə malik ölkəmizin hava, dəniz, dəmir yolu nəqliyyatına külli miqdarda sərmayələr qoyulur. Bütövlükdə bu layihələrin region ölkələri xalqlarının rifahına yönəldildiyini söyləyən Prezident İlham Əliyev Azərbaycanın regional əlaqələrə üstünlük verdiyini bir daha vurğuladı.

Monqolustanın xarici işlər naziri Luvsanvandan Bold Dünya İqtisadi Forumunun böyük əhəmiyyət kəsb etdiyini bildirdi. Ölkəsində iqtisadiyyatı şaxələndirmək məsələsinə toxunan Luvsanvandan Bold dedi ki, bu sahədə Azərbaycanın təcrübəsi təqdirəlayiqdir.

Litvanın Baş naziri Alqirdas Butkeviçius Forumun təşkilatçılarına minnətdarlığını bildirdi və müzakirə olunan mövzuların aktuallığına toxundu. Forumda iştirak etməkdən şərəf duyduğunu deyən Litvanın Baş naziri bildirdi ki, Azərbaycan bu tədbirə layiqincə ev sahibliyi edir.

Tədbirin yüksək səviyyədə təşkil olunmasına və qonaqpərvərliyə görə Prezident İlham Əliyevə minnətdarlıq edən Albaniyanın Baş naziri Sali Berişa yerləşdiyi bölgədə sabitlik olmasa da, Azərbaycanın mühüm regional layihələrə imza atmasına böyük ehtiram bəslədiyini vurğuladı.

Sali Berişa Azərbaycanın qlobal enerji təhlükəsizliyindəki mühüm rolundan da danışdı.

Dünya İqtisadi Forumunun idarə heyətinin üzvü və icraçı direktoru Borge Brende bildirdi ki, Forumda region ölkələrinin iqtisadiyyatı barədə çox mühüm məlumatlar səsləndi. Azərbaycan iqtisadiyyatının uğurlarından danışan Borge Brende dedi ki, bu, Prezident İlham Əliyevin siyasi liderliyi nəticəsində mümkün olmuşdur. O, Bakı Forumunun Cənubi Qafqaz və Mərkəzi Asiya regionları ölkələrinin iqtisadiyyatının çiçəklənməsinə töhfə verəcəyinə əminliyini ifadə etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti