Azərbaycan, Bakı, 10 aprel /Trend/
Azərbaycanın Cənubi Afrika Respublikasındakı (CAR) səfiri Elxan Poluxov bu ölkənin daxili işlər naziri xanım Qreys Naledi Mandisa Pandor ilə görüşüb.
Azərbaycanın CAR-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycanda gedən siyasi və iqtisadi proseslər haqqında ətraflı məlumat verilib, Azərbaycan və CAR arasında ikitərəfli əlaqələr, əməkdaşlıq sahələri, təcrübə mübadiləsi, Azərbaycanda müvafiq nazirliklər arasında əməkdaşlıq üçün hüquqi sənədlərin hazırlanması və imzalanması məsələləri müzakirə edilib.
Həmçinin, görüş zamanı səfir həmsöhbətinə diplomatik və xidməti pasport sahibləri üçün iki ölkə arasında gediş-gəlişi asanlaşdırmaq məqsədilə vizaların ləğvini təklif edib və cavab olaraq xanım Pandor bunun çox müsbət hal olacağına inandığını və yaxın zamanda səfirliyə mövzu ilə əlaqədar məlumat verəcəyini bildirib.
Daha sonra nazirə regionda baş verən siyasi proseslər və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair ətraflı məlumat verilib.
Görüşün sonunda Poluxov naziri Azərbaycan səfər etməyə dəvət edib.