...

Azərbaycan veteranları İlham Əliyevin prezidentliyə namizədliyini dəstəklədilər (FOTO)

Siyasət Materials 11 Aprel 2013 14:48 (UTC +04:00)
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının V qurultayı keçirilib.
Azərbaycan veteranları İlham Əliyevin prezidentliyə namizədliyini dəstəklədilər (FOTO)

Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının V qurultayı keçirilib.

Trend-in məlumatına görə, qurultayda hesabat çıxışı zamanı Şura sədrinin birinci müavini Surxay Tağızadə bildirib ki, bu gün Azərbaycan dövləti tərəfindən veteranlara xüsusi qayğı mövcuddur.

"Azərbaycan veteranları Prezident İlham Əliyevin ətrafında sıx birləşərək onun sımasında öz gələcəklərinə böyük ümid və inamla baxırlar. Bunu qurultaydan əvvəl veteranlar təşkilatı fəallarının, ayrı-ayrı veteranların bizə etdikləri müraciətlərdən görürük. Onlar xahiş edirlər ki, qurultay qarşıdan gələn prezident seçkilərində cənab İlham Əliyevin namizədliyini irəli sürsün və onlar yekdilliklə İlham Əliyevə səs verəcəklər", - Tağızadə hesabat çıxışında deyib.

Tağızadə ölkəmizin bugünkü inkişafında Prezident İlham Əliyevin əvəzedilməz xidmətlərini, onun başladığı xeyirxah işlərin davam etdirilməsinin zəruriliyini, respublikanın qarşısında duran taleyüklü məsələlərin həllinin vacibliyini və veteranların istəklərini nəzərə alaraq, Veteranlar Şurasının Bürosunda qarşıdan gələn prezident seçkilərində cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsini qurultaya təklif edib.

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev Şuranın fəaliyyətini yüksək qiymətləndirərək deyib ki, veteranlarımız Azərbaycanın dövlət müstəqilliyinin qorunması, xalqın rifah halının yaxşılaşması, eləcə də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına öz töhfələrini veriblər.

"Azərbaycan veteranları faşizm üzərində qələbəyə nail olmaqda, ölkədə müstəqilliyin qurulmasında yaxından iştirak ediblər. İstər Sovet dövründə, istərsə də müstəqillik illərində veteranlar ölkənin bütün sahələrində fəallıq nümayiş etdiriblər. Veteranların vətən və dövlətçiliklə bağlı fikirləri həmişə önəmli olub. Veteranlar təşkilatı Ermənistanın təcavüzünün aradan qaldırılması istiqamətində həmişə öz mövqeyini ortaya qoyub. Mən hesab edirəm ki, bu mövqenin böyük təsiri olub. Dövlət veteranların əməyinə böyük qiymət verib. Dövlətin veteran siyasəti bizim hökumətin həyata keçirdiyi siyasətin prioritet istiqamətlərdən birini təşkil edib. 9 May - Qələbə Gününün qeyd edilməsi və bu ənənənin qorunub saxlanması hər bir veteranın ürəyincədir və bu ənənə davam etdiriləcək. Veteranlar bundan sonra da öz vətəndaşlıq, dövlətçilik mövqeyi ilə ölkədə aparılan siyasətə dəstək verəcəklər", - Mehdiyev çıxışında bildirib.

Sonra Veteranlar Şurasının rayon təşkilatları sədrlərinin çıxışları dinlənilib.

Tədbirin sonunda Veteranlar Şurası adından Prezident İlham Əliyevə müraciət qəbul edilib. Müraciətdə qeyd olunub ki, veteranlar İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləyirlər.

"Azərbaycan veteranları onlara göstərdiyiniz böyük qayğıya cavab olaraq bundan sonra da veteran hərəkatının, gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinə diqqəti artıracaqlar. Bununla bərabər, Azərbaycanın qarşısında duran taleyüklü məsələləri - ölkəmizin gələcək inkişafı, xalqımızın rifahı, Dağlıq Qarabağ probleminin tezliklə həll olunması ilə yanaşı, dünyada təhlükəsizliyin və sülhün təmin edilməsi istiqamətində Sizin ölkədə özünü doğrultmuş, xalqımız tərəfindən dəstəklənən siyasətinizin davam etdirilməsini vacib bilirik. Biz qurultay iştirakçıları və nümayəndələri olaraq, prezident seçkilərində Sizin namizədliyinizi irəli sürürük", - müraciətdə qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti