...

Əli Əhmədov: Azərbaycan heç bir halda özünün dövlət və milli maraqlarını beynəlxalq təşkilatların arzularına qurban vermək niyyətində deyil (MÜSAHİBƏ)

Siyasət Materials 12 Aprel 2013 16:16 (UTC +04:00)
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin müavini - icra katibi, deputat Əli Əhmədovun ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı Trend-ə müsahibəsi
Əli Əhmədov: Azərbaycan heç bir halda özünün dövlət və milli maraqlarını beynəlxalq təşkilatların arzularına qurban vermək niyyətində deyil (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir E.Mehdiyev/

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin müavini - icra katibi, deputat Əli Əhmədovun ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı Trend-ə müsahibəsi

- YAP-ın prezident seçkilərinə hazırlığı necə gedir? Hakim partiya seçkidə təbligat kampaniyasında yeni metodlardan istifadə edəcəkmi?

- Ümumiyyətlə, hər bir partiyanın seçki taktikası partiyanın gözlənilən seçkidə proqnozlaşdırılan perspektivləri ilə bilavasitə əlaqədardır. Biz Yeni Azərbaycan Partiyası olaraq birmənalı şəkildə hesab edirik ki, qarşıdan gələn prezident seçkilərində Yeni Azərbaycan Partiyasını böyük uğur və qələbə gözləyir. Bunun da ən əsas səbəbi qarşıdan gələn prezident seçkilərində partiyanın sədri və Azərbaycanın Prezidenti İlham Əliyevin namizədliyinin irəli sürülməsi ilə əlaqədardır. Bizim bütün müşahidələrimiz, təhlillərimiz, Azərbaycan cəmiyyətinin mövcud əhval-ruhiyyəsinin dəyərləndirilməsi ondan xəbər verir ki, Azərbaycan xalqının böyük əksəriyyəti qarşıdan gələn prezident seçkilərində İlham Əliyevin namizədliyinin irəli sürülməsini birmənalı şəkildə dəstəkləyir. Prinsip etibarilə insanlar rasional düşünməyə meyillidirlər və İlham Əliyevin namzədliyinin insanlarımızın mütləq əksəriyyəti tərəfindən dəstəklənməsi məhz elə bu rasional düşüncənin təzahürüdür, ifadəsidir. Ona görə ki, 10 ilə yaxın müddət ərzində İlham Əliyevin rəhbərliyi altında Azərbaycan əhəmiyyətli dərəcədə dəyişib. Böyük iqtisadi sıçrayış əldə edilib, Azərbaycan qüdrətli bir dövlətə çevrilib, dünya birliyində Azərbaycanın mövqeləri möhkəmlənib, bu gün Azərbaycan dünyada hörmət sahibi olan bir dövlət kimi qəbul olunur.

Digər bir tərəfdən, bu illər ərzində Azərbaycanda insanların həyatının yeni keyfiyyəti formalaşıb, həyatın tamamilə yeni bir keyfiyyəti meydana gəlib. Mən bunun üç əsas sütununu demək istərdim. Birincisi, insanlarımızın rifahı əhəmiyyətli dərəcədə yaxşılaşıb. İkincisi, Azərbaycanda Prezident İlham Əliyevin siyasəti sayəsində həyata keçirilən yeniləşmə, müasirləşmə konsepsiyasıdır ki, bunun nəticəsində də Azərbaycan tamamilə yeni bir görkəm alıb, Azərbaycanın paytaxtı Bakı şəhəri, regionlar, ayrı-ayrı yaşayış məskənləri, şəhərlər, qəsəbələr tamamilə yeni bir görkəm alıb və beləliklə də Azərbaycan vətəndaşları yeni bir mühitdə, mədəni və məişət mühitində yaşayıblar ki, bu da Azərbaycanda insanlarımızın həyatının yeni keyfiyyətinin qərar tutduğu ikinci bir sütun kimi qiymətləndirilir. Və nəhayət, sabitlik, əmin-amanlıq, dinclik, rahatlıq, insanların təhlükəsizliyinin təmin edilməsi də haqqında danışdığımız həyatın yeni keyfiyyətinin üçüncü bir dayağıdır. Beləliklə, bu üç əzəmətli dayaq üzərində həyatın yeni bir keyfiyyəti formalaşıb. Azərbaycan vətəndaşları bunu çox gözəl dərk edirlər, qiymətləndirirlər, eyni zamanda, bütün bu dəyişikliklər gələcəkdə Prezident İlham Əliyevin rəhbərliyi altında daha böyük uğurların və nailiyyətlərin qazanılacağına ümidləri daha da gücləndirir. Bu rasional düşüncə Prezident İlham Əliyevin namizədliyinin dəstəklənməsində özünün ifadəsini tapır. Bu mənada Yeni Azərbaycan Partiyası özünün seçki taktikasını qurarkən Prezident İlham Əliyevin namizədliyinin insanlarımız tərəfindən qətiyyətlə dəstəklənməsi məntiqindən, reallığından çıxış edir.

Bu mənada qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının bütövlükdə seçki taktikası ciddi, əsaslı inam üzərində qurulub desəm, hesab edirəm ki, gercəkliyi və bizim öz üzərimizə götürdüyümüz vəzifənin öhdəsindən gələcəyimizə inamımızı ifadə etmiş olarıq. O ki qaldı, yeni texnologiyalar, Yeni Azərbaycan Partiyasının seçki kampaniyasının keçirilməsi ilə əlaqədar proqram məsələsinə, ayrıca vurğulamaq istəyirəm ki, bütövlükdə Yeni Azərbaycan Partiyasının böyük, zəngin seçki təcrübəsi var, dəfələrlə ölkəmizdə keçirilən prezident, parlament seçkilərində Yeni Azərbaycan Partiyası yeni texnologiyalardan faydalanıb və biz bunun qələbələrimizin əldə olunmasında xeyrini görmüşük. Təbiidir ki, bizim məhz bu yeni texnologiyalara istinad etməyimiz əhəmiyyətli rol oynayıb. Qeyd etmək istəyirəm ki, 2013-cü ilin prezident seçkiləri kampaniyası istisna olmayacaq. Yeni Azərbaycan Partiyasının çox əhatəli, insanlarımızın İlham Əliyevin gələcək fəaliyyətinin Azərbaycanın daha böyük inkişafına gətirib çıxaracağına inamını gücləndirən proqramı formalaşır, hazırlanır və günam edirəm ki, bu proqram Azərbaycan vətəndaşları tərəfindən ciddi şəkildə dəstəklənəcək. Seçki yeniliklərindən istifadə olunacaq. Əmin etmək istəyirəm ki, Yeni Azərbaycan Partiyası həmişə olduğu kimi 2013-cü ilin seçki kampaniyasını da məzmunlu, maraqlı təşkil edəcək və kifayət qədər yeniliklərin şahidi olacağıq.

"Azərbaycanın müxalifət partiyalarında dialoq haqqında boş-boş, mənası olmayan söz-söhbətlər etməkdən kənara çıxa biləcək real, praktik addımlar atılmayıb"

- Yeni Azərbaycan Partiyası dəfələrlə dialoqa hazır olduğunu bəyan etsə də, nədənsə müxalifət yenə də dialoq deyir və hakim partiyanın çağırışlarını qəbul etmir. Sizcə, müxalifət dialoq deyəndə nəyi nəzərdə tutur?

- Yeni Azərbaycan Partiyası Azərbaycanda milli maraqlarımıza uyğun şəkildə fəaliyyət göstərən istənilən siyasi təşkilatla aktual problemlərin müzakirə edilməsinə, "dəyirmi masa"ların keçirilməsinə həmişə hazır olub və bu gün də hazırdır. Amma çox təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, Azərbaycanın müxalifət partiyalarında dialoq haqqında boş-boş, mənası olmayan söz-söhbətlər etməkdən kənara çıxa biləcək real, praktik addımlar atılmayıb. Yeni Azərbaycan Partiyası ilə müxalifət partiyalarının dialoq məsələsinə yanaşmasında ciddi fərqlərdən biri bundan ibarətdir. Bir neçə il bundan əvvəl Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə müxalifət partiyalarının bir neçəsi ilə "dəyirmi masa"lar keçirilib və bu "dəyirmi masa"lar Yeni Azərbaycan Partiyasının qərargahında baş tutub. Yəni biz dialoq məsələsi haqqında sadəcə danışmaqla kifayətlənmirik, real addımlar atmağı bacarırıq. Müxalifətə gəldikdə isə, müxalifət dialoq problematikasını sanki bir çəkişmə, didişmə predmetinə çevirib. Mən hesab edirəm ki, bütövlükdə dialoq probleminə və dialoq perspektivlərinə bundan da artıq dərəcədə ziyan vura biləcək bir praktikanı təsəvvür etmək mümkün deyil. Biz səhərdən axşama qədər dialoq, dialoq deyib, elə boş-boşuna söhbət etmək əvəzinə, ciddi şəkildə real nəticələri olan və təbiidir ki, faydalı bir işə xidmət edən, faydalı ideyalara xidmət edən danışıqların və yaxud fikir mübadiləsinin aparılmasının tərəfdarıyıq. Amma biz buna rasional şəkildə yanaşmağın tərəfdarıyıq. Sadəcə olaraq dialoq deyib, dialoq eşidib, dialoq danışa-danışa yatıb, dialoq danışa-danışa durmağın, obrazlı şəkildə desək, tərəfdarı deyilik, çünki bunun bir faydası yoxdur. Yeni Azərbaycan Partiyası dialoqa hazırdır, ancaq hesab edirəm ki, bu, rasional şəkildə düşünülmüş, faydalı olan siyasi partiyalar arasında anlaşmaya gətirib çıxara biləcək bir "dəyirmi masa" və yaxud toplantı şəklində keçirilə bilər. Onu da vurğulamaq istərdim ki, Yeni Azərbaycan Partiyası ilə dialoq haqqında danışan bu və ya digər siyasi partiyaların davranışında da, hərəkətlərində də bu dialoq mühitinin, atmosferinin yaranmasına kömək edəcək bir rasional yanaşma olmalıdır. Ancaq müxalifət partiyalarının davranışında biz bunu görmürük və müxalifət partiyalarının həm Yeni Azərbaycan Partiyasına, həm də bugünkü hakimiyyətə münasibətində özünü göstərən kifayət qədər aqressivlik dialoq ab-havasının yaranmasına ciddi maneçilik törədir. Bütün bunlara baxmayaraq, biz dialoqun, fikir mübadiləsinin aparılmasının tərəfdarıyıq. Ancaq həqiqət bundan ibarətdir ki, Azərbaycanda müxalifət amorf bir anlayışa çevrilib. Müxalifət dedikdə, yalnız fərqli düşünmək istəyən, reallıqları təhrif edən qeyri-müəyyən bir subyekt başa düşülür. Müasir anlamda müxalifətin parametrləri tamamilə fərqlidir. Digər bir tərəfdən, əlbəttə, Yeni Azərbaycan Partiyasının dialoqa yanaşmasında bu cəhət də xüsusi əhəmiyyət kəsb edir ki, biz dialoqu kimlə aparmalıyıq? Kimlə oturub fikir mübadiləsi aparmalıyıq? Hansı partiya və o partiyanın funksionerləri Azərbaycan cəmiyyətinin müəyyən bir kəsiminin maraqlarını ifadə edə biləcək etimada sahibdirlər? Bütün bunlar, əlbəttə, ciddi suallardır. Dialoq yalnız oturub söhbət etmək məqsədi daşıya bilməz. Dialoq o zaman aparılır və dialoqun tərəfləri kimi o qruplar çıxış edə bilər ki, onlar kiminsə adından danışmaq hüququna və səlahiyyətinə malik olsunlar. Təbiidir ki, Yeni Azərbaycan Partiyasının 600 min üzvü var, hakim partiyadır və təbiidir ki, Yeni Azərbaycan Partiyası hər hansı bir tərəflə dialoqa gedərkən cəmiyyətin ciddi bir kəsiminin mənafeyinin ifadəçisi kimi çıxış edir. Amma bizimlə söhbət etmək, dialoq aparmaq istəyən tərəflər kimlərin maraqlarını ifadə edir və onlar bu maraqları nə dərəcədə ifadə etmək səlahiyyətinə sahibdirlər? Bu məsələ isə diqqətdən kənarda qalıb. Müxalifət daxildən bir-biri ilə didişən, bir yerə toplaşa bilməyən və bu səbəbdən də az-çox cəmiyyət toplumunun marağını ifadə edən quruma çevrilə bilməyib. Reallıq bundan ibarətdir. Bu mənada, bir tərəfdən müxalifət real, ciddi qüvvə kimi çıxış edə bilmir, ikinci bir tərəfdən, ona ictimai etimad və dəstək həddən artıq zəif olduğundan onların dialoq haqqında çıxışları və yaxud dialoq aparmaq istək və niyyətləri də təbii ki, kifayət qədər zəif səslənir və bunun özü də dialoq mühitinin formalaşmasına müsbət təsir göstərmir.

- "Nida" gənclər təşkilatının üzvləri qanunsuz odlu silah və ya narkotik maddə gəzdirməkdə ittiham olunsalar da, deyirlər ki, bu, gənclərə qarşı təzyiq, hətta repressiya siyasətidir. Buna münasibətiniz?

- Azərbaycan müxalifətinin çox tez-tez istinad etdiyi taktikalardan biri də heç bir əsas olmadan Azərbaycan hakimiyyətinin guya onlara qarşı repressiyalar tətbiq etməsi haqqında uydurmalarıdır. Birmənalı şəkildə demək istəyirəm ki, Azərbaycanda repressiya mövcud deyil. Ən azından ona görə ki, Azərbaycan cəmiyyətinin böyük əksəriyyəti indiki Prezidenti, onun həyata keçirdiyi siyasəti birmənalı şəkildə dəstəkləyir və bugünkü hakimiyyətə alternativ ola biləcək və ciddi ictimai dəstək qazana biləcək və yaxud qazanmış elə bir qüvvə yoxdur ki, Azərbaycan iqtidarı narahat olsun və bu narahatlığın əsasında da kimlərəsə qarşı təzyiq və yaxud onların dediyi ifadədən istifadə etsək, repressiyalara əl atsın. Bu, uydurmalardan başqa bir şey deyil və bu uydurmaların da kökündə dayanan məntiq ona gətirib çıxarır ki, Azərbaycanda müxtəlif siyasi iddialar ortaya qoymuş qruplar, müxalifətçilər ciddi ictimai dəstək əldə edə bilmədiklərindən günahı özlərində görmək əvəzinə, iqtidarın üzərinə yıxmağa çalışırlar ki, guya Azərbaycan iqtidarı onların sərbəst şəkildə siyasi fəaliyyət göstərməsi üçün əngəllər törədir və hətta repressiyalara yol verir. Eyni sözləri mən "Nida" gənclər təşkilatı ilə əlaqədar demək istərdim. Bildiyiniz kimi, bu təşkilatın köməyi ilə və yaxud icraçılar bu təşkilatdan olmaqla, digərlərinin təhrikləri ilə Azərbaycanda bir neçə dəfə qanunsuz küçə aksiyalarının keçirilməsinə cəhdlər göstərilib. Bu küçə aksiyalarının iştirakçılarının sayı o qədər az olub ki, bütövlükdə Azərbaycandakı ictimai-siyasi həyatın normal axarına nəinki təsir etmək gücündə olmayıb, bu aksiyalar heç insanlar tərəfindən hiss olunacaq dərəcədə də effektli olmayıb. Belə olan halda, o gənclərə qarşı təzyiqlərin tətbiq edilməsi haqqında səsləndirilən fikirlər cəfəngiyatdan başqa bir şey deyil. Digər bir tərəfdən, təbiidir ki, istənilən hüquqi dövlətdə hər bir vətəndaşın hərəkətinə qanunlar çərçivəsində qiymət verilir və qanunun pozulmasına gətirib çıxaran hərəkətlər də qanun müstəvisində nəzərdən keçirilir. Qanunun kimin tərəfindən pozulmasından asılı olmayaraq, qanun hamıya eyni dərəcədə şamil edilir. Əgər kimsə silah gəzdiribsə və yaxud ictimai asayişi pozmaq istəyibsə, lap elə qanunsuz aksiyalar keçirmək fikrinə düşübsə, qanunun tələblərinə uyğun şəkildə müvafiq məhdudlaşdırıcı tədbirlərin görülməsi tamamilə normal haldır, normal praktikadır. Azərbaycanda da belə edilir, dunyanın digər yerlərində də, belə deyək, dünyaya demokratiya nümunəsi göstərən ölkələrdə də belə edilir. Qanun pozulursa, əlbəttə ki, qanunu pozanlar qanunun özünün müəyyənləşdirdiyi formada sanksiyalarla üzləşməlidirlər. Azərbaycan da istisna deyil, Azərbaycan da hüququn aliliyinə söykənən bir dövlət kimi bu addımları atır və təbii ki, bundan sonra da belə olacaq. Dövlətin ən vacib vəzifələrindən biri sabitliyi, əmin-amanlığı, hər bir vətəndaşın təhlükəsizliyini təmin etməkdən ibarətdir. Əgər kimsə sabitliyin, əmin-amanlığın, insanların təhlükəsizliyinin pozulmasına gətirib çıxara biləcək hərəkətə yol verirsə, o, qanun qarşısında cavabdeh olur və ona qarşı sanksiyalar tətbiq edilir. Siyasi fəaliyyətlə məşğul olmaq qanunların pozulması üçün əsas yaratmır və qanunun pozulmasına görə sanksiyaların tətbiq edilməsinin də siyasi repressiyalar və ümumiyyətlə, repressiya kimi dəyərləndirilməsi ədalətdən kənar bir yanaşmadır.

"Rüstəm İbrahimbəyov Qarabağın Azərbaycana məxsus olması fikrinin üzərinə kölgə salmağa çalışır"

- Özünü Ziyalılar Forumu adlandıran bir qurumda ermənipərəsət çıxışlar artıq intensiv xarakter alıb. Əkrəm Əylislidən sonra Rüstəm İbrahimbəyov da ermənipərəst çıxış etdi. Belə bir fikir var ki, Ziyalılar Forumu xarici qüvvələr tərəfindən idarə olunur. Siz bununla bağlı nə düşünürsünüz?

- Əlbəttə, Azərbaycan cəmiyyətində bu fikirlər aktiv şəkildə yayılmaqdadır. Yəqin ki, belə bir fikrin ictimai rəydə dərin kök salmasının səbəblərindən biri də Ziyalılar Forumu deyilən qurumda fəallıq göstərən iki nəfərin açıq-aydın ermənipərəst bəyanatlar verməsi, ermənipərəst mövqedə dayanması ilə bağlıdır. Əkrəm Əylisli ilə bağlı hər şey aydındır və güman edirəm ki, Azərbaycan cəmiyyəti ona öz mövqeyini tamamilə açıq şəkildə ifadə edib. Rüstəm İbrahimbəyova gəldikdə isə, onun bir neçə gün bundan əvvəl "Rosbalt" informasiya agentliyinə verdiyi bəyanat kifayət qədər sürüşkən bir mövqenin ifadəsidir. Bu bəyanatda Rüstəm İbrahimbəyov Qarabağın Azərbaycana məxsus olması fikrinin üzərinə kölgə salmağa çalışır. Mən təsəvvür etmirəm ki, azərbaycanlı olan hər hansı bir insan Qarabağın Azərbaycan torpağı olduğunu şübhə altına alsın. Amma Rüstəm İbrahimbəyovun günahı tək ondan ibarət deyil ki, o öz qəlbində, düşüncələrində şübhələnir ki, Qarabağ mübahisəli bir zonadır. Əksinə, o, erməni mövqeyinə yuvarlanır və beləliklə, əslində ermənilərin mövqelərini gücləndirmiş olur. Əslində o, erməni mövqeyinin güclənməsinə xidmət edən bir bəyanat səsləndirib və hesab edirəm ki, erməni tərəfi də Azərbaycan torpaqlarının işğal altında saxlanılmasına yönəlmiş hərəkətlərinin bundan sonra da davam etdirilməsində Rüstəm İbrahimbəyovun səsləndirdiyi fikirlərə istinad edəcək, ondan istifadə edəcək, necə ki, onlar Əkrəm Əylislinin yazdığı kitabdan artıq çox bacarıqla istifadə edirlər. Eləcə də Rüstəm İbrahimbəyovun Qarabağın Azərbaycana məxsus olduğunu şübhə altına alan fikrindən istifadə edəcəklər. Hesab edirəm ki, bu, Rüstəm İbrahimbəyovun Azərbaycanın milli maraqlarına ciddi zərbə vurmaqdan ibarət olan çox təhlükəli bəyanatıdır və eyni zamanda görünür ki, bu, Rüstəm İbrahimbəyovun mövqeyidir. Əks halda o, tamamilə başqa bir fikir səsləndirməli idi. Bu mənada, çox təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, Ziyalılar Forumunda cəmləşənlər Azərbaycanın maraqlarına zərər vurmaq silsilələrini davam etdirirlər. Əkrəm Əylisli, onun ardınca Rüstəm İbrahimbəyov. Təəssüf hissi ilə qeyd edirəm ki, Azərbaycan ziyalısı adını daşıyan bir neçə adamın yığışıb yaratdığı Ziyalılar Forumunda bu cür düşünən, Azərbaycanın maraqlarına bu cür münasibət nümayiş etdirən insanlar cəmləşib. Təbiidir ki, buna görə də Azərbaycan cəmiyyətində onların kənardan idarə olunması, kənar maraqlara xidmət etməsi haqqında fikirlər formalaşıb. Mən hesab edirəm ki, birincisi, belə fikirlərin formalaşması təsadüfi deyil, ikincisi, çox ciddi əsaslara söykənir. Qeyd etmək istəyirəm ki, ümumiyyətlə, nəyin bahasına olursa-olsun, hakimiyyəti, iqtidarı tənqid etmək və yaxud ona qarşı çıxmaq praktikası nəticə etibarilə çox ciddi səhvlərə gətirib çıxarır. Bəzi hallarda isə bu səhvlər xəyanət formasını alır. İndi biz onların elementlərini və təzahürlərini açıq şəkildə görməkdəyik. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bu cür səhvlər və özündə xəyanət elementlərini birləşdirən hərəkətlər ziyalı adını daşıyan insanların yaratdığı forumun üzvləri tərəfindən edilir.

- Belə fikirlər var ki, bir sıra beynəlxalq təşkilatlar Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq üçün maliyyə yatırırlar. Nəzərə alsaq ki, qarşıdan prezident seçkiləri gəlir, təbii ki, bu cür təşkilatlar daha da aktivləşəcək. Siz necə düşünürsünüz, bu cür təşkilatlara mesajınız nə olardı?

- Əvvəla, onu qeyd etmək istəyirəm ki, hər kəs öz taleyinin sahibi olmağı bacarmalı olduğu kimi, hər bir millət və xalq da öz taleyinin sahibi olmağı bacarmalıdır. Azərbaycan xalqı müstəqil yaşamaq, həyatını dəyişmək, inkişaf etmək istəyirsə, müstəsna şəkildə özü öz taleyinin sahibi olmalıdır. Əlbəttə, Azərbaycan dünya birliyinin üzvüdür, Azərbaycan çox sürətlə dünya birliyinə bütün parametrlər üzrə inteqrasiya edir və bu inteqrasiya da kifayət qədər uğurludur. Eyni zamanda, Azərbaycan dünya birliyinin vacib təsisatları olan beynəlxalq təşkilatlarla da səmərəli əməkdaşlıq edir. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatında fəaliyyəti, Azərbaycan hökumətinin Avropa İttifaqı və digər beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığı Azərbaycanın dünya birliyinə sürətlə və səmərəli şəkildə inteqrasiya etmək niyyətini çox ciddi şəkildə qarşıya qoyduğundan xəbər verir. Eyni zamanda, biz beynəlxalq təşkilatlarla əməkdaşlıq edərkən hər şeydən əvvəl milli maraqlarımızın qorunması mövqeyindən çıxış etməliyik. Birincisi, milli maraqları ayaq altına ataraq və yaxud kifayət qədər qorumayaraq beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq etmək mümkün deyil, ikincisi isə bu əməkdaşlıqdan Azərbaycan xalqına və dövlətinə hər hansı bir fayda gəlməyəcək. Beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək milli maraqlardan geriyə çəkilmək deyil. Heç bir halda heç bir dövlət, heç bir xalq milli maraqlarını unutmaq və milli maraqlarından geri çəkilmək hesabına beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək istəməz və bu əməkdaşlıqdan hər hansı bir fayda götürə bilməz. Bu mənada, Azərbaycan həm beynəlxalq təşkilatlarla faydalı əməkdaşlıq etmək istəyir, digər bir tərəfdən, təbiidir ki, biz ilk növbədə və hər şeydən əvvəl milli maraqlarımızın, dövlətçilik maraqlarımızın qorunması haqqında düşünürük və bunu da qoruyuruq. Ayrı-ayrı beynəlxalq təşkilatlar Azərbaycanı tənqid edirlərsə, bu onların öz yanaşmaları ola bilər. Burada hər hansı bir səthi təhlil nəticəsində tənqidlərin yer alması da mümkündür və yaxud Azərbaycanın reallıqlarının məqsədli şəkildə təhrif edildiyi tənqidlər də mümündfür. Biz buna tamamilə normal yanaşırıq. Harada tənqidlər üçün əsaslar olursa, həmin tənqidlərin aradan qaldırılması üçün lazımi addımlar atılır. Haradasa tənqidlər qərəzli xarakter daşıyır və Azərbaycanın maraqlarına zərbə vurmaq məqsədi güdürsə, təbiidir ki, biz həmin tənqidləri qəbul etmirik və Azərbaycanın reallıqlarını qoruduğumuzu açıq şəkildə ifadə edirik. Azərbaycanda fəaliyyət göstərən istənilən beynəlxalq təşkilat Azərbaycanın dövlətçilik maraqlarına hörmətlə yanaşmağı bacarmalıdır. Azərbaycanın dövlət maraqlarına qarşı çıxan, Azərbaycanda tamam başqa niyyətlərin həyata keçirilməsi istiqamətində səylər göstərən beynəlxalq təşkilatlara isə təbiidir ki, öz iradlarımızı bildirməkdən çəkinməməliyik. Hər bir dövlətin bu günü, gələcəyi dövlətin öz maraqlarını qorumasından asılıdır. Əgər dövlət öz milli maraqlarını, millətini, xalqını qoruya bilirsə, o öz gələcəyini təmin etmiş olacaq. Beynəlxalq təşkilatların marağı və istəkləri Azərbaycanın dövlət və milli maraqlarından üstün ola bilməz. Ona görə də biz əməkdaşlıq niyyətimizi bir daha ifadə etməklə yanaşı, eyni zamanda hesab edirik ki, Azərbaycan heç bir halda özünün dövlət və milli maraqlarını ayrı-ayrı beynəlxalq təşkilatların istək və arzularına qurban vermək niyyətində deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti