...

Prezident İlham Əliyev: Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu dünyada aparıcı ali məktəblərdən biridir (FOTO)

Siyasət Materials 12 Aprel 2013 18:01 (UTC +04:00)
MDBMİ-nin məzunlarını Bakıda salamlayan Prezident İlham Əliyev “Birlikdə gələcəyə doğru” devizi altında keçirilən bu forumun Bakıda keçirilməsini mühüm tarixi hadisə adlandırdı, onun dostluq şəraitində keçəcəyinə və heç vaxt unudulmayacağına əminliyini bildirdi.
Prezident İlham Əliyev: Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu dünyada aparıcı ali məktəblərdən biridir (FOTO)

Azərbaycan, Bakı, 12 aprel /Trend/

Aprelin 12-də Bakıda Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MDBMİ) məzunlarının I Ümumdünya Forumu keçirilmişdir.

Forumda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak etmişlər.

MDBMİ-nin məzunlarını Bakıda salamlayan Prezident İlham Əliyev "Birlikdə gələcəyə doğru" devizi altında keçirilən bu forumun Bakıda keçirilməsini mühüm tarixi hadisə adlandırdı, onun dostluq şəraitində keçəcəyinə və heç vaxt unudulmayacağına əminliyini bildirdi.

Dövlətimizin başçısı dedi: "Bu gün MDBMİ-nin məzunları dünyanın əksər ölkələrində məsul vəzifələr tutur, çox mühüm məsələləri həll edirlər. Əlbəttə ki, bu gün Bakıda keçirilən tədbir bizim təmsil etdiyimiz ölkələrin daha da yaxınlaşmasına təkan verir. Mənim həyatımın 15 ili MDBMİ ilə bağlıdır. Əvvəlcə təhsil, sonra aspirantura və iş. Bunlar unudulmaz illər idi. Yəqin ki, hər kəs üçün gənclik, yetkinlik illəri həyatın ən yaxşı dövrüdür. Mənim də MDBMİ-də aldığım bilik və təcrübə, tam səmimiyyətlə və mübaliğəsiz deyim ki, mənə işimdə kömək edir".

MDBMİ-nin böyük ənənələrinin bu gün də yaşadığını vurğulayan Azərbaycan Prezidenti İlham Əliyev bu işdə əməyi olan insanlara - müəllimlərə təşəkkürünü bildirdi. Bu mötəbər tədbirdə MDBMİ-nin sabiq rektoru Nikolay Lebedevin və hazırkı rektoru Anatoli Torkunovun iştirak etdiyini qeyd edən dövlətimizin başçısı vurğuladı ki, məhz belə şəxslərin xidmətləri sayəsində MDBMİ dünyada tanınmış nüfuzlu ali məktəbə çevrilmişdir.

"Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu bu gün dünyada xarici əlaqələr sahəsində təhsil verən aparıcı ali məktəblərdən biridir", - deyən Azərbaycan Prezidenti hazırda institutun məzunlarının dünyanın bir çox yerlərində uğurla fəaliyyət göstərdiklərini diqqətə çatdırdı.

Prezident İlham Əliyev son illərdə Azərbaycanda gedən proseslər barədə danışdı, müstəqilliyin ilk illərinin ölkəmizin həyatında xaos, böhran, vətəndaş qarşıdurması, iqtisadi tənəzzül dövrü kimi qaldığını bildirdi. Bu vəziyyətdən Azərbaycanın yalnız xalqımızın ümummilli lideri Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra çıxdığını deyən dövlətimizin başçısı son 10 ildə ölkəmizin qazandığı uğurlar barədə də Forumun iştirakçılarına məlumat verdi.

Azərbaycan Prezidenti bildirdi ki, bu illərdə ölkəmizin iqtisadiyyatı üç dəfə artmışdır. Sənaye, kənd təsərrüfatı sahələrində böyük nəticələr əldə olunmuşdur. Ölkəmiz iqtisadi inkişafına görə dünyada lider dövlətə çevrilmişdir.

Hazırda iqtisadiyyatın şaxələndirilməsi və neftdən asılılığın azaldılması istiqamətində tədbirlərin görüldüyünü deyən Prezident İlham Əliyev cari ilin fevralında peykini orbitə buraxan Azərbaycanın artıq Kosmik Klubun üzvünə çevrildiyini, İKT və turizmin inkişafı ilə bağlı ölkədə tədbirlərin həyata keçirildiyini bildirdi. Dövlətimizin başçısı qeyd etdi ki, bu uğurları beynəlxalq reytinq agentlikləri də təsdiqləyirlər. Dünya İqtisadi Forumunun hesabatına görə, Azərbaycan iqtisadi inkişafına görə 46-cı, MDB məkanında isə birinci yerdədir.

Prezident İlham Əliyev Azərbaycanın xarici siyasət sahəsində ciddi uğurların olduğunu, tərəfdaşlarla əlaqələrin möhkəmləndiyini vurğuladı. Dövlətimizin başçısı dedi ki, 155 ölkənin səsini alaraq BMT Təhlükəsizlik Şurasının üzvü olan Azərbaycan bu gün qlobal miqyasda beynəlxalq məsələlərdə fəallıq göstərir.

Ölkəmizin müstəqil siyasi xəttinin olduğunu qeyd edən Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına da üzv olduğunu, bu hadisənin xarici siyasətimizin qlobal miqyasda mühüm elementə çevrildiyini diqqətə çatdırdı.

Çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan dövlətimizin başçısı bildirdi ki, Azərbaycanın ərazi bütövlüyü dünya birliyi tərəfindən tanınır və məsələ yalnız beynəlxalq hüququn normaları, o cümlədən beynəlxalq təşkilatların qərar və qətnamələri çərçivəsində həll olunmalıdır. Prezident İlham Əliyev vurğuladı ki, hazırda BMT Təhlükəsizlik Şurasının bəzi ölkələrlə bağlı qərarların bir neçə saat ərzində yerinə yetirilməsinə baxmayaraq, bu təşkilatın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair dörd qətnaməsi 20 ildir ki, icra olunmur.

Sonda Azərbaycan Prezidenti bir daha MDBMİ-nin Bakıda toplaşan məzunlarının I Ümumdünya Forumunun işinə uğurlar arzuladı.

MDBMİ-nin rektoru, Rusiya Elmlər Akademiyasının akademiki Anatoli Torkunov Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin forumun iştirakçılarına təbrik məktubunu oxudu.

Çıxışında Anatoli Torkunov rəhbərlik etdiyi ali təhsil ocağının tarixi, keçdiyi inkişaf yolu barədə məlumat verdi və tarixən formalaşan ənənələrin institutun mövcud olduğu 70 illik dövr ərzində davam etdiyini vurğuladı.

Bu gün MDBMİ-ni bitirənlərin bir çox ölkələrdə də uğurla fəaliyyət göstərdiyini deyən Anatoli Torkunov bu foruma dünyanın 32 ölkəsindən məzunların gəldiyini diqqətə çatdırdı. İnstitut xarici dillərin tədrisinin sayına görə Ginnesin Rekordlar Kitabına düşmüşdür. MDBMİ-nin dünya təhsil reytinqində yüksək yerlərdə dayandığını deyən rektor bu yüksək səviyyəli tədbirim təşkilinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi.

Rossotrudniçestvonun rəhbəri, MDB işləri üzrə Rusiya Federasiyası Prezidentinin xüsusi nümayəndəsi, MDBMİ-nin Qəyyumluq Şurasının üzvü Konstantin Kosaçev MDBMİ-nin məzunu, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun təbrik məktubunu oxudu.

Konstantin Kosaçev MDBMİ-nin məzunlarının Bakıda toplaşmasını sevindirici hadisə adlandıraraq, forumun təşkilinə görə minnətdarlığını bildirdi.

Sonra MDBMİ-nin himni ifa olundu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti