...

Aprel-may aylarında Azərbaycanda bir sıra silah-sursat istehsalı mərkəzləri açılacaq

Siyasət Materials 16 Aprel 2013 00:04 (UTC +04:00)
2013-cü ilin ilk rübü də Müdafiə Sənayesi Nazirliyi üçün uğurlu olmuşdur. Nazirliyin müəssisələrində ümumilikdə 37,3 milyon manatlıq məhsul istehsal edilmişdir.
Aprel-may aylarında Azərbaycanda bir sıra silah-sursat istehsalı mərkəzləri açılacaq

Azərbaycan, Bakı, 15 aprel /Trend/

2013-cü ilin ilk rübü də Müdafiə Sənayesi Nazirliyi üçün uğurlu olmuşdur. Nazirliyin müəssisələrində ümumilikdə 37,3 milyon manatlıq məhsul istehsal edilmişdir. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,9 dəfə artım deməkdir. İstehsal olunan məhsulların tərkibində müdafiə təyinatlı məmulatların xüsusi çəkisi 84,2 faiz təşkil etmişdir. Trend-in məlumatına görə, bunu aprelin 14-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxışı zamanı müdafiə sənayesi naziri Yavər Camalov bildirib.

"2013-cü ildə Müdafiə Nazirliyi və digər güc strukturları tərəfindən müdafiə təyinatlı məmulatların istehsalı üzrə 450 milyon manatdan çox sifariş verilmişdir. Birinci rübdə artıq 95,7 milyon manat məbləğində müqavilə bağlanmışdır. Müqavilələrin tam həcmdə yerinə yetirilməsi üçün ciddi tədbirlər görülür. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində hesabat rübündə təhvil verilmiş məmulatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,6 dəfə, çeşidlərin sayı isə 3,8 dəfə artmışdır", deyə Camalov çıxışında deyib.

Nazirin sözlərinə görə, ölkədə həyata keçirilən irimiqyaslı infrastruktur layihələr nəticəsində iqtisadiyyatın davamlı inkişafı təmin edilmişdir. Bütünlükdə sənayenin inkişafı ilə yanaşı, Sizin sahəyə göstərdiyiniz xüsusi diqqət və qayğı nəticəsində hər il Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində də yeni istehsal sahələrinin qurulub istifadəyə verilməsi ənənəyə çevrilmişdir.

"Cari ildə də yeni istehsal sahələrindən: müxtəlif çaplı döyüş sursatlarının istehsalı mərkəzi, döyüş sursatlarının utilizasiyası mərkəzi, kiçik çaplı döyüş sursatları üçün nəzarət sınaq mərkəzi, müxtəlif növ minaların və aviasiya bombalarının doldurma mərkəzi və alışdırıcı kapsulların istehsalı mərkəzlərinin açılışları aprel-may aylarında nəzərdə tutulur. Bütün bunlar onu göstərir ki, Sizin rəhbərliyinizlə ölkənin müdafiə qüdrəti gündən-günə güclənir və nəticədə Silahlı Qüvvələrimiz regionun qüdrətli ordusuna çevrilmişdir", deyə Camalov bildirib.

Nazir bildirib ki, birinci rübdə istehsal olunub sifarişçilərə təhvil verilmiş məmulatlardan PKM pulemyotunu, 60 millimetrlik minaatanı, "Zəfər-K" tipli tapançanı, AK-74M tipli avtomatı, müxtəlif növ döyüş və siqnal patronlarını, əl qumbarasını, piyada və tank əleyhinə minaları, atıcı silahlar və zirehli texnikaların ehtiyat hissələrini və s. göstərmək olar.

"Nazirliyin müəssisələri tərəfindən istehsal edilmiş 30 "Matador" və "Marauder" zirehli nəqliyyat vasitələrinin və "Orbiter-2M" tipli pilotsuz uçuş aparatları üzrə 5 sistemin bütün sınaqları uğurla həyata keçirilərək sifarişçiyə təhvil verilmişdir. Həmçinin, Müdafiə Nazirliyinin istifadəsində olan 27 "Orbiter" tipli pilotsuz uçuş aparatları üzərində əsaslı təmir və təkmilləşdirmə işləri aparılaraq sifarişçiyə təhvil verilmişdir. Hazırda 60 zirehli maşının və "Aerostar" tipli pilotsuz uçuş aparatları üzrə 4 sistemin istehsalı üçün müvafiq işlər aparılır. 2013-cü ilin İstehsal Proqramına uyğun olaraq nazirliyin müəssisələri tərəfindən yaradılma üzrə 71 mövzunu və 212 mərhələni əhatə edən elmi-tədqiqat və təcrübi konstruktor işlərinə başlanılmışdır. Hesabat dövründə 107 millimetrlik 12 lüləli yaylım atəşli reaktiv sistemin yaradılması işləri tam başa çatdırılmışdır. Məmulatın seriyalı istehsalı və silahlanmaya qəbul edilməsi tövsiyə olunmuşdur.
Bundan başqa, cari ildə NATO standartlarına uyğun 7,62x51 millimetrlik snayper tüfənginin, zenit qurğuları və avtomatik toplar üçün 23 və 30 millimetrlik müxtəlif növ patronların, piyada əleyhinə qəlpəli minaların, 30 və 40 millimetrlik qumbaraatanlar üçün atəş yığımlarının, atıcı silahlar üçün müxtəlif növ alışdırıcı kapsulların, atıcı silahlar üçün kompaslı prizmatik binoklların və xüsusi təyinatlı avtomobillər üzərində müxtəlif növ silahların quraşdırılması üzrə işlər də tam başa çatdırılaraq onların seriyalı istehsalına başlanılacaqdır.

Nazir bildirib ki, 2013-cü ildə təhvil verilməsi nəzərdə tutulan daha 6 istehsal sahəsində son tamamlanma və sazlama işləri aparılır. Həmin sahələr - 40x46 millimetrlik qumbaraatan üçün müxtəlif növ qumbaralı atəş yığımlarının istehsalı, 23, 30 və 40 millimetrlik döyüş sursatları üçün müxtəlif tipli partlayıcıların istehsalı, 30 millimetrlik A42 topunun istehsalı, artilleriya və tank topları üçün müxtəlif çaplı mərmilərin gövdələrinin isti ştamplanması və mexaniki emalı, həmin mərmilərin atəş yığımlarının gilizlərinin istehsalı sahələri, habelə adıçəkilən mərmilərin doldurulması və yığılması zavodlarıdır. Bununla da, nazirliyin yaranmasından keçən müddət ərzində istifadəyə verilmiş istehsal sahələrinin ümumi sayı 47-yə çatacaqdır.

"İstifadəyə veriləcək yeni istehsal sahələrini müasir avadanlıqlarla təmin etmək məqsədilə inkişaf etmiş ölkələrin şirkət və firmalarından 300-ə yaxın dəzgah, xüsusi cihaz və alətlərin alınması üzrə müqavilələrin bağlanmasına başlanılmışdır. Bu işlər qısa müddətdə başa çatdırılacaqdır.
Nazirliyin müəssisələrində istehsal olunan məhsulların mütəmadi olaraq beynəlxalq müdafiə sənayesi sərgilərində nümayişi artıq ənənə halını almışdır. 2009-cu ildə İstanbul sərgisində nazirlik 27 adda məmulatla təmsil olunduğu halda, ötən ilin noyabrında İndoneziyada keçirilən sərgidə 125 adda məmulat nümayiş etdirilmişdir. Bu ilin mayında Türkiyənin İstanbul şəhərində keçiriləcək İDEF-2013 sərgisində isə 130 adda məmulatla iştirak edəcəyik. İlk dəfə olaraq 7,62x54 millimetrlik "Gürzə" pulemyotu, 7,62x51 millimetrlik "Yalquzaq" snayper tüfəngi, 7,62x54 millimetrlik HP-7,62 tipli hücum pulemyotu, "Gürzə" patrul maşını, "Aerostar" və "Orbiter" tipli pilotsuz uçuş aparatları və s. məmulatlar nümayiş etdiriləcəkdir. Məlumat üçün bildirim ki, bu, artıq XI beynəlxalq sərgidir ki, nazirlik istehsal etdiyi məhsullarla iştirak edir. Həmişə olduğu kimi, bu sərgidə də hərbi texniki əməkdaşlığın müxtəlif istiqamətləri üzrə razılaşmaların əldə olunacağı və bir sıra yeni layihələrin reallaşdırılması nəzərdə tutulmuşdur. Onu da qeyd edim ki, respublikamızın tarixində ilk dəfə olaraq 2014-cü ilin sentyabrında Bakı şəhərində "ADEX-2014" Beynəlxalq müdafiə sənayesi sərgisinin keçirilməsi nəzərdə tutulur. Hazırda bu istiqamətdə təşkilati işlərlə yanaşı, dünyanın aparıcı şirkətləri ilə danışıqlar aparılır. Ümidvarıq ki, Sizin dəstəyiniz sayəsində bu sərgi yüksək səviyyədə keçiriləcəkdir", deyə nazir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti