...

Prezident İlham Əliyev: Dinin cəmiyyət həyatında, xüsusən də gənclərin mənəvi-əxlaqi tərbiyyəsində yeri və rolu düzgün istiqamətləndirilməlidir

Siyasət Materials 16 Aprel 2013 12:03 (UTC +04:00)
Azərbaycan islam dünyasının tarixi-mədəni mərkəzlərindən biri olmaqla dünyəvi və çoxkonfenssiyalı dövlətdir. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün Bakıda keçirilən "MDB müsəlmanları sülh və stabil inkişaf tərəfdarlarıdır" mövzusunda beynəlxalq elmi-praktik konfransın iştirakçılarına müraciətində deyib. Müraciəti Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov oxuyub.
Prezident İlham Əliyev: Dinin cəmiyyət həyatında, xüsusən də gənclərin mənəvi-əxlaqi tərbiyyəsində yeri və rolu düzgün istiqamətləndirilməlidir

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycan islam dünyasının tarixi-mədəni mərkəzlərindən biri olmaqla dünyəvi və çoxkonfenssiyalı dövlətdir. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün Bakıda keçirilən "MDB müsəlmanları sülh və stabil inkişaf tərəfdarlarıdır" mövzusunda beynəlxalq elmi-praktik konfransın iştirakçılarına müraciətində deyib. Müraciəti Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov oxuyub.

"Sivilizasiyaların və mədəniyyətlərin qovşağında yerləşən ölkəmizdə tarixən müxtəlif xalqlar və dinlər arasında qarşılıqlı hörmət və ehtirama əsaslanan mehriban dostluq və əməkdaşlıq münasibətləri mövcud olmuş, yüksək tolerantlıq ənənələri formalaşmışdır. Cəmiyyətimizdə belə mütərəqqi münasibətlərin bərqərar olmasında islam dininin müstəsna rolu danılmazdır", - İlham Əliyev müraciətdə bildirib.

Prezident qeyd edib ki, Azərbaycanda milli mədəniyyətin və mentalitetin ayrılmaz hissəsi olan islam dini öz ümumbəşəri mahiyyəti və birləşdirici missiyası ilə insanları daim sülhə, əmin-amanlığa, hümanizmə və həmrəyliyə dəvət etmişdir.

"Bu gün ölkəmizdə tarixi-mənəvi irsin, etnik-mədəni müxtəlifliyin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi həyata keçirilən siyasətin başlıca istiqamətlərindən biridir. Dövlət-din münasibətləri zəngin milli ənənələrimizə söykənir və müasir hüquqi normalarla tənzimlənir. Biz bu təcrübəni ölkədə gerçəkləşdirilən dini siyasətin uğurlu təminatı kimi qəbul edir və mövcud ictimai-siyasi sabitliyin, vətəndaş həmrəyliyinin, nümunəvi dözümlülülk mühitinin zəruri amili kimi qiymətləndiririk. Hazırda qloballaşan dünyada mürəkkəb ictimai-siyasi proseslər yaşanır, etnik, dini zəmində münaqişələr, irqi ayrı-seçkilik, dini ekstremizm və islamofobiya kimi arzuolunmaz təzahürlər müşahidə edilir",- dövlət başçısının müraciətində vurğulanır.

Prezident hesab edir ki, beynəlxalq təhlükəsizlik və insanların əmin-amanlığını təhdid edən belə hallara qarşı mübarizədə aparıcı dünya dinlərinin sülh və həmrəylik çağırışlarına, sivilizasiyalararası dialoqa və əməkdaşlığa, dini-mənəvi liderlərin nüfuzlu sözünə ciddi ehtiyac var.

"Dinin cəmiyyət həyatında, xüsusən də gənclərin mənəvi-əxlaqi tərbiyyəsində yeri və rolu düzgün istiqamətləndirilməli, mütərəqqi islami dəyərlərin tətbiqi və təşviqi müasir tələblər səviyyəsində aparılmalı, dindən siyasi məqsədlər üçün istifadəyə yol verilməməlidir. Bütün bunlar müasir mərhələdə Azərbaycan Respublikasının daxili və xarici siyasətinin, demokratik dünya birliyi ilə əməkdaşlıq münasibətlərinin prioritet xəttini təşkil edir. Ölkəmiz bu sahədə nüfuzlu beynəlxalq və regional təşkilatlarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatında uğurla fəaliyyət göstərir. Məmnuniyyətlə qeyd etmək istərdim ki, son illərdə MDB Dinlərarası Şurasının, MDB müsəlmanlarının Məşvərət Şurasının, Qafqaz xalqları Ali Dini Şurasının toplantılarının, xüsusən dünya dini liderlərinin sammitlərinin Bakıda keçirilməsi Azərbaycandakı dini sabitliyi, tolerantlıq mühitini, əqidə və ifadə azadlığını bütün dünyaya bir daha bariz şəkildə nümayiş etdirmişdir. Azərbaycan dövləti dinlərarası dialoqun dinamik inkişafına müsbət təsir göstərən bütün səyləri bundan sonra da dəstəkləyəcəkdir. Əmin olduğumu bildirirəm ki, zəruri və aktual bir mövzuya həsr olunmuş bugünkü beynəlxalq konfransınız da konstruktiv müzakirələr ruhunda keçəcək, dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafına, tolerantlıq, qarşılıqlı anlaşma və dostluq kimi bəşəri dəyərlərin təbliğinə və təşviqinə öz töhfəsini verəcəkdir. Bu xeyirxah yolda hər birinizə uğurlar və cansağlığı arzulayıram", - İlham Əliyev konfrans iştirakçılarına müraciətində deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti