...

Sərdar Cəlaloğlu: Milli Şura ideyası ölü bir ideya kimi doğulub

Siyasət Materials 16 Aprel 2013 15:58 (UTC +04:00)
Milli Şura ideyası elə doğulanda ölü bir ideya kimi doğulub. Bunu Trend-ə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.
Sərdar Cəlaloğlu: Milli Şura ideyası ölü bir ideya kimi doğulub

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir E.Mehdiyev/

Milli Şura ideyası elə doğulanda ölü bir ideya kimi doğulub. Bunu Trend-ə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.

"Mənim Milli Şura ideyasının müəllifləri kimi inandığım və hörmət etdiyim adamlardan biri Rafiq Əliyev artıq özü bu ideyaya inanmadığını, ideyanın özündə müəyyən mübahisəli məqamların olduğunu və bu ideyanın effektivliyiniə və perspektivliyinə şübhə etdiyini bildirib", - Cəlaloğlu bildirib.

Rafiq Əliyevin fikirləri ilə bölüşdüynü deyən Cəlaloğlu Milli Şura haqqında bir çox fərqli fikirlərinin olduğunu da qeyd edib.

Cəlaloğlu hesab edir ki, Milli Şura ideyası hər şeydən əvvəl zaman baxımından öz aktuallığını əldən verib, çünki artıq prezident seçkilərinə çox az vaxt qalıb və elə Milli Şuranın özünün yaradılması üçün 4-5 ay vaxt lazımdır.

Cəlaloğlu qeyd edib ki, bu Milli Şuranın özünün nə dərəcədə milli olması məsələsi açıq qalır, çünki əgər doğurdan da Milli Şura nəzərdə tutulubsa, bu gərək legitim bir orqan olsun, millətin bütün təbəqələri müəyyən mənada burada təmsil olunsun.

"Amma Milli Şuranın tərkibi hər hansı bir nəfərin bilavasitə ağlının məhsulu olacaqsa, siyahı tutulub kimlərsə bir araya gətiriləcəksə, bu, heç vaxt Milli Şura olmayacaq. Mənim başa düşdüyümə görə, indiki müzakirələrdən görünür ki, bu nədirsə, İctimai Palata ilə Ziyalılar Forumunun ortaq bir təşkilatı kimi nəzərdə tutulub", - Cəlaloğlu deyib.

O vurğulayıb ki, Milli Şura ideyası artıq öz cazibədarlığını itirib. Onun fikrincə, çox təəssüf ki, elə ideyanın müəllifləri bu məsələdə xüsusi rol oynayıblar, dəfələrlə Milli Şura haqqında nəsə deyiblər, sonra həftələrlə susub, sonra yenə nəsə deyib və susublar.

"Bu cür ideyaların bu cür formalaşması mümkün deyil. Bunun üçün gərək cəmiyyətdə ardıcıl iş aparasan. Buna görə də mən düşünürəm ki, artıq Milli Şura ideyası elə doğulanda ölü bir ideya kimi doğulub", - Cəlaloğlu deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti