...

Prezident İlham Əliyev Mingəçevirdə Bayraq Meydanı ilə tanış olub (FOTO)

Siyasət Materials 17 Aprel 2013 16:12 (UTC +04:00)
Aprelin 16-da Prezident İlham Əliyev Mingəçevirə səfəri çərçivəsində şəhərin girişində salınan Bayraq Meydanı ilə tanış olmuşdur.
Prezident İlham Əliyev Mingəçevirdə Bayraq Meydanı ilə tanış olub (FOTO)

Azərbaycan, Bakı, 17 aprel /Trend/

Aprelin 16-da Prezident İlham Əliyev Mingəçevirə səfəri çərçivəsində şəhərin girişində salınan Bayraq Meydanı ilə tanış olmuşdur.

Azərbaycan Xalq Cümhuriyyətinin atributu olmuş üçrəngli, ay-ulduzlu bayrağımızın yenidən ölkəmizin müstəqillik rəmzinə çevrilməsi ümummilli lider Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısında müstəsna xidmətlərindən biridir. İlk dəfə Naxçıvan Muxtar Respublikası ərazisində dalğalanan bayrağımız indi mühüm beynəlxalq tədbirlərdə, mötəbər mərasimlərdə, ictimai-siyasi toplantılarda öz görkəmli yerini qoruyub saxlayır. Üçrəngli bayrağımız müxtəlif mədəniyyət tədbirlərində və idman yarışlarında qaldırılaraq milli birliyimizi təcəssüm etdirir, bütün soydaşlarımızın qəlbini qürur hissi ilə doldurur. Azərbaycan Prezidentinin dövlət atributlarına olan ehtiramının nəticəsidir ki, bu gün hər bir azərbaycanlı bayrağımızı özünün qürur mənbəyi hesab edir. Dövlət atributlarının qorunmasına və təbliğinə Prezidentin həssas münasibətini 2009-cu il 9 noyabr tarixinin Azərbaycanda Dövlət Bayrağı Günü kimi təsis edilməsi də təsdiqləyir. Paytaxt Bakı ilə yanaşı, son illərdə bölgələrdə yaradılan Bayraq meydanları da gənc nəslin vətənpərvərlik hisslərinin daha da gücləndirilməsinə xidmət edən mühüm amillər sırasındadır. Bu baxımdan Mingəçevirdə salınan Bayraq Meydanı və burada ucaldılan dövlət bayrağı da möhtəşəmliyi ilə diqqəti cəlb edir.

Dövlətimizin başçısına məlumat verildi ki, Mingəçevirdə Bayraq Meydanının inşasına ötən ilin iyununda başlanılmış, bu ilin martında başa çatdırılmışdır. Meydan şəhərin giriş hissəsində, Heydər Əliyev prospektində yerləşir. Bayraq dirəyinin hündürlüyü 42 metrdir. Bayrağın ətrafında Azərbaycanın xəritəsi, dövlət himni və gerbi əks olunmuşdur. Meydanda inşa olunan fəvvarə buranı daha da gözəlləşdirir. Bayraq Meydanının ərazisində geniş abadlıq işləri aparılmış, yaşıllıq zolağı salınmışdır. Burada müxtəlif adda gül və bəzək kolları əkilmiş, meydanda müasir işıqlandırma sistemi quraşdırılmışdır. Şəhər sakinlərinin istirahəti üçün meydanda hər cür şərait yaradılmışdır.

Prezident İlham Əliyev Bayraq Meydanında yaradılmış şəraitdən məmnunluğunu bildirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti