...

Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafına 10 milyon manat ayrılıb (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 18 Aprel 2013 18:51 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər haqqında sərəncam imzalayıb.
Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafına 10 milyon manat ayrılıb (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 18 aprel /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Mingəçevir Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan ilkin olaraq 5 milyon manat ayrılsın.

Dövlət başçısı, həmçinin Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasının yenidən qurulması haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasında əsaslı təmir və yenidənqurma işləri apararaq, onu çoxprofilli tibb müəssisəsinə çevirmək məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Səhiyyə Nazirliyinə ilkin olaraq 3 milyon manat ayrılsın.

Prezident İlham Əliyev Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam da imzalayıb.

Sərəncamda qeyd edilir ki, Mingəçevir şəhəri ərazisində qırx min nəfərdən çox əhalinin istifadə etdiyi ümumi uzunluğu 13 kilometr olan "Mingəçevir stansiyası", "Mingəçevir kənd", "Tərəvəzçilik" və "Çimərlik" yaşayış massivlərini şəhərin mərkəzi ilə birləşdirən avtomobil yollarının yenidən qurulması məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2 milyon manatı Mingəçevir Şəhər İcra Hakimiyyətinə ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamlarda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə isə bu sərəncamlardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti