...

Prezident İlham Əliyev: Azərbaycan Avropa İttifaqı üçün enerji təhlükəsizliyi baxımından tərəfdaş ölkəyə çevrilib (FOTO)

Siyasət Materials 24 Aprel 2013 22:09 (UTC +04:00)
Aprelin 24-də nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Latviya Prezidenti Andris Berzinşin mətbuat konfransı olub.
Prezident İlham Əliyev: Azərbaycan Avropa İttifaqı üçün enerji təhlükəsizliyi baxımından tərəfdaş ölkəyə çevrilib (FOTO)

Azərbaycan, Bakı, 24 aprel /Trend/

Aprelin 24-də nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Latviya Prezidenti Andris Berzinşin mətbuat konfransı olub.

Dövlət başçıları əvvəlcə bəyanatlarla çıxış ediblər.

"Sizin səfəriniz çox böyük əhəmiyyət daşıyır. Bu gün keçirdiyimiz danışıqlar, aparılan fikir mübadiləsi bir daha göstərir ki, Latviya-Azərbaycan əlaqələri yüksək səviyyədədir. Bizim aramızda çox fəal siyasi dialoq aparılır. Siyasi müstəvidə aramızda heç bir problem yoxdur. Biz beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq edirik, bir-birimizi dəstəkləyirik. Əlbəttə, çalışırıq ki, bütün sahələrdə əlaqələr siyasi səviyyədəki əlaqələrə uyğun olsun. Mən ilk növbədə iqtisadi sahəni qeyd etmək istərdim. Baxmayaraq son illər ərzində iqtisadi sahədə böyük irəliləyiş vardır, eyni zamanda, hələ ki, ticarət dövriyyəsi bizi qane edə bilməz. Hesab edirəm ki, biz ticarət dövriyyəsinin artırılmasına birgə səylərlə nail olmalıyıq. Buna, hesab edirəm ki, imkanlar vardır. Bu gün keçiriləcək biznes forum biznes qurumları arasındakı əlaqələrin inkişafına da öz töhfəsini verməlidir. Hesab edirəm ki, biz iqtisadi sahədə investisiya layihələrinə baxmalıyıq. Artıq ilkin təkliflər vardır. Demək istəyirəm ki, Azərbaycan artıq öz investisiyalarını xarici bazarlara qoymağa başlamışdır. Bunun artıq gözəl nəticələri vardır. Konkret layihələr üzərində iş aparılmalıdır ki, biz ticarət dövriyyəsini artıra bilək", - Prezident İlham Əliyev bəyanatında bildirib.

Dövlət başçısı qeyd edib ki, eyni zamanda, Latviya şirkətlərinin Azərbaycandakı fəaliyyətini genişləndirmək üçün əlavə imkanlar yaradıla bilər. Hesab edirəm ki, biznes forum çərçivəsində bu imkanlar da təqdim oluna bilər. Azərbaycanda son illər ərzində böyük inkişaf müşahidə olunur, çoxlu layihələr icra edilir.

"Əlbəttə, biz istərdik ki, Latviya şirkətləri podratçı, kontraktor kimi Azərbaycanda daha da fəal iştirak etsinlər. Biz bu gün, eyni zamanda, energetika məsələlərinə toxunduq. Azərbaycan Avropa İttifaqı üçün enerji təhlükəsizliyi baxımından tərəfdaş ölkəyə çevrilmişdir. Bunu təsdiqləyən sənədlər də vardır. Azərbaycanın zəngin neft-qaz resursları dünya bazarlarına müxtəlif yollarla çatdırılır. Hesab edirəm ki, növbəti illərdə bu sahədə Avropa İttifaqı ilə əməkdaşlıq yeni müstəviyə qalxa bilər. Eyni zamanda, ikitərəfli formatda da energetika məsələlərinin həlli üçün yaxşı imkanlar vardır", - İlham Əliyev deyib.

Azərbaycan Prezidenti bildirib ki, bu gün nəqliyyat infrastrukturunun yaradılması və nəqliyyat sahəsində əməkdaşlıq haqqında da fikir mübadiləsi aparılmışdır. Bu layihələrin həyata keçirilməsi nəticəsində geniş mənada regional əməkdaşlıq məsələləri öz həllini tapa bilər. Xəzər dənizi, Qara dəniz, Baltik dənizi ölkələri arasındakı əlaqələr bir çox hallarda nəqliyyat infrastrukturundan asılıdır. Azərbaycan öz tərəfindən bu məsələlərin həlli üçün çalışır.

"Bizim təşəbbüsümüzlə həyata keçirilən böyük nəqliyyat layihələri öz bəhrəsini verməkdədir. Biz xarici siyasətlə bağlı fikir mübadiləsi apardıq. Bir daha görürük ki, bu məsələlərlə bağlı heç bir fikir ayrılığı yoxdur. Ümumiyyətlə, bu gün artıq həm təkbətək görüşdə və nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə geniş mənada məsələlər müzakirə edildi. Humanitar sahəni qeyd etmək istəyirəm. Təhsil, səhiyyə məsələlərinin həlli üçün qarşılıqlı əməkdaşlığa ehtiyac vardır. Cənab Prezident, ümumiyyətlə, hesab edirəm ki, səfəriniz Sizin üçün xoş keçəcəkdir. Bu, Sizin Azərbaycana ilk səfərinizdir. Mən Latviyada artıq dəfələrlə olmuşam. Əminəm ki, səfərin yaxşı nəticələri olacaqdır. Siz vətənə xoş təəssüratlarla qayıdacaqsınız", - Prezident İlham Əliyev bəyanatında qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti