...

Azərbaycan-Pakistan münasibətlərinin inkişafı məsələləri müzakirə olunub

Siyasət Materials 25 Aprel 2013 18:20 (UTC +04:00)
Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov Pakistan Senatının sədr müavini Sabir Əli Bəlucla görüşüb.
Azərbaycan-Pakistan münasibətlərinin inkişafı məsələləri müzakirə olunub

Azərbaycan, Bakı, 25 aprel /Trend/

Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov Pakistan Senatının sədr müavini Sabir Əli Bəlucla görüşüb.

Azərbaycanın bu ölkədəki səfirliyindən Trend-ə verilən məlumata görə, söhbət zamanı Səfir Azərbaycan-Pakistan münasibətlərinin inkişafı barədə danışıb, Pakistanın Dağlıq Qarabağ məsələsində ölkəmizə verdiyi dəstəyə və Azərbaycan torpaqlarını işğal etdiyi üçün Ermənistanı dövlət kimi tanımadığına və Senat tərəfindən Xocalı soyqırımını tanıyan qətnaməni qəbul etdiyinə görə həmsöhbətinə öz minnətdarlığını bildirib.

Səfir, həmçinin Azərbaycanın daxili və xarici siyasətində əldə edilən uğurlar, ölkədə aparılan yenidənqurma işləri və iqtisadi islahatlar barədə məlumatlar verib.

Pakistan Senatının sədr müavini Sabir Əli Bəluc xalqlarımız arasındakı tarixi, mədəni, dini oxşarlıqları qeyd edərək, bu bənzərliklərin iki ölkə münasibətlərinin inkişafına töhfə verəcəyinə əminliyini bildirib, ölkəsinin Azərbaycanı Dağlıq Qarabağ məsələsində tam dəstəklədiyini və bunun işğal olunmuş torpaqların tam azad olunana qədər davam edəcəyini qeyd edib, Azərbaycanın Kəşmir məsələsində ölkəsinə verdiyi dəstəyə görə minnətdarlığını ifadə edib.

Ölkələrimizin qanunverici orqanları arasında əməkdaşlıqdan danışan Bəluc, cari ilin fevral ayında Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun Pakistana səfəri və onun pakistanlı həmkarı, Senatını sədri Nayar Buxari ilə görüşünün bu əlaqələrə təkan verdiyini vurğulayıb.

Bəluc cari il mayın 11-də Pakistanda keçiriləcək parlament seçkilərinin ölkəsi üçün taleyüklü olacağından, habelə seçkilərə hazırlıq işlərindən bəhs edib.

İki ölə arasında iqtisadi əməkdaşlıq üçün geniş potensial olduğunu qeyd edən sədr müavini, Azərbaycanla Pakistan arasında enerji, yüngül sənaye, kənd təsərrüfatı və informasiya texnologiyaları sahələrində əməkdaşlıq imkanlarından söz açıb.

Görüş işgüzar və səmimi şəraitdə keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti