...

Ümummilli lider Heydər Əliyevin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasəti, qaçqınlara və məcburi köçkünlərə qayğısı mövzusunda konfrans keçirilib (FOTO)

Siyasət Materials 26 Aprel 2013 13:19 (UTC +04:00)
cümə günü Bakıda “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasəti, qaçqınlara və məcburi köçkünlərə qayğısı, onların sosial problemlərinin həllində Azərbaycan hökumətinin, beynəlxalq humanitar təşkilatların iştirakı” mövzusunda konfransı öz işinə başlayıb.
Ümummilli lider Heydər Əliyevin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasəti, qaçqınlara və məcburi köçkünlərə qayğısı mövzusunda konfrans keçirilib (FOTO)

Azərbaycan, Bakı, 26 aprel / Trend, müxbirlər M.Əliyev, E.Mehdiyev/

Cümə günü Bakıda "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasəti, qaçqınlara və məcburi köçkünlərə qayğısı, onların sosial problemlərinin həllində Azərbaycan hökumətinin, beynəlxalq humanitar təşkilatların iştirakı" mövzusunda konfrans keçirilib.

Trend-in məlumatına görə, konfransın açılışında Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, Heydər Əliyev dahi, dünyəvi şəxsiyyət, dünya siyasət akademiyasının bilicilərindən idi.

"Dünya tarixində bir çox tarixi şəxsiyyətlər var. Onlar adətən yubiley illərində anılır. Heydər Əliyev isə bütün dünya azərbaycanlıları, böyük siyasətçiləri tərəfindən daim anılır. Bu, əsl möcüzədir", - Həsənov deyib.

Baş nazirin müavini ümummilli lider Heydər Əliyevin həyat yolu barədə məlumat verərək bildirib ki, Heydər Əliyev Azərbaycanda ilk dəfə hakimiyyətə gəldiyi illərdə ölkədəki bütün sahələrdən xəbərdar olub.

"Heydər Əliyev 70-ci illərdə bu gün sürətlə inkişaf edən Azərbaycanın özülünü, əsasını qoyub. O, Azərbaycanın iqtisadi, siyasi və ideoloji sahələrin bazasını formalaşdırdı, milli kadrların formalaşmasını həyata keçirdi, hərbi təhsilin bazasını yaratdı. Məhz onun dövründə dünya erməniləri Dağlıq Qarabağ məsələsini qabarda bilmədilər, Dağlıq Qarabağda olan separatçı hərəkat zəiflədi. Azərbaycanın başına gələn bütün bəlalar Heydər Əliyevin ölkə rəhbərliyində olmadığı dövrə təsadüf edir", - Həsənov deyib.

O bildirib ki, Heydər Əliyev 2003-cü ilədək Dağlıq Qarabağ probleminin beynəlxalq aləmdə tənzimlənməsi üçün kifayət qədər beynəlxalq və milli hüquqi baza yaratdı.

"Hazırda Prezident İlham Əliyev də bu bazanın əsasında işi davam edir. 2003-cü ildə Azərbaycanın müasir dövrü, İlham Əliyev dövrü başladı. İlham Əliyev Azərbaycanı sürətli inkişaf edən ölkəyə gətirib çıxardı, təhsilin, mədəniyyətin, səhiyyənin və digər sahələrin inkişafına nail oldu. Azərbaycan artıq beynəlxalq tədbirlərin mərkəzinə çevrilib. İlham Əliyev Azərbaycanın neft kapitalının insan kapitalına çevrilməsinə başlayıb", - Həsənov deyib.

Daha sonra tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının Sədr müavini, icra katibi Əli Əhmədov qeyd edib ki, Azərbaycan xalqı həmişə ümummilli lider Heydər Əliyevin yubileylərini böylük vüsətlə qeyd edib.

Əhmədov bildirib ki, Azərbaycan xalqının ümummilli liderinin 90 illik yubileyi də bütün xalqımız tərəfindən, nəinki Azərbycan vətəndaşları, eyni zamanda dünyanın ayrı-ayrı ölkələrində məskunlaşmış azərbaycanlılar tərəfindən geniş vüsətlə qeyd edilməkdədir.

Əhmədov qeyd edib ki, bunun səbəbi hamıya aydındır. O vurğulayıb ki, Azərbaycan ötən illər ərzində tamamilə, müqayisəedilməz dərəcədə dəyişib və bu dəyişiklərin kökündə Heydər Əliyev şəxsiyyəti, Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət, ideyalar və bu gün o ideyaların və siyasətin həyata keçirilməsi dayanır.

YAP rəsmisi vurğulayıb ki, 90-cı illərin əvvəlində Heydər Əliyev hakimiyyətə gələndə Azərbaycanın hansı durumda olduğu hamıya aydın şəkildə bəllidir. Azərbaycanın hər 7-8 nəfərindən biri məcburi köçkün vəziyyətində idi.

Əhmədov qeyd edib ki, o zaman ayrı-ayrı təhlükələrlə, ciddi hədələrlə üz-üzə qalmış bir ölkədə sabitliyi, əmin-amanlığı təmin etmək, iqtisadiyyatı bərpa etmək kimi çətin bir vəzifənin öhdəsindən gəlməyi təsəvvürə etmək çox çətindir.

"Amma Azərbaycan xalqı Heydər Əliyevin bu qədər mürəkkəb vəzifənin öhdəsindən gələcəyinə inanırdı. Heydər Əliyev olmasaydı, yəqin ki, Azərbaycanın bugünkü tarixi tamamilə başqa cür olardı. Azərbaycan xalqının Heydər Əliyevə bugünkü məhəbbətinin kökündə məhz bu amillər dayanır", - Əhmədov vurğulayıb.

Daha sonra çıxış edən Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Heydər Əliyevin qaçqın və məcburi köçkünlərə diqqət və qayğısından söhbət açıb. Səfərov qeyd edib ki, hələ sovet dönəmində ümummilli lider Heydər Əliyev Ermənistanın Azərbaycana qarşı təxribatlarının qarşısını almaq üçün çox işlər görmüşdü.

Səfərov vurğulayıb ki, qaçın və məcburi köçkünlər acınacaqlı vəziyyətdə yaşayırdı. Ancaq ümummilli lider qaçqınların problemləri ilə məşğul olan qurum yaratdı, onların yaşayış vəziyyətinin yaxşılaşdırılması üçün çox işlər gördü.

"Biz hamimız ümummilli lider Heydər Əliyevin siyasətini və ideyalarını daim davam etdirməliyik", - Səfərov qeyd edib.

Tədbirdə, həmçinin BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Daq Siqurdson çıxış edib. O, çıxışında Heydər Əliyevin qaçqınlara və məcburi köçkünlərə qayğısından danışıb. Siqurdsonun sözlərinə görə, elə bir gün olmayıb ki, Heydər Əliyev bu problemi yada salmasın. O qeyd edib ki, BMT ilə Azərbaycan hökuməti arasında qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində qarşılıqlı əməkdaşlıq yüksək səviyyədə davam edir. Nümayəndəliyin rəhbəri 1990-cı ildən 2012-ci ilə qədər BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycana bu istiqamətdə 100 milyon dollardan artıq yardım göstərdiyini bildirib. Siqurdson vurğulayıb ki, Azərbaycan rəhbərliyi qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə xüsusi diqqət ayırır.

Daha sonra tədbir konsert proqramı ilə davam etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti