...

Strasburqda ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi qeyd olunub (FOTO)

Siyasət Materials 27 Aprel 2013 04:08 (UTC +04:00)
Aprel 25-də Azərbaycanın Avropa Şurası yanında Daimi nümayəndəliyi tərəfindən Strasburqda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş xüsusi tədbir təşkil edilib.
Strasburqda ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi qeyd olunub (FOTO)

Fransa, Strasburq, 27 aprel /Trend, müxbir A.Məhərrəmli/

Aprel 25-də Azərbaycanın Avropa Şurası yanında Daimi nümayəndəliyi tərəfindən Strasburqda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş xüsusi tədbir təşkil edilib. Bu barədə Trend-ə cümə günü Daimi nümayəndəlikdən məlumat verilib.

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yaz sessiyası çərçivəsində təşkil edilən tədbirdə Avropa Şurasının rəsmiləri, AŞ PA-dakı Azərbaycan nümayəndə heyətinin, habelə ayrı-ayrı üzv dövlətlərin qurumdakı nümayəndə heyətlərinin üzvləri, Fransa parlamentinin üzvləri, AŞ yanında və Strasburqda akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və əməkdaşları, Strasburqdakı akademik dairələrin, eləcə də Azərbaycan diasporunun təmsilçiləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi, fövqəladə və səlahiyyətli səfir Emin Eyyubov ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumat verib. Heydər Əliyevin Azərbaycan dövlətinin banisi, xilaskarı olmaqla yanaşı, həm də ölkəmizin müstəqil dövlət kimi sütunlarının möhkəmləndirilməsində böyük xidmətlər göstərdiyini deyən səfir qeyd edib ki, bugünkü Azərbaycan dövləti də Prezident İlham Əliyevin rəhbərliyi altında məhz Heydər Əliyevin siyasi xəttinə uyğun olaraq sürətlə inkişaf edir.

Tədbirdə çıxış edən Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanı böyük çətinliklər və zəhmətlə ağır vəziyyətdən çıxartdığını, demək olar ki, onun hakimiyyətinin hər günü, ayı və ilində ölkəmiz üçün tarixi əhəmiyyətli hadisələrin baş verdiyini vurğulayıb: "Təbii ki, Azərbaycanın Avropaya, onun müxtəlif strukturlarına, o cümlədən Avropa Şurasına inteqrasiyası da Heydər Əliyevin adı ilə bağlıdır. Əlbəttə, 2001-ci ildə Azərbaycanın Avropa Şurasına üzv qəbul edildiyi tarix isə həm Azərbaycan, həm də Avropa Şurası üçün əlamətdar hadisə olub. O gün xalqımızın ulu öndəri Heydər Əliyev Azərbaycanın üçrəngli müqəddəs bayrağını Avropa Şurasının iqamətgahı önündə qaldırıb".

Venesiya Komissiyasının prezidenti Cianni Bukikio Heydər Əliyevin ağilli və güclü şəxsiyyət olduğunu qeyd edib: "Heydər Əliyev Azərbaycanın AŞ-nin tərkib hissəsi olmasını arzulayırdı. Məhz onun sayəsində ölkənin iqtisadiyyatındakı inkişaf vüsət aldı, xalqın rifah halı yaxşılaşdı. Mən onu hər zaman ehtiramla yada salıram".

Rusiya Dövlət Dumasının Beynəlxalq Münasibətlər Komitəsinin sədri, AŞ PA-dakı Rusiya nümayəndə heyətinin rəhbəri Aleksey Puşkov Heydər Əliyev şəxsiyyətinə Rusiyada da böyük rəğbətlə yanaşıldığını, hələ Sovet İttifaqı zamanı onun SSRİ rəhbərlərindən biri kimi böyük nüfuza və siyasi çəkiyə malik dövlət xadimi kimi tanındığını vurğulayıb.

AŞ PA-dakı Türkiyə nümayəndə heyətinin üzvü Pelin Gündəş Bakır çıxışında böyük dövlət xadimi Heydər Əliyevin bütün türk dünyasında, o cümlədən Türkiyədə sevildiyini, bu böyük liderin şəxsiyyətinə xüsusi hörmətlə yanaşıldığını deyib. Azərbaycanla Türkiyənin "Bir millət, iki dövlət" olduğunu bildirən Türkiyənin millət vəkili bu kəlamın müəllifinin Heydər Əliyev olduğunu qeyd edib. O, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu vurğulayıb və Bakı-Tbilisi-Ceyhan boru kəmərinin ərsəyə gəlməsində Heydər Əliyevin yüksək əməyini diqqətə çatdırıb.

Heydər Əliyevin Avropada böyük dövlət xadimi kimi tanındığını qeyd edən Avropa Şurası baş katibinin müavini Qabriella Battaini-Draqoni məhz onun hakimiyyəti dövründə Azərbaycanın AŞ-yə üzv olmasını onun səylərinin nəticəsi kimi qiymətləndirdiyini vurğulayıb. AŞ rəsmisi onu da bildirib ki, yaxın zamanlarda Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edəcək. Bu, Azərbaycanın Avropa dəyərlərinə sadiqliyinin göstəricisidir.

Türkiyənin AŞ yanındakı daimi nümayəndəsi, səfir Engin Soysal da çıxış edərək ulu öndər Heydər Əliyevin söylədiyi "Bir millət, iki dövlət" kəlamının iki ölkənin biri-birinə nə qədər qırılmaz tellərlə bağlı olduğunu göstərdiyini qeyd edib. O, Türkiyə və Azərbaycan diplomatlarının bütün platformalarda çox sıx əməkdaşlıq etdiklərini bildirib.

Qeyd edək ki, ulu öndərin 90 illik yubileyinə həsr olunmuş tədbirdə dahi şəxsiyyətin həyatının müxtəlif dövrlərini əks etdirən fotoşəkillər, onun həyat və siyasi fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib, xalq artisti, beynəlxalq müsabiqələr laureatı, Beynəlxalq Muğam Mərkəzinin direktoru Murad Hüseynov isə pianoda Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini ifa edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti