...

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində “Heydər Əliyev və ordu quruculuğu” mövzusunda elmi-praktik konfrans keçirilib

Siyasət Materials 29 Aprel 2013 11:38 (UTC +04:00)
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinin keçirilməsinə dair tədbirlər planına uyğun olaraq “Heydər Əliyev və ordu quruculuğu” mövzusunda elmi-praktik konfrans keçirilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində “Heydər Əliyev və ordu quruculuğu” mövzusunda elmi-praktik konfrans keçirilib

Azərbaycan, Bakı, 29 aprel /Trend/

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinin keçirilməsinə dair tədbirlər planına uyğun olaraq "Heydər Əliyev və ordu quruculuğu" mövzusunda elmi-praktik konfrans keçirilib.

Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Trend-ə daxil olan məlumata görə, konfransı giriş sözü ilə Xidmət rəisinin müavini polkovnik Zaur Abdullayev açaraq ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən danışıb. O, ümummilli lider Heydər Əliyevin keçdiyi ömür yolunun hər bir azərbaycanlı üçün örnək olduğunu və onun müəyyənləşdirdiyi strateji xəttin daim Azərbaycanın inkişafına xidmət edəcəyini vurğulayıb.

Daha sonra konfransda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Mustafa İsgəndərzadə çıxış edib. Mustafa İsgəndərzadə məhz ümummilli liderin səyləri nəticəsində Azərbaycanın bu gün dünya miqyasında öz sözünü deyən dövlətə çevrildiyini bildirib:

"İndi əsas istiqamət Azərbaycanın bu mövqeyini qoruyub saxlamaq, ölkəmizin beynəlxalq arenada daha da irəliyə getməsini təmin etməkdir. Ulu öndərin layiqli davamçısı, Azərbaycanın müasir lideri İlham Əliyev bu gün bu vəzifənin öhdəsindən lazımınca gəlir".

Mustafa İsgəndərzadə qeyd edib ki, dövlətin, xalqın güvənc yeri ilk növbədə ordu olub. Daim güclü ordu güclü dövlətin formalaşmasına təkan verib. Bu baxımdan Heydər Əliyev hər zaman ordu quruculuğunu diqqət mərkəzində saxlayıb. Professor müasir Azərbaycan ordusunun güclənməsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin də üzərinə böyük məsuliyyət düşdüyünü bildirərək, Xidmətin bu şərəfli işin öhdəsindən layiqincə gələcəyinə inandığını vurğulayıb.

Elmi-praktik konfrans Xidmət rəisinin müavini general-mayor Novruzəli Orucovun çıxışı ilə davam etdirilib. Novruzəli Orucov ulu öndərin ordu quruculuğu işinə hələ SSRİ dövründən başladığını bildirib. Belə ki, azərbaycanlıların keçmiş SSRİ-nin ali hərbi məktəblərində təhsil almağa göndərilməsi məhz Heydər Əliyevin göstərişi ilə həyata keçirilib, eləcə də Azərbaycanda hərbi təhsil müəssisələri yaradılıb. Novruzəli Orucov qeyd edib ki, 1993-cü ildən Azərbaycana yenidən rəhbərlik edən ulu öndərin ilk islahatları Silahlı Qüvvələrdən başlayıb və ölkədə vahid komandanlıq altında ordu yaradılıb. İndi bu ordu dünyanın inkişaf etmiş ölkələrinin orduları ilə müqayisə ediləcək səviyyə gəlib çatıb.

Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinin keçirilməsinə dair xüsusi tədbirlər planına uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bundan öncə şəxsi heyət üçün mühazirələr təşkil edib, film nümayişləri həyata keçirib. Eləcə də Xidmətin Aparatında Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş kitabların sərgisi təşkil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti