...

Ağ Ev Suriya müxalifətinin kimyəvi silahdan istifadə etdiyinə inanmır

Siyasət Materials 30 Aprel 2013 02:28 (UTC +04:00)
Ağ Ev əvvəlki kimi hesab edir ki, Suriyada kimyəvi silahdan ehtimal olunan istifadəyə görə Bəşşar Əsəd rejimi məsuliyyət daşıyır.
Ağ Ev Suriya müxalifətinin kimyəvi silahdan istifadə etdiyinə inanmır

Azərbaycan, Bakı, 30 aprel /Trend/

Ağ Ev əvvəlki kimi hesab edir ki, Suriyada kimyəvi silahdan ehtimal olunan istifadəyə görə Bəşşar Əsəd rejimi məsuliyyət daşıyır. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Ağ Evin rəsmi nümayəndəsi Cey Karni deyib.

"Biz Suriya müxalifətinin kimyəvi silahdan istifadə edə biləcəyinə şübhə ilə yanaşırıq", - Karni bildirib.

Ağ Ev rəsmisi yenə də Suriya hakimiyyətini BMT-nin yoxlamalarına icazə verməyə çağırıb. "BMT ekspertləri Suriyada 24 saat ərzində işə başlamağa hazırdırlar", - o qeyd edib.

Suriya hakimiyyəti bir müddət əvvəl bəyan etmişdi ki, müxalifət martın 19-da Hələb vilayətində kimyəvi silah tətbiq edib. Öz növbəsində, müxalifət iddia edir ki, hökumət qüvvələri ötən ilin dekabr ayında Humsda kimyəvi silahdan istifadə ediblər. Bununla belə, Suriya hakimiyyəti BMT-nin kimyəvi silahlar üzrə missiyasını ölkəyə buraxmaqdan imtina etmişdi. Hər iki hadisə ilə bağlı araşdırmalar hələ də başlamayıb.

Qeyd edək ki, Suriyada 2011-ci ilin mart ayından davam edən münaqişə nəticəsində 70 mindən çox insanın həlak olduğu bildirilir.

Xəbər lenti

Xəbər lenti