...

Milli Məclisin sədri Avropa Parlamentinin rəhbərinə etirazını bildirəcək (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 30 Aprel 2013 12:35 (UTC +04:00)
Spiker qeyd edib ki, Avropa Parlamentinin bir sıra deputatları, həmçinin beynəlxalq təşkilat nümayəndələri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq normalara sığmayan bəyanatlarla çıxış edir, erməni təcavüzunə dəstək verirlər.
Milli Məclisin sədri Avropa Parlamentinin rəhbərinə etirazını bildirəcək (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir M.Əliyev/

Milli Məclisin sədri Oqtay Əsədov Avropa Parlamentinin rəhbəri Martin Şultsa müraciət edəcək.

Trend-in məlumatına görə, Əsədov Parlamentin çərşənbə axşamı keçirilən iclasında bildirib ki, müraciət erməni diasporu tərəfindən ələ alınmış Avropa Parlamentinin deputatları ilə bağlı olacaq.

Spiker qeyd edib ki, Avropa Parlamentinin bir sıra deputatları, həmçinin beynəlxalq təşkilat nümayəndələri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq normalara sığmayan bəyanatlarla çıxış edir, erməni təcavüzunə dəstək verirlər.

Spiker bildirib ki, Azərbaycana ikili standartla yanaşan beynəlxalq təşkilatlara qarşı sərt təpki göstərilməlidir.

"Təəssüf edirəm ki, hələ də bir sıra beynəlxalq təşkilatla Azərbaycana qarşı ikili siyasətini davam etdirməkdədir və biz bir çox hallarda bu təşkilatların fəlaiyyətinə qarşı zəiflik göstərmişik. Amma bundan sonra bu hallara qarşı sərt reaksiya verilməlidir və ictimaiyyətin bütün təbəqələri bu işdə aktiv fəaliyyət göstərməlidirlər. Azərbaycanın milli maraqlarının müdafiəsi istiqamətində cəmiyyət bir araya gəlməlidir. Biz bundan sonra belə münasibətlərə sərt təpki göstərəcəyik, - Əsədov deyib.

Spiker, həmçinin Azərbaycan daxilindəki bəzi qüvvələrin fəaliyyətinə də toxunub.

"Ermənilər milli məsələlərdə birləşərək bir nöqtəyə vururlar. Bizdə isə bəzi qüvvələr var ki, milli maraqlarımızın əksinə işləyirlər", - o deyib.

Spikerin çıxışından sonra deputatlardan Fərəc Quliyev bildirib ki, Azərbaycan həmin deputatların təmsil etdikləri ölkələrlə münasibətlərə yenidən baxmalıdır.

Deputat Əli Məsimli isə siyasi partiyaları, gənclər təşkilatlarını, millət vəkillərini və ictimaiyyəti bu işdə aktiv olmağa çağırıb və bildirib ki, onlar dövlətin apardığı siyasəti dəstəkləməlidirlər.

Bu gün keçirilən iclasda Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri seçiləcək, "Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 20 illiyi (1993-2013)" yubiley medalının təsis edilməsi təsdiqlənəcək, həmçinin Seçki Məcəlləsində, Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında", "Nəşriyyat işi haqqında", "Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında", "Məlumat toplularının hüquqi qorunması haqqında", "Korrupsiyaya qarşı mübarizə haqqında", "Dövlət sirri haqqında", "Əmək pensiyaları haqqında", "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" qanunlara dəyişikliklər olunacaq. İclasın sonunda "Gömrük tarifi haqqında" qanununun layihəsi ilk dəfə olaraq plenar iclasda müzakirəyə çıxarılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti