...

Möhsün Pakayin: İran-Azərbaycan əlaqələri strateji xarakter daşıyır

Siyasət Materials 30 Aprel 2013 16:12 (UTC +04:00)
İranın ölkəmizdəki səfiri Möhsün Pakayin Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin İrana səfəri ilə bağlı "İran" qəzetində məqalə yazıb.
Möhsün Pakayin: İran-Azərbaycan əlaqələri strateji xarakter daşıyır

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir T.Cəfərov/

İranın ölkəmizdəki səfiri Möhsün Pakayin Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin İrana səfəri ilə bağlı "İran" qəzetində məqalə yazıb.

Trend-in məlumatına görə, Pakayin məqalədə bildirib ki, ötən gün Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Tehrana səfərə gəlib.

"İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlilinin dəvəti ilə baş tutan bu səfər Tehran-Bakı əməkdaşlığının inkişafı üçün böyük bir addım hesab olunur. Heç şübhəsiz, İran və Azərbaycan əlaqələri strateji əlaqələrdir və çoxşaxəli oxşarlıqları rəhbər tutaraq gələcəkdə bu əlaqələrin inkişafı üçün çalışmaq lazımdır. Sevindirici haldır ki, son aylarda hər iki tərəf əlaqələrin möhkəmləndirilməsi üçün yaranmış fürsətdən istifadə etməyə çalışır və bu, əlaqələrin qurulmasının zəruriliyinin göstəricisidir. Əslində iki ölkənin rəhbərləri öz uzaqgörənlikləri ilə əlaqələrin inkişafı üçün yol açıblar və ötən aylarda bu sahədə böyük işlərin görüldüyünün şahidi olduq. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Qoşulmama Hərəkatının Tehranda keçirilən iclasında iştirakı və Azərbaycanın da bu hərəkata qoşulması, digər tərəfdən, İran xarici işlər nazirinin müavini Seyid Abbas Əraqçinin Bakıya səfəri və burada müsbət ab-havada görüşlərin keçirilməsi, İranın yeni səfirinin tez bir zamanda qəbul edilməsi və səfirin Bakıya gəldikdən iki gün sonra etibarnaməsinin qəbul olunması, Prezident Mahmud Əhmədinejadın İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Bakıda keçirilən sammitinə qatılması və qarşılıqlı etimad şəraitində aparılan müzakirələr İran və Azərbaycan əlaqələrinin inkişafı üçün yeni fəaliyyətin başlanğıcı oldu", - məqalədə qeyd olunub.

Səfir məqaləsində deyib ki, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlilinin fevral ayında Bakıya səfəri və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü də əlaqələrin inkişafında yeni mərhələ yaratdı. Bunlar iki ölkənin bir-birinə olan etimadının göstəricisidir. Əlbəttə, son həftələr ərzində bəzi qüvvələr üçüncü ölkələrin dəstəyi ilə iki ölkənin əlaqələrini korlamağa çalışdılar, lakin hər iki ölkənin rəsmilərinin ayıq-sayıqlığı nəticəsində bu niyyətlərinə çata bilmədilər.

"İran və Azərbaycan arasında əlaqələrin inkişafı üçün çox geniş potensial var. Bu potensial tərəflərin yaxınlaşmasına yardım edərək onları strateji tərəfdaşlara çevirə bilər. Rəsmi Bakı İranın regionda və dünyada inkişafını və yerini bilir və İranın Dağlıq Qarabağ münaqişəsinin həllində fəal iştirakının regionda sülh və əmin-amanlığın təmini və öz ərazi bütövlüyünün qorunmasının xeyrinə olduğunu bildirir. İran da, öz növbəsində, Azərbaycanı regionda önəmli ölkə və Qafqaza açılan bir qapı kimi görür. İran və Azərbaycan arasında su və quru sərhədləri mövcuddur. Bu baxımdan İran özünün Azərbaycanla ticarət, tranzit, energetika sahəsində əlaqələrini artırmağa və əlaqələrin möhkəmləndirilməsində maraqlıdır. Cənab Mehdiyevin İrana səfəri və onun İran rəsmiləri ilə apardığı konstruktiv danışıqlar iki ölkənin əlaqələrində yeni bir səhifə açaraq münasibətlərin genişləndirilməsinə zəmin yaradacaq. İki ölkənin əlverişli əlaqələri regionda və Qafqazda sabitliyin yaranmasına səbəb olacaq. Bu səfərin baş tutması ilə Azərbaycan İranın xarici siyasətində öz strateji mövqeyini qoruyub saxlayacaq və mövcud potensialdan istifadə etməklə İran və Azərbaycan bir-biri ilə daimi müttəfiqə çevriləcəklər. Bu arada iki ölkənin KİV-ləri son aylarda həqiqətin çatdırılmasında böyük təsiredici rol oynayıblar. İki ölkənin alimləri, ziyalıları və düşüncə sahibləri Tehran-Bakı münasibətlərinin güclənməsində öz konstruktiv rollarını oynaya bilərlər. İki ölkənin əlaqələri üçüncü qüvvələrin təsiri olmadan regionda sülh və əmin-amanlığa, tərəflər üçün isə uzunmüddətli mənafelərinin təmin olunmasına xidmət edəcək", - məqalədə vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti