...

Antalyada 80-dən artıq aksiyaçı saxlanılıb

Siyasət Materials 2 İyun 2013 14:26 (UTC +04:00)
Antalyada Taksim Gezi Parkındakı olaylara etiraz etmək üçün bütün gecə aksiya keçirənlərlə polis arasında baş vermiş toqquşmalar zamanı 80-dən artıq insan saxlanılıb.
Antalyada 80-dən artıq aksiyaçı saxlanılıb

Azərbaycan, Bakı, 2 iyun /Trend/

Antalyada Taksim Gezi Parkındakı olaylara etiraz etmək üçün bütün gecə aksiya keçirənlərlə polis arasında baş vermiş toqquşmalar zamanı 80-dən artıq insan saxlanılıb. Trend-in "Anadolu" agentliyinə istinadən yaydığı xəbərdə deyilir ki, Gazı Bulvarında zibil konteynerlərindən barrikadalar qurmaqla yolu bağlayan aksiyaçılar AKP-nin şəhər təşkilatının qərargahına doğru irəliləyib.

Məlumata görə, aksiyaçıların daş və molotov kokteyllərindən istifadəsindən sonra polis vəziyyətə müdaxilə edib. Bundan sonra aksiyaçılar Vətən qovşağına qaçıblar və zibil konteynerlərinə od vurublar. Hətta, bəzi aksiyaçıların küçədəki xəstəxanalardan birinə girməsi haqqında məlumatların yayılmasından sonra tibb ocağında axtarışlar aparılıb. Polis burada 13 nəfəri gözaltına alıb.

Polisin Vətən qovşağında su şırnağından istifadəsindən sonra aksiyaçılar ara küçələrə qaçıblar. Burada isə polis 50 nəfəri saxlayıb.

Aksiyaçılar gecə boyunca Muradpaşa, Konyaaltı və Kəpəzdəki bəzi yerlərdə nümayişlər keçiriblər.

Saat 04:00 radələrində Cümhuriyyət meydanına yığılan aksiyaçılar Antalya Valiliyinin binasını daşlamağa başlayıblar və nəticədə binaya zərər dəyib.

Valiliyin qapılarını dağıtmağa cəhd göstərən aksiyaçılara qarşı yenidən polis müdaxiləsi olub. Lakin aksiyaçılar meydandakı polis kardonunu yara biliblər. Bu dəfə polis aksiyaçıları dağıtmaq üçün havaya atəş açıb. Aksiyaçıları Yavuz Özcan Parkına qədər qovalayan polis burada da 21 nəfəri həbs edib. Aksiyaçılar isə ara küçələrə qaçaraq dağılışıblar.

Bu arada qeyd edək ki, aksiya zamanı bir nəfər yaralanıb və xəstəxanaya aparılıb.

Aksiya səhər saatlarında başa çatıb.

Xəbər lenti

Xəbər lenti