...

Mübariz Əhmədoğlu: Rusiya və Azərbaycanın münasibətləri davamlı inkişafdadır

Siyasət Materials 4 İyun 2013 13:33 (UTC +04:00)
Rusiya ilə Azərbaycanın münasibətləri xeyli yaxşılaşdı, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində mövqeyini kəskin şəkildə Azərbaycana tərəf dəyişdi. Bu barədə Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Mübariz Əhmədoğlu: Rusiya və Azərbaycanın münasibətləri davamlı inkişafdadır

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir E.Mehdiyev/

Rusiya ilə Azərbaycanın münasibətləri xeyli yaxşılaşdı, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində mövqeyini kəskin şəkildə Azərbaycana tərəf dəyişdi. Bu barədə Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloq qeyd edib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov status-kvonun Rusiya, o cümlədən hamı üçün qəbuledilməz olduğunu bildirdi, Ermənistandan Azərbaycanın torpaqlarını geri qaytarmağı tələb etdi və bununla da Ermənistanın blokadadan çıxacağını bildirdi, bunun Ermənistana və Azərbaycana, həm də Dağlıq Qarabağda yaşayanlara faydalı olacağını qeyd etdi.

Əhmədoğlu deyib ki, KTMT-nin Bişkekdə keçirilən iclasında qəbul edilən sənədlərin birinə Dağlıq Qarabağ tənzimlənməsinə dair maddə salındı: "Həmin maddəyə görə, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları, beynəlxalq aləmdə qəbul olunmuş sənədlər, Helsinki Yekun Aktının üç məlum (ardıcıllıq belədir: 1-ci, güc tətbiq etməmək; 2-ci, ərazi bütövlüyü; 3-cü, millətlərin öz müqəddəratlarını təyinetmə prinsipləri) prinsipi əsasında və mümkün qədər sürətlə tənzimlənməlidir".

Əhmədoğlunun fikrincə, KTMT-nin bu mövqeyi təşkilata üzv olan Ermənistanın deyil, üzv olmayan Azərbaycanın maraqlarına daha çox cavab verir. Ermənistan KTMT-nin üzvüdür və bu qurumda qərarlar konsensusla qəbul olunur.

Politoloq hesab edir ki, bu səbəbdən KTMT sənədində Dağlıq Qarabağ tənzimlənməsinə dair yuxarıdakı məzmunlu maddənin olmasını Rusiyanın aşkar təsiri ilə izah etmək olar: "Rəsmi Moskva ilə rəsmi Bakı arasındakı son təmaslarda Azərbaycanın MDB məkanındakı inteqrativ layihələrə qoşulması mövzusuna qətiyyən toxunulmur. Rəsmi Moskva Azərbaycana silah satışını dayandırmadığını bildirdi. "RosOboronEksport" Azərbaycanla bağlanmış müqavilə öhdəliklərinin razılaşdırılmış qaydada reallaşdırıldığını rəsmi şəkildə bildirdi. Rusiya ilə Azərbaycan arasında sərhədlərin delimitasiya və demarkasiya danışıqları sağlam və konstruktiv keçir".

Əhmədoğlu vurğulayıb ki, Bakı-Novorossiysk kəməri ilə Azərbaycanın neftinin nəqli müqaviləsi dayandırılsa da, yeni müqavilənin hazırlanması barədə danışıqlar başlandı.
Politoloqun sözlərinə görə, Rusiya Ermənistan ərazisindən uçan erməni nazirin helikopterinə atəşin açılması xəbərinə zərrə qədər reaksiya vermədi: "Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Moskvaya səfəri ərəfəsində erməni mətbuatı Ermənistan müdafiə nazirinin helikopterinə Azərbaycan tərəfdən atəş açılması barədə məlumat yaymışdı. Bu hadisənin mühüm ərəfədə Rusiyanın reaksiyasını yoxlamaq məqsədilə olunduğunu istisna etmirik, lakin Ermənistanın da RF-lə Azərbaycanı qarşı-qarşıya qoymaq üşün belə məlumat yaymaqda maraqlı olduğunu unutmuruq".

Əhmədoğlu onu da əlavə edib ki, Dağıstanın paytaxtı Dərbəndin mərkəzi küşələrindən birinə ümummilli lider Heydər Əliyevin adı verildi: "Görünür, Rusiya Azərbaycanla bağlı siyasətində gündəmi dəyişib. Rusiya-Azərbaycan münasibətlərini gərginləşdirən inteqrativ layihələr arxa plana keçib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti