...

Mübariz Qurbanlı: Əminik ki, qarşıdan gələn seçkilərdə İlham Əliyevin namizədliyi xalqımız tərəfindən tam müdafiə olunacaq

Siyasət Materials 5 İyun 2013 10:46 (UTC +04:00)
Hakim Yeni Azərbaycan Partiyası (YAP) V qurultayına hazırlıq işlərini yüksək səviyyədə başa çatdırıb. Trend-in məlumatına görə, bu barədə YAP icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyib.
Mübariz Qurbanlı: Əminik ki, qarşıdan gələn seçkilərdə İlham Əliyevin namizədliyi xalqımız tərəfindən tam müdafiə olunacaq

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir E.Mehdiyev/

Hakim Yeni Azərbaycan Partiyası (YAP) V qurultayına hazırlıq işlərini yüksək səviyyədə başa çatdırıb. Bu barədə Trend-ə hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı bildirib.

Onun sözlərinə görə, YAP-ın rayon və şəhər təşkilatlarının hamısında konfranslar keçirildi, qurultaya nümayəndələr seçildi. Qurultaya hazırlıq çərçivəsində yerli strukturlar qarşıdan gələn seçkilərə hazırlıq istiqamətində də müəyyən işlər görüblər: "Bildiyiniz kimi V qurultayda Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyev partiyamızın növbəti prezident seçkilərində namizədi kimi rəsmən elan ediləcək. Cənab İlham Əliyevin bu seçkilərdə namizədliyinin irəli sürüləcəyi barədə partiya rəhbərliyinin fikirləri xeyli müddət əvvəl ictimaiyyətə çatdırılıb. Hamıya bəllidir ki, Prezident İlham Əliyevin namizədliyini bir sıra ictimai-siyasi təşkilatlar da müdafiə edirlər. Ancaq rəsmi surətdə bu qərar qurultayda qəbul olunacaq".

Qurbanlı vurğulayıb ki, partiyanın yerli strukturlarının konfranslarının gedişatında bir daha müşahidə olundu ki, partiyanın bütün üzvləri Cənab İlham Əliyevin namizədliyini birmənalı şəkildə müdafiə edirlər: "Ümumiyyətlə, bütövlükdə Azərbaycan cəmiyyəti Prezident İlham Əliyevin namizədliyini dəstəkləyir. Prezidentimizin güclü, zəngin, qüdrətli Azərbaycan quruculuğu istiqamətində həyata keçirdiyi siyasət cəmiyətimizdə hamı tərəfindən müdafiə olunur. Hazırki siyasətə qarşı ölkəmizdə narazılar çox cüzi səviyyədədir və onlar seçkinin nəticəsinə zərrə qədər də təsir etmək imkanına malik deyillər".

Qurbanlı əmin olduğunu bildirib ki, qarşıdan gələn seçkilərdə Cənab İlham Əliyevin namizədliyi xalqımız tərəfindən tam müdafiə olunacaq: "Və Cənab İlham Əliyev növbəti illərdə də Azərbaycan Prezidenti kimi ulu öndər Heydər Əliyev tərəfindən başlanan böyük işləri davam etdirəcək və dövlətimiz yeni-yeni zirvələr fəth edəcək, xalqımızın rifahı daha da yüksələcək və uğurlarımız daha da artacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti