...

Əfqanıstan gömrük sahəsində Azərbaycanın təcrübəsini öyrənməyə önəm verir

Siyasət Materials 12 İyun 2013 17:01 (UTC +04:00)
Azərbaycan Dövlət Gömrük Komitəsinin rəhbərliyi və Əfqanıstan İslam Respublikası hökumətinin nümayəndə heyəti arasında görüş keçirilib.
Əfqanıstan gömrük sahəsində Azərbaycanın təcrübəsini öyrənməyə önəm verir

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir İ.İzzət/

Azərbaycan Dövlət Gömrük Komitəsinin rəhbərliyi və Əfqanıstan İslam Respublikası hökumətinin nümayəndə heyəti arasında görüş keçirilib. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş Ümümdünya Gömrük Təşkilatının (ÜGT) Bakıda yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində baş tutub.

Görüşdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Azərbaycanın dost ölkə olan Əfqanıstanla bütün sahələrdə, o cümlədən, iqtisadi münasibətlərin və gömrük əməkdaşlığının inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayıb.

Komitə sədri bildirib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan gömrüyünün öz ənənələrini qoruyub saxlaması və daha da təkmilləşdirilməsi işini daim diqqət mərkəzində saxlayır. Hazırda Azərbaycan Gömrük Xidməti dünya gömrük ailəsində özünəməxsus layiqli bir yer tutmuş və aidiyyəti beynəlxalq qurumlarla əməkdaşlıq əlaqələrini daim inkişaf etdirir.

Azərbaycanda gömrük xidmətinin inkişafının prioritetlərinə toxunan DGK sədri qeyd edib ki, bu il iyunun 5-də BMT-nin İnkişaf Proqramı və Azərbaycan hökuməti arasında gömrük xidmətinin təkmilləşdirilməsi layihəsinin növbəti mərhələsinin icrasına dair müvafiq sənəd imzalanıb və layihənin məqsədi Azərbaycan Respublikasının gömrük ərazisində daşınan yüklərin hərəkətinə nəzarət etməkdən ibarətdir.

İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi yolu ilə gömrük islahatlarının aparılması təcrübəsini əfqanıstanlı həmkarları ilə bölüşməkdən məmnunluğunu ifadə edən Əliyev iki ölkə arasında bütün sahələrdə, o cümlədən, gömrük sferasında əməkdaşlığın daha da genişlənəcəyinə ümidvar olduğunu bildirib.

Əfqanıstan İslam Respublikası hökumətinin nümayəndə heyətinin rəhbəri, rabitə və informasiya texnologiyaları naziri Əmirzai Sangin iki ölkə arasında əlaqələrin mövcud vəziyyətindən, əməkdaşlığın perspektivlərindən söhbət açıb və ikitərəfli münasibətlərin inkişafında qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb.

Sangin Əfqanıstanda İKT sektorunun inkişaf təməlinin on il əvvəl qoyulduğunu diqqətə çatdıraraq bu sahədə bir sıra uğurlar əldə edildiyini, lakin hələ də problemlərin mövcud olduğunu və bu problemlərin həllində beynəlxalq əməkdaşlığa, o cümlədən, Azərbaycanın təcrübəsinin öyrənilməsinə önəm verdiklərini bildirib. Bu işdə dost və qardaş köməyinə görə təşəkkürünü bildirən nazir Əfqanıstanın Azərbaycanla bütün sahələrdə əməkdaşlığı bundan sonra da davam etdirəcəyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti