...

Rəsmi Bakı bəzi beynəlxalq təşkilatların tənqidlərini qərəzli hesab edir

Siyasət Materials 15 İyun 2013 14:14 (UTC +04:00)
"Biz internetə nəzarəti həyata keçirmirik. Cinayət məcəlləsinə əlavə olunan dəyişiklərin təsdiqlənməsi ilə İKT məkanında həyata keçirilən normaların requliasiyasını tənzimləyirik. Bu mənada beynəlxalq təşkilatların nümayəndələrinin bununla bağlı tənqidləri qərəzlidir".
Rəsmi Bakı bəzi beynəlxalq təşkilatların tənqidlərini qərəzli hesab edir

Azərbaycan, Bakı, 15 iyun /Trend, müxbir E.Mehdiyev/

"Biz internetə nəzarəti həyata keçirmirik. Cinayət məcəlləsinə əlavə olunan dəyişikliklərin təsdiqlənməsi ilə İKT məkanında həyata keçirilən normaların requlyasiyasını tənzimləyirik. Bu mənada beynəlxalq təşkilatların nümayəndələrinin bununla bağlı tənqidləri qərəzlidir".

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələrinin internet resurslarına da tətbiq olunması ilə bağlı parlamentin qəbul etdiyi layihəni Avropa İttifaqının ali nümayəndəsi Ketrin Eşton və Avropa İttifaqının Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Stefan Füle tərəfindən tənqid etməsinə cavab verərkən jurnalistlərə bildirib.

PA rəsmisi vurğulayıb ki, bütün ölkələrdə istər ekstremist, istərsə də milli-mənəvi dəyərlərə zidd materialların yayılması qanunla tənzimlənir və bu gün də internet o qədər geniş məkanı əhatə edir ki, burada nəyisə tənzimləmədən üstündən keçmək mümkün deyil: "Axı bir insanın digər insanı təhqir etməsi nədən cəzasız qalmalıdır? Bir şəxsin digərinə şər və böhtan atması nədən məsuliyyət yaratmamalıdır? Bu, əks halda internet məkanında xaosun yaranması deməkdir".

Onun sözlərinə görə, istər Avropa ölkələrində, istərsə də ABŞ-da internetdə münasibətlərin tənzimlənməsi və etik qaydaların həyata keçirilməsi üzrə bir sıra qanunlar, normalar illər əvvəl qəbul edilib: "Çünki həmin ölkələrdə internet illər əvvəl, bizdə isə təzəcə həyat normasına çevrilib. Artıq sosial şəbəkələr həyatımızın ayrılmaz hissəsidir. Bu baxımdan da qəbul edilən qərarlar bəzən bizim cəmiyyət tərəfindən müəyyən ehtiyatla qəbul oluna bilər. Amma bu qərarlarımız Avropanın, bütün inkişaf etmiş ölkələrin təcrübəsinə əsaslanır".

PA rəsmisi vurğulayıb ki, buna görə də Avropa İttifaqı təmsilçilərinin bu məsələ ilə bağlı bizə qarşı mövqeləri ilk öncə onların Azərbaycanda qəbul edilən qərarların mahiyyətinə varmamalarından irəli gəlir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti