...

Sərdar Cəlaloğlu: Milli Şuranın prezident seçkilərinə qədər gedib çıxacağı şübhə altındadır

Siyasət Materials 21 İyun 2013 15:51 (UTC +04:00)
Milli Şuranın daxilində kifayət qədər ziddiyətlər var. Bu cür daxili ziddiyyətlərlə təşkilatlar uzunömürlü olmur.
Sərdar Cəlaloğlu: Milli Şuranın prezident seçkilərinə qədər gedib çıxacağı şübhə altındadır

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir E.Mehdiyev/

Milli Şuranın daxilində kifayət qədər ziddiyətlər var. Bu cür daxili ziddiyyətlərlə təşkilatlar uzunömürlü olmur.

Bu barədə Trend-ə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirib: "Nəzərə alsaq ki, prezident seçkilərinə 3 aydan bir qədər artıq vaxt qalıb, o zaman Milli Şuranın daxilində bu ziddiyyətləri 3 aya həll etmək çox çətin olacaq. Digər tərəfdən, Rüstəm İbrahimbəyovun yalnız namizədliyi veriləndən sonra Bakıya gələcəyini bəyan etdiyini, bəzilərinin isə o, gəlməsə namizədliyini verməyəcəkləri ilə bağlı bəyanatlarını nəzərə alsaq, elə hesab edirəm ki, Milli Şura əvvəlki aktuallığını xeyli itirib".

Partiya sədri hesab edir ki, Milli Şuranın prezident seçkilərinə qədər gedib çıxacağı şübhə altındadır: "Yəni indiki tərkibdə axıra qədər gedə bilməsi şübhə altındadır. Mən düşünmürəm ki, Milli Şuranın vahid namizəd məsələsi asan olacaq. Hesab edirəm ki, Milli Şura bu məsələdə də lazımi addım ata bilməyəcək. Bunun da səbəbi odur ki, əgər ideyaların əvvəli düzgün başlamadısa, o ideyadan elə də ciddi nəticə gözləmək olmaz".

Milli Şuranın bu gün keçirilən iclasında komissiyaların yaradılmasına münasibət bildirən Cəlaloğlu qeyd edib ki, 100 komissiya da yarada bilərlər: "İstənilən partiyanın 15-20 komissiyası var. Milli Şuranın təcrübəsi Azərbaycan müxalifətinin bundan əvvəlki təcrübəsindən bir addım da qabağa getməyib. İndiki tərkib, indiki konfiqurasiya İctimai Palatanın modelidir. Siyasi partiyalar, QHT-lər və ayrı-ayrı fərdlər bundan qabaq İctimai Palatada idilər. İctimai Palata hansısa fundamental dəyişiklər edə bilmədi, Milli Şura da həmin konfiqurasiyadır, yəni xüsusi keyfiyyət dəyişmələri baş verməyib".

Cəlaloğlu vurğulayıb ki, Milli Şura hələ təşkilati işlərlə məşğuldur, lakin gərək seçki işləri ilə məşğul olaydı: "Bu baxımdan, ola bilsin ki, Milli Şuranın təşkilati işləri seçki qurtarandan sonraya qədər də başa çatmasın. Ola bilsin, Milli Şura heç seçki vəzifələrini yerinə yetirməyə başlaya bilməsin".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti