...

Fərhad Abdullayev Konstitusiya Məhkəməsinin sədri təyin edilib

Siyasət Materials 24 İyun 2013 18:53 (UTC +04:00)
Prezident İlham Əliyev Fərhad Sahib oğlu Abdullayevin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Fərhad Abdullayev Konstitusiya Məhkəməsinin sədri təyin edilib

Azərbaycan, Bakı, 24 iyun /Trend/

Prezident İlham Əliyev Fərhad Sahib oğlu Abdullayevin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Fərhad Abdullayev 5 dekabr 1958-ci ildə Bakı şəhərində anadan olub. 1965-ci ildə Bakı şəhərinin 189 saylı orta məktəbinə daxil olub, 1975-ci ildə həmin məktəbi bitirib. Həmin ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub və 1980-ci ildə həmin universiteti bitirib. 1980-ci ildə Azərbaycan Respublikası Ali Məhkəməsinə təyinatı üzrə işə qəbul olunub. Əvvəlcə məsləhətçi, sonradan baş məsləhətçi vəzifəsində işləyib, 1985-ci ildən isə şöbə rəisi vəzifəsində çalışıb.

1990-cı ildə Azərbaycan Respublikası Ali Soveti tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsinə seçilib və 2000-ci ilədək həmin vəzifədə çalışıb.

2000-ci ilin sentyabr ayında ölkədə ilk dəfə yaradılmış Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin sədr müavini vəzifəsinə təyin olunub.

25 iyun 2003-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin təsdiqindən sonra Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri vəzifəsinə təyin edilib.

2006-cı ildə hüquq elmləri namizədi alimlik dərəcəsini alıb.
Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2009-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının məhkəmə hakimiyyəti orqanlarında uzun müddət işlədiyinə görə "Azərbaycan Respublikasının əməkdar hüquqşünas" fəxri adı verilib.

Azərbaycan Respublikası ədalət mühakiməsinin həyata keçirilməsində iştiraki ilə yanaşı, bir sıra qanunvericilik aktlarının hazırlanmasında da fəal iştirak edib.

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvüdür.

Ailəlidir. İki övladı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti