...

Təbrizdə Naxçıvan MR-in yaradılmasının 90 illiyi münasibətilə tədbirlər keçirilib (FOTO)

Siyasət Materials 11 Fevral 2014 10:27 (UTC +04:00)
Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğu tərəfindən Naxçıvan Muxtar Respublikasının (MR) 90 illik yubileyi ilə əlaqədar Təbrizin “Beynəlxalq İpək Yolu” restoranında “Naxçıvan Muxtar Respublikası-90” adlı konfrans və rəsmi qəbul keçirilib.
Təbrizdə Naxçıvan MR-in yaradılmasının 90 illiyi münasibətilə tədbirlər keçirilib (FOTO)

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir T.Cəfərov/

Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğu tərəfindən Naxçıvan Muxtar Respublikasının (MR) 90 illik yubileyi ilə əlaqədar Təbrizin "Beynəlxalq İpək Yolu" restoranında "Naxçıvan Muxtar Respublikası-90" adlı konfrans və rəsmi qəbul keçirilib.

Azərbaycanın Təbrizdəki Baş Konsulluğundan Trend-ə verilən məlumata əsasən, yubiley tədbirlərinin açılış mərasimində Azərbaycanın və İranın dövlət himnləri səsləndirilib.

Azərbaycanın Təbrizdəki baş konsulu Əli Əlizadə konfrasda çıxış edərək, Naxçıvan MR-in yaradılmasının Azərbaycanın siyasi tarixinin mühüm əhəmmiyyətli hadisəsi olduğunu nəzərə alaraq Azərbaycan Respublikası Prezidentinin Muxtar Respublikanın 90 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı sərancam imzaladığını bildirib.

Ə.Əlizadə Naxçıvanın tarixən keçdiyi çətin sınaqlarla dolu mürəkkəb və şərəfli yoldan söz açıb, 1918-24 illərdə ermənilərin Azərbaycan əhalisinə, o cümlədən naxçıvanlılara qarşı davam etdirdiyi soyqırımları, Naxçıvan diyarının Ermənistana ilhaq edilməsi cəhdləri, Azərbaycanın qədim diyarı olan Naxçıvanda muxtar respublikanın yaradılmasının tarixi-siyasi əsasları və əhəmiyyəti, Moskva və Qars müqavilələri, Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 1924-cü il 9 fevral tarixli qərarı haqqında iştirakçılara məlumat verib.

Baş konsul Azərbaycan xalqının ümummilli lideri H.Əliyevin 1990-93-cü illərdə Naxçıvanda yaşayıb işləməsinin Naxçıvanın bugünkü mövcudluğuna və inkişafına şərait yaratdığını, Naxçıvanda işlədiyi dövrdə onun təşəbbüsü ilə qəbul olunan bir sıra qərarların sonradan Azərbaycanın da müstəqilliyinin qorunub saxlanılmasında, Azərbaycanın çiçəklənməsində əvəzsiz rola malik olduğunu qeyd edib.

O, Heydər Əliyevin Azərbaycanın Naxçıvan MR-nin Ali Məclisinin sədri işlədiyi dövrdə əsasını qoyduğu Azərbaycan-İran əlaqələrindən, hər iki ölkənin rəhbərlərinin iradələri ilə bu əlaqələrin hazırkı inkişafından və Naxçıvan MR-in İran İslam Respublikasının sərhəd vilayətləri ilə əməkdaşlığından da söhbət açıb.

Daha sonra konfransda Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Tarix, Arxeologiya və Etnoqrafiya İnstitunun direktoru, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin deputatı, tarix elmləri doktoru, professor Fəxrəddin Səfərli çıxış edib.

Konfransda İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin Şimal-Qərb Nümayəndəliyinin rəhbəri Seyid Əhməd Neməti də çıxış edərək İranın Azərbaycanla olan tarixi, mədəni, dini və digər ortaqlıqlarından, Azərbaycanın müstəqilliyini yenidən əldə etdikdən sonra İran tərəfindən tez bir zamanda rəsmi olaraq tanınmasından, İranın hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanımasından bəhs edib.

O deyib ki, İranın Azərbaycan ilə, xüsusilə də İran və onun Şərqi Azərbaycan vilayətinin Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə müxtəlif sahələrdə əməkdaşlıqları var.

Çıxışlardan sonra "Naxçıvan: İnkişafın qürur doğuran səhifələri" adlı film də nümayiş olunub.

Konfrans başa çatdıqdan sonra Naxçıvan MR-in yaradılmasının 90 illik yubileyi ilə əlaqədar rəsmi qəbul təşkil edilib. Rəsmi qəbulda "5000 ilin Naxçıvanı" adlı videoçarx nümayiş olunub, Azərbaycan xalq mahnıları və musiqiləri səsləndirilib, iştirakçılar zəngin mətbəximizin yeməkləri və şirniyyatlarına qonaq ediliblər.

Konfransda İranın Xarici İşlər Nazirliyinin Şimal-Qərb Nümayəndəliyinin rəhbəri, İranın Şərqi Azərbaycan valiliyinin aparatının rəhbəri və vilayətin bəzi digər orqanlarının rəsmiləri, Türkiyə Respublikasının Təbrizdəki baş konsulu və Baş Konsulluğun əməkdaşları, şəhər ictimaiyyətinin nümayəndələri, eləcə də Təbrizdə yaşayan Azərbaycan vətəndaşları iştirak ediblər. Yubiley tədbirləri iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti