...

Bakıda TÜRKPA-ya üzv ölkələr nəqliyyat məsələlərini müzakirə edirlər

Siyasət Materials 11 Fevral 2014 11:49 (UTC +04:00)
TÜRKPA-nın gələcəyinə hər birimizdə böyük əminlik var. Hesab edirik ki, bu qurum fəaliyyətqabiliyyətli təşkilata çevriləcək və artıq çevrilməkdədir.
Bakıda TÜRKPA-ya üzv ölkələr nəqliyyat məsələlərini müzakirə edirlər

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir İ.İzzət/

"TÜRKPA-nın gələcəyinə hər birimizdə böyük əminlik var. Hesab edirik ki, bu qurum fəaliyyətqabiliyyətli təşkilata çevriləcək və artıq çevrilməkdədir. İnanırıq ki, TÜRKPA bütün sahələrdə əməkdaşlığın inkişafına töhfə verən və türk dünyasının səsini bütün dünyaya çatdıran təşkilata çevrilə biləcək". Trend xəbər verir ki, bunu Milli Məclis sədrinin 1-ci müavini Ziyafət Əsgərov bu gün Bakıda keçirilən TÜRKPA-nın İqtisadiyyat, ticarət və maliyyə məsələləri komissiyasının 3-cü iclasında bildirib.

Onun sözlərinə görə, TÜRKPA hazırda bir sıra beynəlxalq təşkilatlarda müşahidəçi qismində iştirak edir. İclasın gündəliyinə nəqliyyatla bağlı məsələnin təsadüfdən salınmadığını bildirən I vitse-spiker bu ilin sonu, gələn ilin əvvəlində Bakı-Tbilisi-Qars dəmiryolunun artıq fəaliyyətə başlayacağını bildirib. O, qeyd edib ki, bu, təkcə nəqliyyat layihəsi deyil, həm də dövlətlərin yaxınlaşmasına kömək edən mühüm layihədir.

Onun sözlərinə görə, bundan əlavə, "Şahdəniz-2" layihəsi həm Azərbaycan qazının, həm də gələcəkdə Orta Asiya ölkələrinin neft-qaz resurslarının Avropaya çatdırılmasında mühüm rol oynayacaq: "Bu, o deməkdir ki, nəqliyyat lokomotivinin əsas hissəsi türk dünyasının payına düşür. Düzdür, ötən əsrin əvvəlllərində Zəngəzur mahalının Azərbaycandan alınaraq Ermənistana verilməsi türk dünyasının arasını coğrafi baxımdan kəsdi. Buna baxmayaraq, bu coğrafi baryerləri də aşıb keçəcəyik. Arzu edərdim ki, bu məsələdə Orta Asiya ölkləri daha fəal olsunlar ki, qarşıya qoyulan məqsədə nail olaq. Bizi birləşdirən təkcə nəqliyyat coğrafiyası deyil, tariximiz, mədəniyyətimizdir. Bu baxımdan bu iclasın böyük əhəmiyyəti var. İnanıram ki, bu iclasda qəbul edilən qərarlar da türk dünyasının inkişafına töhfə verəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti