...

Avropa Parlamentində Azərbaycandakı son prezident seçkiləri ilə bağlı heç bir müzakirə planlaşdırılmayıb

Siyasət Materials 12 Fevral 2014 14:59 (UTC +04:00)
Avropa Parlamentində Azərbaycanda 2013-cü ildə keçirilmiş prezident seçkiləri ilə bağlı müzakirələr planlaşdırılmır. Avropa Parlamentinin seçkilərlə bağlı müşahidə missiyası işini bitirib.
Avropa Parlamentində Azərbaycandakı son prezident seçkiləri ilə bağlı heç bir müzakirə planlaşdırılmayıb

Azərbaycan, Bakı, 12 fevral /Trend, müxbir İ.İzzət/

Avropa Parlamentində Azərbaycanda 2013-cü ildə keçirilmiş prezident seçkiləri ilə bağlı müzakirələr planlaşdırılmır. Avropa Parlamentinin seçkilərlə bağlı müşahidə missiyası işini bitirib. Bunu Trend-ə hazırda Brüsseldə olan Milli Məclisin deputatı, Avropa İttifaqı-Azərbaycan parlament əməkdaşlığı komitəsi sədrinin müavini, Avronestin Enerji Komitəsinin sədri Fuad Muradov Avropa Parlamentinin ölkəmizdəki seçkilərlə bağlı loyal mövqeyinə görə öz deputatlarını cəzalandırması barədə yayılan məlumatı şərh edərkən bildirib.

Onun sözlərinə görə, Avropa Parlamentində prezident seçkilərini müşahidə etmək üçün rəsmi olaraq göndərilmiş deputatlarla bağlı hər hansı töhmət və cəza verilməsi faktı olmayıb: "Məlumatda adları çəkilən Avropa Parlamenti deputatları ilə bağlı heç bir müzakirə planlaşdırılmır və belə bir müzakirə olmayıb".

Millət vəkili qeyd edib ki, hətta əgər hər hansı bir müzakirə olsa belə, bu, Avropa Parlamenti tərəfindən Azərbaycanda keçirilmiş seçkiləri müşahidə etmək üçün rəsmi göndərilmiş Avropa Parlamentinin müşahidəçilərinə aid edilə bilməz: "Hətta belə bir məsələ müzakirə olunsa belə, bunun Azərbaycana heç bir aidiyyəti yoxdur. Məşvərət Komitəsi ancaq Avropa Parlamenti üzvü olan deputatların öz fəaliyyəti ilə bağlı araşdırma apara bilər".

Belə məlumatların yayılmasında xüsusi qrupların əli olduğunu deyən F.Muradov qeyd edib ki, Azərbaycanın müstəqil siyasəti bəzi dairələri qane etmir: "Azərbaycan dövləti bu gün müstəqil siyasət yürüdür. Bəzi dairələr isə bununla barışa bilmirlər. Nəticədə belə yalançı məlumatlar yayırlar".

Qeyd edək ki, Azərbaycanda bir sıra KİV-lərdə Avropa nəşrlərinə istinadən Avropa Parlamentinin Azərbaycanda 9 oktyabr prezident seçkilərini müşahidə edən 7 deputatı seçkilərin nəticələrinə dair loyal mövqe nümayişinə görə cəzalandırması barədə məlumat yayılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti