...

Bakıda səfərdə olan Georgi Marqvelaşvili İçərişəhərlə tanış olub

Siyasət Materials 13 Fevral 2014 12:08 (UTC +04:00)
Gürcüstan Prezidenti Georgi Marqvelaşvili Azərbaycana rəsmi səfəri çərçivəsində fevralın 13-də İçərişəhərlə tanış olub.
Bakıda səfərdə olan Georgi Marqvelaşvili İçərişəhərlə tanış olub

Azərbaycan, Bakı, 13 fevral /Trend/

Gürcüstan Prezidenti Georgi Marqvelaşvili Azərbaycana rəsmi səfəri çərçivəsində fevralın 13-də İçərişəhərlə tanış olub.

Trend-in məlumatına görə, ali qonağa paytaxt Bakının qədim tarixi rəmzlərindən biri, milli memarlığımızın nadir nümunəsi, UNESCO-nun Dünya İrs Siyahısına daxil edilən Qız qalası abidəsinin qeyri-adi memarlıq özəllikləri barədə məlumat verilib.

Yaxınlıqdakı Sıratağlı dini-memarlıq kompleksinin ərazisindəki ekspozisiya ilə tanışlıq da Gürcüstan Prezidentində böyük maraq doğurub.

İçərişəhərlə tanışlıq Azərbaycanın geniş tarixi, iqtisadi və mədəni əlaqələrindən xəbər verən, ölkə əhəmiyyətli abidə - Buxara karvansarası ilə davam etdirilib.

Elektromobillə gəzinti zamanı Gürcüstan Prezidentinə və nümayəndə heyətinin üzvlərinə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir, abadlaşdırma və bərpa işləri barədə ətraflı məlumat verilib.

Gürcüstan Prezidenti Georgi Marqvelaşvili Kiçik Qala küçəsində təndir çörəyinə qonaq edilib.

Gəzinti zamanı ali qonaq orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarix-memarlıq abidəsi olan "Şirvanşahlar sarayı kompleksi" ilə tanış olub.

Dünya əhəmiyyətli memarlıq abidəsi olan Məhəmməd məscidi ilə tanışlıq da Gürcüstan Prezidentində böyük maraq doğurub.

Gürcüstan Prezidenti Georgi Marqvelaşvili "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.

Azərbaycan paytaxtının qədim guşəsi ilə tanışlıqdan xatirə olaraq ali qonağa hədiyyə təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti