...

Mübariz Əhmədoğlu: Ukrayna məsələsində Qərb-Rusiya qarşıdurması MDB dövlətlərinə rəsmi Moskvanın təzyiqini artıra bilər

Siyasət Materials 13 Mart 2014 11:53 (UTC +04:00)
MDB məkanında ərazi bütövlüyünün pozulması halları uzun müddət Qərbi narahat etməyib.
Mübariz Əhmədoğlu: Ukrayna məsələsində Qərb-Rusiya qarşıdurması MDB dövlətlərinə rəsmi Moskvanın təzyiqini artıra bilər

Azərbaycan, Bakı, 13 mart /Trend, müxbir E.Mehdiyev/

MDB məkanında ərazi bütövlüyünün pozulması halları uzun müddət Qərbi narahat etməyib. Hətta Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü pozması Qərb tərəfindən müəyyən mənada müsbət qarşılanıb. Bunu Trend-ə açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloq bildirib ki, Qərbin MDB məkanında ərazi bütövlüyü prinsipinə ən əcaib münasibətlərindən biri yaxınlarda baş verdi: "Qaqauziya Moldovanın tərkibindən ayrılıb, Gömrük İttifaqına girmək haqqında referendum keçirildi. Qaqauziyanın bu addımının səbəbi Moldovanın Aİ ilə Assosiativ üzvlük haqqında müqaviləni imzalamasıdır. Aİ-nin rəsmi müşahidəçiləri bu referendumun monitorinqini apardılar və Qaqauziyanın Moldovadan ayrılması referendumunun demokratik keçirildiyini bəyan etdilər. İndi həmin Qərbin Ukraynanın ərazi bütövlüyü uğrunda mübarizə aparması anlaşılmazlıqdır".

M.Əhmədoğlunun sözlərinə görə, Qərb ərazi bütövlüyü prinsipini müdafiə edə bilməyəcək, yaxınlarda mövqeyindən geri çəkiləcək: "Amma indi ABŞ başda olmaqla Qərbin Rusiyaya qarşı hədələri əndazəni aşıb. Əgər ABŞ və Aİ öz təsiri zonasında olan dövlətlərin Rusiya ilə əlaqələrinə müdaxilə edəcəklərsə, RF də MDB dövlətlərinin Qərblə əlaqələrinə müdaxilə edəcək. Əgər Qərb Rusiyanın Avropa bazarına qaz satmasına maneçilik edəcəksə, Rusiya Xəzəryanı dövlətlərin qazının Avropaya nəqlinə maneçilik edəcəkdir. İndi qanlı toqquşmaların, silahlı müxalifətin geosiyasi parametrə çevrildiyi dövrdə dövlətlərarası münasibətlərdə silahlı hədələr təzyiq elementinə çevrilə bilər".

Politoloq deyib ki, Qərb MDB məkanını tanımır və öyrənməkdə maraqlı deyil. Qərb MDB məkanı üzrə ağıllı ideyaları rədd etməkdə daha mahir ustadır: "Ona görə Qərbin MDB məkanı üzrə atdığı bütün addımlar əks-effekt yaradır. Qərbin Ukraynadakı qarşıdurmadan sonra atacağı addımlar daha ciddi fəsadlar yarada bilər. Xəzər regionundan durub baxanda bu daha aydın görünür. Qazaxıstan Gömrük İttifaqının üzvüdür. Rusiya Avrasiya İqtisadi Birliyinin yaranması istiqamətində addımlarını sürətləndirib. Başqa sözlə, Rusiya çalışır ki, Qazaxıstanın müstəqil siyasət imkanının məhdudlaşdırılması yaxın zamanlarda baş tutsun. Taliblər Türkmənistana hərbi təhlükə yaradıblar".

Onun sözlərinə görə, Azərbaycan müstəqil siyasət apara bilir: "Lakin geosiyasi qarşıdurmanın indiki həddində Azərbaycanın müstəqil siyasəti çox çətin duruş gətirə bilər. Bəlkə də mümkün deyil. Ona görə Qərb Ukrayna ilə bağlı siyasətinin 6 ay-1 il öncəsini düşünsün. MDB dövlətlərini, Xəzərin enerji resurslarının Avropaya nəqlini risklə üzləşdirməsin".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti