...

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan əlaqələri öz dinamik inkişaf dövrünü yaşayır (FOTO)

Siyasət Materials 4 Aprel 2014 19:00 (UTC +04:00)
"Bu, bələdiyyə seçkilərindən sonra Sizin ilk səfərinizdir. Biz çox şadıq ki, ilk səfəriniz məhz Azərbaycana olan səfərdir. Mən də xatırlayıram ki, keçən il prezident seçkilərindən sonra ilk xarici səfərimi qardaş Türkiyəyə etmişəm."
Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan əlaqələri öz dinamik inkişaf dövrünü yaşayır (FOTO)

Azərbaycan, Bakı, 4 aprel /Trend/

"Bu, bələdiyyə seçkilərindən sonra Sizin ilk səfərinizdir. Biz çox şadıq ki, ilk səfəriniz məhz Azərbaycana olan səfərdir. Mən də xatırlayıram ki, keçən il prezident seçkilərindən sonra ilk xarici səfərimi qardaş Türkiyəyə etmişəm. Bu ənənə yaşayır, yaşayacaqdır və bir daha Türkiyə-Azərbaycan əlaqələrinin nə qədər yüksək səviyyədə olmasını göstərir. Fürsətdən istifadə edərək, rəhbərlik etdiyiniz partiyanı bələdiyyə seçkilərində qazandığı böyük qələbə münasibətilə bir daha ürəkdən təbrik etmək istəyirəm. Bu qələbə bir daha Sizin gördüyünüz işlərə türk xalqı tərəfindən verilən yüksək qiymətdir. Sizin rəhbərliyinizlə son illərdə Türkiyə böyük və şərəfli yol keçib". Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla birgə keçirdiyi mətbuat konfransında deyib.

Prezident deyib ki, Türkiyənin iqtisadi, siyasi, sənaye potensialı böyük dərəcədə artmışdır: "Türkiyə bu gün böyük 20-lərin sırasındadır. Dünyanı bir neçə il bundan əvvəl bürümüş iqtisadi və maliyyə böhranı Türkiyəyə heç bir təsir etməmişdir. Çünki Türkiyənin Sizin kimi rəhbəri vardır. Müdrik, öz xalqını sevən, xalqa bağlı olan lider var ki, Türkiyəni bu yolla irəliyə aparır".

İlham Əliyev bildirib ki, bütün sahələrdə Azərbaycan və Türkiyə qardaş kimi, dost kimi birgə fəaliyyət göstərir və bugünkü səfər əsnasında apardığımız danışıqlar və etdiyimiz söhbətlər bir daha bizim birliyimizi təsdiq edir: "Biz Türkiyənin uğurlarını öz uğurlarımız kimi qəbul edirik, bütün uğurlara sevinirik və çox şadıq ki, bu gün Türkiyə-Azərbaycan əlaqələri öz dinamik inkişaf dövrünü yaşayır. Biz siyasi sahədə müttəfiqik, bu gün dünyada ikinci belə ölkələr tapılmaz ki, bir-birinə Türkiyə və Azərbaycan kimi yaxın olsunlar. Biz iqtisadi sahədə böyük layihələrə imza atırıq, qarşılıqlı sərmayə qoyuluşu uğurla həll edilir və Azərbaycan sərmayələri Türkiyəyə yatırılır, Türkiyə sərmayələri Azərbaycana qoyulur və bu proses uğurla davam etdirilir. Növbəti 7-8 il ərzində haradasa 20 milyard dollara yaxın Azərbaycan sərmayəsi Türkiyə iqtisadiyyatına qoyulacaq və bu da bizim xaricə qoyduğumuz ən böyük sərmayədir. Bizi birləşdirən enerji layihələri vardır. Biz bu layihələri bərabər icra edirik və Türkiyə və Azərbaycan bu layihələrin icrasında öz liderlik rolunu göstərir. Artıq bu layihələr regional çərçivədən çıxıb dünya miqyaslı layihələrdir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TANAP layihələri dünyanın enerji xəritəsini dəyişdirmişdir".

Prezident qeyd edib ki, digər istiqamətlər üzrə birgə fəaliyyət göstərilir: "Bizi birləşdirən nəqliyyat, enerji dəhlizləri xalqlarımız üçün, qonşularımız üçün də böyük fayda verəcəkdir. Bu gün eyni zamanda hərbi sahədə əməkdaşıq haqqında fikir mübadiləsi apardıq, bu sahədə də çox yaxşı imkanlar var, perspektivlər var, nəticələr var".

Dövlət başçısı bildirib ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və işğaldan əziyyət çəkən soydaşlarımız öz doğma torpaqlarına qayıtmalıdırlar: "Əminəm ki, belə də olacaq, buna nail olmaq üçün biz daha da güclü olmalıyıq və olacağıq. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri bu gün müzakirə edildi. Biz Türkiyə dövlətinə minnətdarıq ki, daim bizə diqqət göstərir, Azərbaycanın haqlı işində bizə həmişə dəstəkdir, dayaqdır. Bildiyiniz kimi, beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyümüz uzun illərdir ki, Ermənistan tərəfindən pozulub, torpaqlarımız işğal altındadır, bu işğal, ədalətsizlik davam edir və buna son qoyulmalıdır. Bir sözlə, bugünkü səfər bir daha bizim ikitərəfli münasibətlərimizin inkişafı üçün çox gözəl addım olmuşdur. Çox şadam ki, yenidən öz dostum və qardaşımla görüşürəm. Bir daha sizə, bütün türk xalqına xöşbəxtlik və yeni uğurlar arzu edirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti