...

AŞPA-da Rusiya nümayəndə heyətinin səlahiyyətləri müzakirə olunur

Siyasət Materials 10 Aprel 2014 14:25 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) dördüncü iş günündə əsaslı səbəblərə görə Rusiyanın qurumda nümayəndə heyətinin artıq təsdiq olunmuş səlahiyyətlərinin yenidən nəzərdən keçirilməsi müzakirə olunur.
AŞPA-da Rusiya nümayəndə heyətinin səlahiyyətləri müzakirə olunur

Fransa, Strasburq, 10 aprel /Trend, müxbir A.Məhərrəmli/

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) dördüncü iş günündə əsaslı səbəblərə görə Rusiyanın qurumda nümayəndə heyətinin artıq təsdiq olunmuş səlahiyyətlərinin yenidən nəzərdən keçirilməsi müzakirə olunur.

Trend-in məlumatına görə, sözügedən müzakirələr AŞPA-nın Monitorinq Komitəsinin məruzəçisi, avstriyalı deputat Stefan Sçennak (Stefan Schennach) tərəfindən hazırlanan hesabat ətrafında aparılır.

Müzakirələrin sonunda hesabatın qətnamə layihəsinə dair səsvermə keçiriləcək. Assambleya üzvləri tərəfindən qətnamə layihəsinə 16 dəyişiklik təklif olunub.

Sözügedən hesabata təklif edilən əsas dəyişiklik hesabatın qətnamə layihəsinin 14-cü bəndinə təklif edilən 3-cü dəyişiklikdir. Belə ki, müzakirəyə çıxarılan qətnamə layihəsinin 14-cü bəndində deyilir: "Nəticə etibarilə, Rusiya Federasiyasının Ukraynaya qarşı hərəkətlərini pisləmək məqsədilə Assambleya 2015-ci ilin yanvar sessiyasına kimi Rusiya nümayəndə heyətinin səsvermə hüququnu dondurmaqla onun səlahiyyətlərinin təsdiq edilməsinə qərar verir".

Halbuki Kristof Çop (Christophe Chope) və Montorinq Komitəsinin digər üzvləri tərəfindən təklif edilən dəyişiklikdə qətnamə layihəsinin 14-cü bəndinin ləğvi və onun aşağıdakı formada redaktə olunması qeyd edilir: "Rusiya Federasiyasının Assambleyadakı üzvlərinin Krımın qeyri-qanuni işğalını təsdiq etmələri və ona fəal dəstək vermələri qətiyyətlə pislənilməlidir. Nəticə etibarilə, Assambleya gözləmə mövqeyi tutmadan Rusiya nümayəndə heyətinin səlahiyyətlərinin ləğv olunmasına qərar verir".

Bundan əlavə, qətnamə layihəsinin 14-cü bəndinə təklif edilən 11 və 14-cü dəyişikliklərdə də Rusiya nümayəndə heyətinin səlahiyyətlərinin ləğv olunması tələb edilir.

Əgər qətnamə layihəsinə təklif olunan 3 dəyişiklik qəbul olunarsa, Rusiya nümayəndə heyətinin qurumda səlahiyyətləri ləğv olunacaq.

AŞPA-nın plenar sessiyasının açılışında çıxış edən Monitorinq Komitəsinin məruzəçisi S.Sçennak bildirib: "Mən məsələyə mərhələli şəkildə yanaşmağı təklif edirəm. Bu məsələdə dialoq lazımdır. Aydındır ki, vəziyyəti nəzərə alaraq, Rusiya nümayəndə heyətinə sanksiyalar tətbiq olunmalıdır. Buna görə mən qərara aldım ki, Rusiya nümayəndə heyətinin AŞPA-da səsvermə hüququ dondurulsun. Bundan əlavə, təklif etdim ki, rusiyalı parlamentarilər İnsan Haqları üzrə Avropa Məhkəməsinə, eləcə də təşkilatın baş katibi postuna seçkilərdə də səsvermə hüququndan məhrum edilsin. Krımda keçirilən referendum qeyri-qanuni olduğuna görə, onların müşahidə missiyalarında da iştirakı yolverilməzdir. 2015-ci ilin yanvar sessiyasında bizim yenidən məsələni nəzərdən keçirmək və hər hansı sanksiyalar qəbul etməyə qərar vermək imkanımız olacaq. Əgər irəliləyiş olmasa, biz Rusiya nümayəndə heyətinin bir il ərzində AŞPA-da səlahiyyətlərini ləğv edə bilərik. Amma Rusiya nümayəndə heyətinə qapını bağlamaq lazım deyil. Buna görə Rusiya nümayəndə heyətinin səsvermə hüququnun dondurulmasını təklif edirəm. Dialoqu davam etdirmək lazımdır. Hər iki nümayəndə heyətlərini öz məsuliyyətləri ilə üz-üzə qoymaq lazımdır".

Qeyd edək ki, Rusiya nümayəndə heyətinin üzvləri müzakirələrdə iştirak etmirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti