...

Mübariz Əhmədoğlu: Prezident İlham Əliyevin İrana səfəri rəsmi Tehranın yeni məzmunlu mesajlarına şərait yaratdı

Siyasət Materials 14 Aprel 2014 12:09 (UTC +04:00)
İran regional siyasətini dəyişmək niyyətindədir. Eləcə də İranın ali dini lideri Seyid Əli Xamneyi "müqavimət iqtisadiyyatı" adı ilə İranda qeyri-neft iqtisadiyyatını qurmaq istəyir.
Mübariz Əhmədoğlu: Prezident İlham Əliyevin İrana səfəri rəsmi Tehranın yeni məzmunlu mesajlarına şərait yaratdı

Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir E.Mehdiyev/

İran regional siyasətini dəyişmək niyyətindədir. Eləcə də İranın ali dini lideri Seyid Əli Xamneyi "müqavimət iqtisadiyyatı" adı ilə İranda qeyri-neft iqtisadiyyatını qurmaq istəyir. Azərbaycan Prezidentinin indiki dövrdə İrana dəvət olunmasının əsas səbəbi də budur. Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloq qeyd edib ki, Azərbaycan İranla bu istiqamətlərdə əməkdaşlıq etməyə hazır olduğunu dəfələrlə bəyan edib.

M.Əhmədoğlunun fikrincə, İranın təşəbbüskarlıq etməsinə baxmayaraq "top hələ də İranın meydançasındadır".

Politoloq qeyd edib ki, İranın regional mesajları əvvəlkilərdən tam fərqlənir: "Onlardan biri "Ordubad" və "Marazad" su elektrik stansiyalarının tikilməsidir. Prezidentlərin görüşündən sonra imzalanan sənədlərdən biri "Ordubad" (Azərbaycan Respublikası) və "Marazad" (İran) iki su elektrik stansiyasının tikilməsini nəzərdə tutur. Təbii ki, bu SES-lər Araz çayının üzərində tikiləcək. Ən azı üç məsələ diqqəti çəkir: Birincisi, "Mehri" və "Qaraçilər" SES-lərin tikintisinə zərurət aradan qalxır. Azərbaycan "Mehri" SES-ə görə "Qaraçilər" SES-ə yaxın durmurdu. Çünki "Mehri" SES-in tikinti zamanı İranın üzərinə götürdüyü əlavə öhdəliklər, o cümlədən tikintinin və SES-in gələcək fəaliyyətinin təhlükəsizliyi ermənilərin işğalçılıq siyasətinin möhkəmlənməsinə və uzun müddət davam etməsinə şərait yaradardı. İndi İran "Ordubad" və "Marazad" SES-lərin tikintisini təklif etdi".

Politoloq hesab edir ki, bu həm də "Mehri" SES-in istehsal etdiyi elektroenerjisinin marketinqini çətinləşdirir.

M.Əhmədoğlunun sözlərinə görə, Azərbaycanın həmin regionda elektrik enerjisindən ehtiyacı yoxdur, əksinə Naxçıvanda elektrik enerjisi artıqlığı var.

Politoloq qeyd edib ki, belə olan təqdirdə bu iki SES-in istehsal etdiyi elektroenerji İranın yaxın ərazilərində istehlak olunacaq: "Bu iki SES-in istehsal etdiyi elektroenerji Türkiyəyə də satıla bilər. Başqa sözlə, bu əməkdaşlığa Türkiyə də qoşula bilər. İstehsal olunan elektroenerjinin bir qismi Naxçıvanın artan inkişafının dinamikasını dəstəkləmək üçün də istifadə oluna bilər. İkincisi, Arazın su resurslarından iki SES üçün istifadə olunması Ermənistanın "Vorotan" SES-in istehsal gücünə də təsir edəcək. Ən azı, "Vorotan" SES-in texniki-iqtisadi parametrləri indikindən fərqlənəcək. Beləliklə, "Vorotan" SES-in elektrik enerjisi istehsal edən qurğu kimi əhəmiyyəti azalacaq".

M.Əhmədoğlunun sözlərinə görə, İran bununla Ermənistana sübut edə biləcək ki, ABŞ-ın "Vorotan" SES-i almaqda məqsədi elektrik enerjisi istehsal etmək deyil, İrana qarşı casusluq şəbəkəsi qurmaqdır.

Politoloq hesab edir ki, nəticədə ABŞ-la əməkdaşlıq məsələlərində İranın Azərbaycandan şübhələri azalacaq, Ermənistandan şübhələri artacaqdır: "Azərbaycan İranın maraqlarına ziyan vara bilən addımlara öz münasibətini bu formada ortalığa qoydu. Üçüncüsü, bu İranın Azərbaycana inamının uzunmüddətli olacağının göstəricisidir. Urmiya gölünə ən yaxın məsafə məhz bu iki SES-in tikildiyi ərazidəndir. Araz çayı Urmiya gölünü xilas etmək resurslarına malik deyil, amma İranın Urmiya gölü ətrafında əhalisini su ilə təminində əhəmiyyətli rol oynaya bilər. Bu məsələ üçün Azərbaycanın razılığı lazımdır. Görünür, İran razılığı alıb".

M.Əhmədoğlu əlavə edib ki, İranın digər yeni mesajları daha ciddi siyasi tutumludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti