...

Azərbaycanda hərbi qulluqçuların istifadə edilməmiş məzuniyyətləri ilə bağlı qərar qəbul edilib

Siyasət Materials 14 Aprel 2014 17:48 (UTC +04:00)
Nazirlər Kabineti “Hərbi qulluqçuların statusu haqqında” qanunun 11-ci maddəsinin 1-ci bəndinin iyirminci abzasının və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 121-ci maddəsinin ikinci hissəsinin şərh edilməsini Konstitusiya Məhkəməsindən xahiş edib.
Azərbaycanda hərbi qulluqçuların istifadə edilməmiş məzuniyyətləri ilə bağlı qərar qəbul edilib

Azərbaycan, Bakı, 14 aprel /Trend, müxbir İ.İzzət/

Nazirlər Kabineti "Hərbi qulluqçuların statusu haqqında" qanunun 11-ci maddəsinin 1-ci bəndinin iyirminci abzasının və "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 121-ci maddəsinin ikinci hissəsinin şərh edilməsini Konstitusiya Məhkəməsindən xahiş edib.

Konstitusiya Məhkəməsindən Trend-ə verilən məlumata görə, sorğuda qeyd olunur ki, hərbi qulluqçuların sosial müdafiəsinin yaxşılaşdırılması və hərbi qanunvericilik sahəsində normativ hüquqi aktların qüvvədə olan əmək qanunvericiliyinə uyğunlaşdırılması məqsədilə "Hərbi qulluqçuların statusu haqqında" qanuna və "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə əlavə edilməsi barədə" 2010-cu il 11 may tarixli Qanunu qeyd olunan aktlara aşağıdakı məzmunda yeni müddəa əlavə edilmişdir:

"Hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir".

Nazirlər Kabineti "Təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etməyən hərbi qulluqçuya (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə" 2012-ci il 28 sentyabr tarixli qərar qəbul edib.

Həmin Qərarın 1-ci hissəsinə görə hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində qanunvericilikdə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın məbləğinin müəyyən edilməsi üçün onun müraciət etdiyi vaxtda mövcud olan vəzifə maaşının, rütbəyə görə maaşın və xidmət illərinə görə əlavənin məbləği ayın təqvim günlərinin orta illik miqdarına (30,4 günə) bölünür və alınmış məbləğ istifadə edilməmiş məzuniyyət müddətinin təqvim günlərinin sayına vurulur.

Sorğuverənin qənaətinə görə, belə tənzimlənmə əsasən hərbi qanunvericilikdə təsbit olunmuş hərbi qulluqçunun statusunun anlayışının məzmunundan irəli gəlir. Belə ki, "Hərbi qulluqçuların statusu haqqında" Qanunun 3-cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.

Sorğuda həmçinin qeyd olunur ki, 2010-cu il 11 may tarixli Qanun 2010-cu ilin 12 iyun tarixindən qüvvəyə mindiyindən, 2012-ci il 28 sentyabr tarixli Qərarın icrası həmin Qanunun qüvvəyə mindiyi tarixdən etibarən həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara şamil edilməlidir.

Konstitusiya Məhkəməsi sorğu ilə bağlı qərar qəbl edib.

Qərara görə, "Hərbi qulluqçuların statusu haqqında" qanunun 11-ci maddəsinin 1-ci bəndinin iyirminci abzasında və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 121-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulan təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya almaq hüququ 2010-cu ilin 12 iyun tarixinədək ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara da şamil olunur.

Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq 2010-cu ilin 12 iyun tarixinədək ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara həqiqi hərbi xidmətdə olduqları dövrün təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın məbləğinin və ödəmə qaydalarının müəyyən edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tövsiyə edilsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti