...

Prezident İlham Əliyev: Azərbaycan dinamik inkişaf templərini saxlaya bilib (FOTO)

Siyasət Materials 14 Aprel 2014 23:55 (UTC +04:00)
Bu gün biz Nazirlər Kabinetinin iclasında 2014-cü ilin birinci rübünün iqtisadi və sosial yekunlarını müzakirə edəcəyik. Xatırlayıram, 2013-cü ilin yekunlarını müzakirə edərkən mən bildirmişdim ki, əminəm 2014-cü il də iqtisadi inkişaf baxımından ölkəmiz üçün uğurlu olacaqdır və ilin üç ayının yekunları bunu təsdiqləyir. Azərbaycan dinamik inkişaf templərini saxlaya bilmişdir.
Prezident İlham Əliyev: Azərbaycan dinamik inkişaf templərini saxlaya bilib (FOTO)

Azərbaycan, Bakı, 14 aprel /Trend /

Bu gün biz Nazirlər Kabinetinin iclasında 2014-cü ilin birinci rübünün iqtisadi və sosial yekunlarını müzakirə edəcəyik. Xatırlayıram, 2013-cü ilin yekunlarını müzakirə edərkən mən bildirmişdim ki, əminəm 2014-cü il də iqtisadi inkişaf baxımından ölkəmiz üçün uğurlu olacaqdır və ilin üç ayının yekunları bunu təsdiqləyir. Azərbaycan dinamik inkişaf templərini saxlaya bilmişdir.

Trend-in məlumatına görə, bunu aprelin 13-də Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında giriş nitqində deyib.

İlham Əliyev bildirib ki, ölkəmiz bütün sahələrdə uğurla irəliyə gedir. İqtisadiyyat 2,5 faiz artmışdır: "Hesab edirəm ki, bu, yaxşı göstəricidir. Ümumi daxili məhsulumuzun strukturu da yaxşılaşır. Əlbəttə ki, son illərdə bizim üçün iqtisadi inkişafı göstərən əsas göstərici qeyri-neft sektorunun parametrləridir. Keçən ildə olduğu kimi, bu il də biz bu sahədə sürətli inkişafa nail ola bilmişik.

Keçən il qeyri-neft sektorumuz 10 faiz, bu ilin birinci rübündə isə 8,8 faiz artmışdır. Əlbəttə ki, bu artım son illərdə Azərbaycanda aparılan islahatların nəticəsidir. İqtisadiyyatla bağlı aparılan siyasət bizi bax bugünkü reallığa gətirib çıxarmışdır.

İqtisadiyyatın şaxələndirilməsi bizim əsas prioritetimizdir. Hesab edirəm ki, biz buna nail ola bilmişik. Çünki artıq uzun müddət ərzində qeyri-neft sektorumuz sürətlə artır.

Hesab edirəm ki, biz sosial məsələlərin həllində də siyasətimizi düzgün istiqamətdə aparırıq. Bu siyasət artıq illər ərzində aparılır və sınaqdan çıxmışdır. Əhalinin pul gəlirləri 4,5 faiz artmışdır. İnflyasiya isə cəmi 2 faiz təşkil edir. Beləliklə, həmişə olduğu kimi, əhalinin gəlirləri inflyasiyanı 2 dəfədən çox üstələyir. Bu da insanların sosial məsələlərinin həlli üçün əsas şərtdir. Eyni zamanda, bu, Azərbaycanda iqtisadi və sosial islahatların düzgün istiqamətdə aparılmasını göstərir. Çünki köklü iqtisadi islahatlar, eyni zamanda, çox ciddi sosial proqramlarla da təmin edilməlidir".

Prezident qeyd edib ki, kənd təsərrüfatında artım 3 faizdən bir qədər çoxdur. Bu da müsbət hal kimi qiymətləndirilə bilər: "Əminəm ki, gələcək illərdə görüləcək əlavə tədbirlər nəticəsində biz bu sahədə daha da böyük rəqəmlər görəcəyik.

Bizim valyuta ehtiyatlarımız artır və birinci rübdə xeyli artmışdır. Hazırda valyuta ehtiyatlarımız 53 milyard dollar təşkil edir. Bu, çox böyük rəqəmdir. Xüsusilə ölkəmizin əhalisini nəzərə alsaq görərik ki, bu göstərici üzrə adambaşına düşən valyuta ehtiyatlarına görə Azərbaycan dünyada qabaqcıl ölkələr arasındadır. Ən önəmli məsələ ondan ibarətdir ki, baxmayaraq, bizim böyük investisiya proqramlarımız icra edilir, valyuta ehtiyatlarımız azalmır, ildən-ilə artır. Bu da bizim siyasətimizdir. Mən bunu dəfələrlə bəyan etmişəm ki, biz əlbəttə, iqtisadiyyatımızın, sahibkarlığın inkişafı, infrastruktur layihələrinin icrası üçün öz maliyyə imkanlarımızdan istifadə etməliyik, eyni zamanda, valyuta ehtiyatlarımız da ildən-ilə artmalıdır.

Bu gün bizim təcrübəmiz, vəsaiti iqtisadiyyatın real sektoruna yönəltmək, investisiyaları cəlb etmək və infrastruktur layihələrini icra etmək siyasətimiz hesab edirəm ki, dünya miqyasında artıq bir nümunə kimi qəbul edilir.

Çünki vaxtilə bu siyasətdə müxtəlif fikirlər var idi. Bəzi beynəlxalq maliyyə qurumları bizə başqa məsləhətlər verirdi, başqa tövsiyələr irəli sürülürdü. Ancaq biz öz siyasətimizi düzgün aparmışıq. Ölkəmizi inkişaf etdirmək, güclü potensial yaratmaq və qeyri-neft sektorunun inkişafı üçün biz valyuta ehtiyatlarımızdan çox səmərəli şəkildə istifadə etdik.

Eyni zamanda, bizim çox güclü maliyyə vəziyyətimiz müstəqil siyasətimizi şərtləndirir. Çünki iqtisadi cəhətdən azad olan, heç kimdən asılı olmayan ölkə beynəlxalq aləmdə öz sözünü daha da qətiyyətlə deyə bilir".

Dövlət başçısı vurğulayıb ki, Azərbaycanın əsas iqtisadi parametrləri çox müsbətdir: "Bu mənzərə gələcəyə də nikbinliklə baxmaq üçün imkan verir. Mən əminəm ki, ilin sonuna qədər bu inkişaf templəri davam edəcək və biz 2014-cü ili də böyük uğurlarla başa vuracağıq.

Əhalinin banklarda əmanətləri 20 faizdən çox artmışdır. Bu da çox müsbət göstəricidir. Bu, ilk növbədə onu göstərir ki, insanların maddi vəziyyəti yaxşılaşır. Digər tərəfdən, bu hal banklara inamın təzahürüdür. Eyni zamanda, bu, imkan verir ki, banklarımız ölkəmizin iqtisadi inkişafında daha da fəal iştirak etsinlər və əvvəlki toplantılarda dediyim kimi, iqtisadiyyatın real sektoruna daha çox kredit resurslarını yönəltsinlər. Çünki belə olan halda işlərimiz daha da sürətlə gedəcəkdir.

Biz bu ilin birinci rübünün cəmi iki ayı ərzində Azərbaycanda böyük bir sosial təşəbbüsün icrasını müşahidə edirik. Əhalinin dispanserizasiya proqramı icra edilir. Bu, sırf sosial məna daşıyan bir layihədir. Bu layihənin icra edilməsi üçün əlbəttə ki, ilkin şərtlər olmalı idi. O da ondan ibarətdir ki, müasir avadanlıq, müasir tibb mərkəzləri olmalıdır ki, bunları da biz son illər ərzində bütün ölkə üzrə yaratmışıq. Belə olan halda ən müasir avadanlıqdan istifadə edərək müayinədən keçmək üçün ölkəmizin hər bir yerində imkan vardır. Qısa müddət ərzində - cəmi iki ayda dörd milyon insan bu müayinədən keçib. Hesab edirəm ki, bu təşəbbüs hər il göstərilməlidir və bu, daimi proses olmalıdır.

Mən son illərdə, müxtəlif bölgələrdə yeni xəstəxanaların açılışlarında, görüşlər əsnasında bir fikri dəfələrlə vurğulamışam ki, hər bir insan ildə bir dəfə müayinədən keçməlidir. Şadam ki, artıq vətəndaşlar da buna müsbət reaksiya verirlər. Çünki bu, ilk növbədə onlar üçün lazımdır, hər bir insan üçün lazımdır. Bu gün Azərbaycanda müasir tibbi avadanlıqlar var ki, istənilən müayinəni aparmaq mümkündür. Yəni, hesab edirəm ki, bu, sosial siyasətimizin tərkib hissəsi olan çox önəmli bir təşəbbüsdür. Şadam ki, bunu biz icra edə bilirik".

İlham Əliyevin sözlərinə görə, birinci rübdə orta əməkhaqqı təxminən 7 faiz artmışdır: "Bu gün Azərbaycanda orta əməkhaqqı 430 manat, yəni 550 dollar səviyyəsindədir. Əməkhaqqı ildən-ilə artır və artacaqdır. Gələcəkdə görüləcək işlər, iqtisadi inkişaf, neft-qaz sektorunun inkişafı sayəsində, eyni zamanda, maaşların və pensiyaların qaldırılması nəticəsində orta əməkhaqqı və orta pensiya daha da artmalıdır, artacaqdır.

İlin birinci rübündə regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramı qəbul edildi. Biz ikinci Proqramın yekunlarını fevral ayında müzakirə etmişik. Üçüncü Proqramın qəbul edilməsi əminəm ki, qalan sosial və iqtisadi məsələlərin növbəti beş il ərzində həlli üçün bizə böyük dəstək olacaqdır. Bu da əvvəlki proqramlar kimi çox müfəssəl bir sənəddir. Proqramda bütün məsələlər öz əksini tapıbdır. Hər bir rayon üzrə konkret vəzifələr, tapşırıqlar vardır. Təbii ki, icra mexanizmləri, maliyyə resursları da bu Proqramı dəstəkləyir. Əminəm ki, 2018-ci ilə qədər bu Proqramın icrası nəticəsində bölgələrdə əsas sosial infrastruktur, iqtisadi məsələlər öz həllini tapacaqdır.

Eyni zamanda, Bakı və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Proqramı qəbul edilib. Bu Proqram 2016-cı ildə başa çatacaqdır. O vaxta qədər Bakının qəsəbələrində bütün infrastruktur layihələri icra ediləcəkdir. Qazlaşdırma tam axıra çatdırılacaqdır, elektrik enerjisi ilə təminat daha da yaxşı olacaqdır, içməli su, kanalizasiya, kənd yollarının tikintisi layihələri icra ediləcəkdir. İş yerləri açılacaq, məktəblər, xəstəxanalar, tibb məntəqələri tikiləcəkdir. Yəni, hər bir qəsəbədə bu proqram öz nəticəsini göstərəcəkdir".

Prezidentin fikrincə, bütövlükdə birinci rübdə sosial infrastrukturun yaradılması istiqamətində də önəmli addımlar atılıb: "Bu, artıq daimi bir prosesdir. Hələ ki, bu sahədə görüləsi işlər çoxdur. Baxmayaraq ki, 2 mindən artıq məktəb, 500-dən çox xəstəxana tikilib, yenə də buna ehtiyac vardır. Çalışmalıyıq ki, 2018-ci ilin sonuna qədər bu sahədə də bütün təmir-bərpa və tikinti işlərini yekunlaşdıraq ki, sosial infrastruktur tamamilə yenilənsin".

Dövlət başçısı bildirib ki, birinci rübdə sahibkarlığın inkişafı istiqamətində əlavə tədbirlər görülmüşdür: "Biznes mühitinin yaxşılaşdırılması üçün çox önəmli Sərəncam imzalanmışdır. Bu Sərəncamın icrası bizə imkan verəcək ki, həm Dünya Bankının "Doing Business" reytinqində yerimizi daha da yüksəklərə qaldıraq. Eyni zamanda, ən önəmlisi ondan ibarətdir ki, Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması üçün biz əlavə addımları ataq. Bu, deyə bilərəm ki, bizim siyasətimizin əsas istiqamətlərindən biridir. Bu gün ölkə iqtisadiyyatının mütləq əksəriyyəti özəl sektorda formalaşır. Özəl sektor gələcəkdə Azərbaycan iqtisadiyyatının inkişafını təmin edəcəkdir. Biznes mühitinin yaxşılaşdırılması, yerli və xarici investorlar üçün daha da əlverişli vəziyyətin yaradılması daim diqqət mərkəzindədir. Əminəm ki, mənim Sərəncamımda nəzərdə tutulan müddəaların icra edilməsi nəticəsində biz bu sahədə daha da yaxşı nəticələr əldə edəcəyik.

Bütövlükdə sahibkarlıqla bağlı məsələlər Azərbaycanda uğurla həll edilir. Ölkəmizdə investisiya iqlimi çox müsbətdir. Birbaşa xarici sərmayələrin qoyuluşuna görə Azərbaycan MDB məkanında liderlik rolunu saxlayır. Şadam ki, daxili investisiyalar artıq bir neçə ildir ki, xarici investisiyaları üstələyir. Çalışmalıyıq ki, ölkə iqtisadiyyatına qoyulan vəsait artsın və bu vəsait bizim iqtisadi siyasətimizlə tam uzlaşsın.

Çünki xarici investorların təbii ki, öz maraqları ola bilər və vardır. Ölkəmizin də öz maraqları vardır. Biz bunları bir-biri ilə bağlamalıyıq, bağlayırıq. Bugünkü Azərbaycan artıq dünya miqyasında biznes aparmaq üçün çox gözəl ölkə kimi tanınır".

İlham Əliyevin sözlərinə görə, təsadüfi deyil ki, aparıcı maliyyə qurumlarının reytinqlərində Azərbaycanda iqtisadi islahatlarla bağlı çox müsbət rəy vardır: "İqtisadiyyatımızın rəqabətqabiliyyətliliyi artır. Aparıcı reytinq agentlikləri bizim kredit reytinqlərimizi yüksək səviyyədə saxlayır. Biz bu gün xarici maliyyə bazarlarından istənilən məbləğdə vəsait cəlb edə bilərik və bunu artıq bu yaxınlarda etmişik. Çox məhdud sayda etmişik. Ancaq tələbat və ya sifariş təklif etdiyimiz imkanlardan təqribən 4-5 dəfə artıq olmuşdur. Biz ən məqbul şərtlərlə əlavə maliyyə resursları cəlb etmişik.

Bizim maliyyə vəziyyətimiz, ümumiyyətlə, belədir ki, beynəlxalq bazarlardan istənilən məbləğdə limitsiz, məhdudiyyətsiz, kredit resursları ala bilərik. Sadəcə olaraq, bunu böyük dərəcədə etmirik. Çünki buna ehtiyac yoxdur. Ancaq bu gün Azərbaycan xarici borcun səviyyəsinə görə, deyə bilərəm ki, dünyada aparıcı yerlərdədir. Xarici borc ümumi daxili məhsulun cəmi 8 faizini təşkil edir. Bu, dünya miqyasında bəlkə də ən aşağı göstəricidir, bəlkə onlardan biridir.

Bir sözlə, bu gün bizim öz maliyyə imkanlarımız vardır. Onları biz yaratmışıq, gərgin iş, düşünülmüş siyasət nəticəsində, enerji sektorunun inkişafı sayəsində. Eyni zamanda, biz bu gün istənilən məbləği ölkə iqtisadiyyatına cəlb edə bilərik. Ancaq bir daha demək istəyirəm və hesab edirəm ki, xarici borcumuzun ümumi daxili məhsulumuzda səviyyəsi bir rəqəmlə ölçülməlidir. Bu gün bu, 8 faizdir. Yəni, bu səviyyədə qalsa, hesab edirəm ki, gələcək üçün də və imkanlarımızın genişlənməsi üçün də bu, məqbul bir səviyyədir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti