...

Politoloq: Dağlıq Qarabağ ermənilərinin "müstəqillik haqqında referendum"u ilə azərbaycanlıların Dağlıq Qarabağdan deportasiya olunması bir-birilə sıx bağlıdır

Siyasət Materials 23 Aprel 2014 12:40 (UTC +04:00)
Dağlıq Qarabağda 1991-ci il dekabrın 10-da ermənilərin keçirdiyi prosedurun referendum hesab edilməsinə siyasi və hüquqi əsas yoxdur.
Politoloq: Dağlıq Qarabağ ermənilərinin "müstəqillik haqqında referendum"u ilə azərbaycanlıların Dağlıq Qarabağdan deportasiya olunması bir-birilə sıx bağlıdır

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir E.Mehdiyev/

Dağlıq Qarabağda 1991-ci il dekabrın 10-da ermənilərin keçirdiyi prosedurun referendum hesab edilməsinə siyasi və hüquqi əsas yoxdur. Trend-in məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bugün keçirdiyi mətbuat konfransında deyib.

Politoloqun sözlərinə görə, Krım hadisələri separatçı rejimlərdə keçirilmiş referendumlar mövzusunu aktuallaşdırıb. O cümlədən ermənilər də özlərinin Dağlıq Qarabağda keçirdikləri referenduma istinad edirlər. Dağlıq Qarabağda 1991-ci ilin 10 dekabrında ermənilərin keçirdiyi prosedurun referendum hesab edilməsinə siyasi və hüquqi əsas yoxdur: "Dağlıq Qarabağ erməniləri zorən müstəqil olmağa başladılar. O vaxtadək Dağlıq Qarabağ ermənilərinin əsas məqsədi Ermənistana birləşmək idi. Bu barədə 1988-ci ilin fevralın 20-də Dağlıq Qarabağ Muxtar Vilayətinin Xalq Deputatları Soveti Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR-in tərkibindən çıxıb Ermənistan SSR-in tərkibinə daxil olmaq barədə qərar qəbul etmişdi. Ermənistan SSR-in Ali Soveti 1988-ci ilin iyunun 15-dəki iclasında Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-ə birləşməsinə razı olması barədə qərar qəbul etdi. Ermənilər sonra başa düşdülər ki, onların Dağlıq Qarabağı bir dövlətin tərkibindən çıxarıb digər dövlətin tərkibinə birbaşa keçirməsi mümkün deyil. Ona görə aralıq addım kimi müstəqillik referendum yolunu seçdilər".

M.Əhmədoğlu deyib ki, referendumla bağlı ermənilərin istifadə etdiyi SSRİ Mərkəzi Hökumətinin qanunu yoxdur. Həmin qanun ermənilərin uydurmasıdır: "Dağlıq Qarabağın SSRİ qanunlarına istinad etməsi mümkün deyildi. Ən azı o vaxtadək həm Ermənistan, həm də Azərbaycan öz müstəqilliklərini, başqa sözlə, SSRİ-nin tərkibindən çıxmaq niyyətlərini bəyan etmişdilər. Ermənistan öz müstəqilliyini Azərbaycandan daha öncə elan etmişdi. 1991-ci il martın 17-də SSRİ-nin saxlanmasına dair keçirilən referendumda ermənilər iştirak etmədi. Belə olan təqdirdə ermənilərin 1991-ci ilin dekabr ayında SSRİ qanunlarına istinad etməsi hüquqi savadsızlığın deyil, erməni həyasızlığının əlamətidir".

Politoloq qeyd edib ki, 1991-ci ilin 10 dekabrında referendum keçirmək üçün ermənilər azərbaycanlıları Dağlıq Qarabağın demək olar bütün ərazilərindən deportasiya etmişdilər: "DQMV-də məhz azərbaycanlılar deportasiya edildikdən sonra referendum keçirildi. Referendumun azərbaycanlıların deportasiyasına şərait yaratdığını və ya azərbaycanlıların deportasiyasını rəsmiləşdirdiyini sübut etmək indi çətindir, amma faktdır ki, Dağlıq Qarabağın "müstəqillik haqqında referendum"u ilə azərbaycanlıların Dağlıq Qarabağdan deportasiya olunması bir-birilə sıx bağlıdır.

M.Əhmədoğlunun sözlərinə görə, ona görə indi beynəlxalq ictimaiyyətin 1991-ci il dekabrın 10-da ermənilərin keçirdiyi referenduma münasibət bildirməsi aktualdır: "Bu müstəqilliyini itirmək ərəfəsində olan Ermənistan rəhbərləri üçün ağıllandırıcı faktor ola bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti