...

Braziliyada 28 May - Respublika Günü münasibətilə təntənəli tədbir keçirilib (FOTO)

Siyasət Materials 30 May 2014 20:08 (UTC +04:00)
Azərbaycanın Braziliyadakı səfirliyi tərəfindən Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə paytaxt Brazilianın "Unique" sarayında 28 May - Respublika Günü münasibətilə təntənəli tədbir keçirilmişdir.
Braziliyada 28 May - Respublika Günü münasibətilə təntənəli tədbir keçirilib (FOTO)

Azərbaycan, Bakı, 30 may /Trend/

Azərbaycanın Braziliyadakı səfirliyi tərəfindən Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə paytaxt Brazilianın "Unique" sarayında 28 May - Respublika Günü münasibətilə təntənəli tədbir keçirilmişdir.

Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə Braziliya hökumətinin rəsmiləri, Milli Konqresin üzvləri, tanınmış ictimai xadimlər, ölkədə akkreditə olunan diplomatik nümayəndəliklərin rəhbərləri, akademik dairələrin, kütləvi informasiya vasitələrinin və yerli ictimaiyyət nümayəndələri iştirak etmişdir.

Braziliyanın Birinci Kavaleriya Tağımının Orkestri Azərbaycan və Braziliyanın dövlət himnlərini səsləndirmişdir.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın Braziliyada səfiri Elnur Sultanov 28 May - Respublika Gününün əhəmiyyətindən, Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki mühüm yerindən bəhs etmişdir. O, 1991-ci ildə müstəqilliyimizi yenidən qazandıqdan sonra müasir Azərbaycanın təməlinin qoyulmasında və inkişafında Azərbaycanın ümummilli lideri Heydər Əliyevin müstəsna rolunun olduğunu qeyd etmiş və Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın bütün sahələrdə əldə etdiyi uğurlardan, dövlətimizin həyata keçirdiyi daxili və xarici siyasətindən məlumat vermişdir.

Azərbaycan-Braziliya münasibətlərinə toxunan səfir E.Sultanov iki ölkə arasında siyasi, ticarət-iqtisadi və humanitar sahələrdə dinamik əməkdaşlıqdan bəhs etmişdir. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə danışaraq Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzünün acı nəticələri barədə məlumat vermişdir.

Sonra səfir qonaqlara Azərbaycanın mədəniyyəti, tarixi, incəsənəti, habelə Azərbaycan-Braziliya mədəni əlaqələrinə həsr olunmuş "İRS-Heranca" jurnalının portuqal dilində çap olunmuş növbəti nəşrini təqdim etmişdir.

Daha sonra tədbir iştirakçılarına ölkəmizin müasir inkişafını göstərən "Azərbaycan - gələcəyin ölkəsi" videoçarxı nümayiş olunmuşdur.

Tədbir Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının ifasında konsert proqramı ilə davam etmişdir. Konsertdə tanınmış rəqs ustası xalq artisti Təranə Muradova, habelə rəqqaslar Günel Şeyxova, Viktoriya Şahmuradova, Ceyhun Qubadov, Elnur Süleymanov, Cavid Alayarov "Azərbaycan rəqsi", "Sarı gəlin", "Uzundərə", "Çayçı", "Qaval rəqsi", "Naz eləmə", "Yallı" kimi milli rəqslərimizi, Beynəlxalq Muğam Müsabiqəsinin "Qran-pri" mükafatçısı xanəndə Ehtiram Hüseynov, əməkdar mədəniyyət işçisi tarzən Elçin Abbasov və kamança ustası Fariz Hüseynov "Şüştər" rəngi və təsnifi, "Qarabağ şikəstəsi", "Bayatı Şiraz", "Segah təsnifi" kimi məşhur muğamları böyük məharətlə təqdim etmişlər.

Muğam ustalarımızın braziliyalı musiqiçi Bernardo Bittenkur ilə "Musiqi çələngi" parçasının birgə ifası isə tamaşaçıların böyük heyrətinə səbəb olmuşdur.

Konsert proqramı ansamblın bütün üzvlərinin iştirakı ilə "Azərbaycan" adlı final nömrəsinin təqdimi ilə yekunlaşmışdır.

Konsert proqramından sonra rəsmi ziyafət verilmişdir.

Tədbirdə, həmçinin Azərbaycanın tarixi abidələri, milli mətbəxi, Azərbaycan xalçaları və ölkəmizin və paytaxt Bakının müasir görüntülərinin fotoşəkillərindən ibarət sərgi təşkil edilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti