...

Emil Hüseynli: Azərbaycanda bəzən KİV-lər müharibə şəraitinin xüsusiyyətlərini unudurlar

Siyasət Materials 3 Sentyabr 2014 09:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycanda bəzi KİV-lər bəzən ölkəmizin müharibə şəraitində olduğunu unudur və hətta uzağa gedərək hərbi mövzuda mətbəx söhbətlərini işıqlandırırlar. Bunu mətbuata açıqlamasında Trend İnformasiya Agentliyinin baş redaktorunun müavini, agentliyin Azərbaycan xəbərlər xidmətinin rəhbəri Emil Hüseynli Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələri və kütləvi informasiya vasitələri rəhbərləri ilə keçirdiyi müşavirəyə münasibət bildirərkən deyib.

E.Hüseynlinin sözlərinə görə, müşavirə bir daha göstərdi ki, bəzi KİV-lər ümummilli məsələlərdə informasiya süzgəcindən peşəkarcasına istifadə edə bilmirlər, yarana biləcək gərgin hərbi-siyasi vəziyyətə hazır deyillər, hətta müharibə şəraitinin xüsusiyyətlərini unudurlar.

Baş redaktor müavini hesab edir ki, müşavirədə söylənilən fikirlər Azərbaycan mətbuatının üzərinə yeni vəzifələr qoydu: "Düşünürəm ki, hər bir media orqanı buraxılan səhvləri, müharibə şəraitinin reallıqlarını təhlil edəcək. Ermənistanın təxribatçı mediası ilə üz-üzə olduğunu başa düşüb, hərbi mövzuya diqqət yetirəcək".

O bildirib ki, Azərbaycanda xüsusi statusa malik olan mətbuat nümayəndələri sosial şəbəkələrdə yazdıqlarına da diqqət yetirməlidirlər. Çünki sosial şəbəkələrdə yazılan statuslar bəzən ictimai müzakirələrə səbəb olur, nəticədə cəmiyyətdə müəyyən gərginlik yaşanır: "Bildiyiniz kimi, müşavirədə bununla bağlı da iradlar bildirildi. Ona görə də hər bir redaksiyada sosial şəbəkələrlə bağlı jurnalistlər maarifləndirilməlidir".

E.Hüseynli həmçinin qeyd edib ki, Azərbaycan mediasında dezinformasiyalara yol açılmaması üçün dövlət qurumlarının mətbuat xidmətləri mətbuatla daha sıx işləməli, hadisələrə daha operativ reaksiya verməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti