...

Türk əsgərinin Suriya gündəliyi

Siyasət Materials 7 Oktyabr 2014 12:50 (UTC +04:00)
Ən maraqlı məqamlardan biri də bir vaxtlar Suriya ilə hərbi münaqişədən çəkinən Türkiyənin addım-addım Suriya bataqlığına sürüklənməsidir.
Türk əsgərinin Suriya gündəliyi

Azərbaycan, Bakı, 7 oktyabr /Trend/

Trend-in Ərəb xəbərlər xidmətinin rəhbəri Rufiz Hafizoğlu

Türkiyənin Baş naziri Əhməd Davudoğlu Suriyadakı kürd şəhəri olan Kobaninin "İslam Dövləti" təşkilatından müdafiəsi üçün Türkiyənin əlindən gələni edəcəyini bildirsə də, bu gün səhər saatlarında Kobani, demək olar, tamamilə "İslam Dövləti" qruplaşmasının nəzarətinə keçdi.

Kobanidə kürdlərlə "İslam Dövləti" arasında baş verən toqquşmalar səbəbindən orta hesabla gündəlik 1000 nəfər Türkiyəyə keçir. Belə ki, hazırda Kobanidən qaçaraq Türkiyəyə sığınan kürdlərin sayı 130 minə yaxındır.

Ümumilikdə Türkiyədəki suriyalı qaçqınların sayı isə 1,5 milyon nəfərdir.

Baz nazir Ə.Davudoğlunun kürdlərin müdafiəsi ilə bağlı verdiyi bəyanat və ölkə parlamentinin "2 oktyabr mandatı"nı qəbul etməsindən sonra Suriya ilə sərhədə xeyli hərbi texnika cəlb edildi. Ankaranın bu addımı savaş siqnalı kimi dəyərləndirilsə də, türk əsgəri bu sərhədi keçmədi.

Ankaranın Kobaninin müdafiəsinə qalxmaması isə ölkədə heç də birmənalı qarşılanmadı. Belə ki, ölkənin Suriya ilə həmsərhəd olan bəzi cənub vilayətlərində Ankaranın "soyuqqanlılığı" PKK terror təşkilatı tərəfindən fürsət kimi istifadə edildi. PKK tərəfdarları Türkiyə hökumətini bilərəkdən kürdlərin məhvinə şərait yaratmaqda ittiham etdilər. Hətta bəzi mənbələrdə ölkənin Adana vilayətində PKK tərəfdarları ilə 500 nəfərdən çox yerli "sələfi" arasında toqquşmanın olduğu bildirilir. Bu isə ilkin mərhələdə Ankara üçün təhlükəli olmasa da, ölkənin gələcəyi üçün yaxşı heç nə vəd etmir. Ən azından ona görə ki, bu fakt Suriyadakı münaqişənin bu və ya digər formada bəzi qüvvələr tərəfindən Türkiyəyə transfer edilməsinin ilkin mərhələsi ola bilər.

Konkret olaraq Ankaranın Kobani şəhəri ilə bağlı verdiyi bəyanatlardan sonra hələ də ciddi addım atmamasının real səbəbi isə regionda PKK terror təşkilatının Suriyadakı siyasi qolu hesab edilən və Suriya müxalifətinə bu vaxta qədər dəstək verməyən Demokratik Birlik Partiyasının (Partiya Yekitiya Demokrat) olmasıdır.

Dolayısı ilə Türkiyə ordusu sərhədi keçəcəyi təqdirdə, iki cəbhədə - "İslam Dövləti"nə və PYD yaraqlılarına qarşı mübarizə aparmaq məcburiyyətində qalacaq. PYD ilə savaş isə Prezident Rəcəb Tayyib Ərdoğanın kürdlərlə başlatdığı sülh prosesinə ciddi zərbə vura bilər. Hazırda Ankara üçün daxili sabitliyin qorunması və Suriyada təhlükəsiz zona yaradılmasından önəmli heç nə yoxdur.

Müvəqqəti qalib və "İslam Dövləti"nə qarşı mübarizə

Suriyada "İslam Dövləti"nə qarşı başladılan hərbi əməliyyatların davam etməsi fonunda regionda baş verən dəyişikliklərdən biri də əsas diqqətin Suriya hakimiyyəti deyil, terrorçu qruplar üzərində cəmləşməsi oldu.

Hadisələri diqqətlə izlədikdə, Suriya hakimiyyətinin bu məsələdə müvəqqəti də olsa qalib gəldiyini tam əminliklə söyləmək olar. Hətta bir çox siyasi ekspertlər terrorçu qruplarla aparılan mübarizədə İran və Suriyasız ciddi irəliləyiş əldə edilməyəcəyini bildirirlər.

"İslam Dövləti"nin Suriyada yenicə mövcud olmadığı və ölkə hakimiyyətinin bu vaxta qədər onlara qarşı hər hansı bir əməliyyat aparmadığı diqqətdən qaçan məqamlardan biridir. Əksinə, Suriya hakimiyyəti "İslam Dövləti"nin mövcudluğuna rəğmən, bu gün məhz "Azad Suriya Ordusu"na qarşı hərbi əməliyyatlar aparır. Bu isə onu göstərir ki, "Azad Suriya Ordusu"ndan fərqli olaraq, "pilot layihə" olan "İslam Dövləti" Suriya hakimiyyəti üçün heç vaxt real təhlükə olmayıb.

Bu gün Suriya və İraqda baş verən prosesləri izlədikdə, region dövlətləri ilə yanaşı, əsas və ciddi təhlükənin Ankara üçün olduğunu görmək olar. Ən maraqlı məqamlardan biri də bir vaxtlar Suriya ilə hərbi münaqişədən çəkinən Türkiyənin addım-addım Suriya bataqlığına sürüklənməsidir. Ankara rəsmiləri də yaxşı bilirlər ki, gec-tez Türkiyə ordusu Suriyada Əsəd hakimiyyəti və ya "İslam Dövləti"nə qarşı hərbi əməliyyatlarda iştirak etmək məcburiyyətində qalacaq. Bu isə Ankaranı Suriyada "Azad Suriya Ordusu" ilə yanaşı, yeni müttəfiq axtarmağa məcbur edəcək. Yeni müttəfiqin isə kürdlərin simasında Demokratik Birlik Partiyası olacağı gözlənilir. Hətta bunun üçün Ankaranın artıq ciddi addım atdığı bildirilir. Belə ki, PYD lideri Müslim Salehin keçən həftə Türkiyəyə gələrək Baş nazir Ə.Davudoğlu ilə görüşdüyü deyilir. Görüşdə PYD-dən Suriya hakimiyyəti ilə əlaqələri kəsərək "Azad Suriya Ordusu" ilə müttəfiq olmaq tələb olunub.

Türkiyənin etnik, milli və dini tərkibi hər nə qədər zənginlik kimi qiymətləndirilsə də, bu zənginlik Suriyada münaqişənin uzanması, regionda yeni "oyunçular"ın peyda olması ilə Türkiyənin əleyhinə istifadə oluna bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti