...

Azərbaycanda əfv sərəncamının icrasına başlanılıb: "Qadına zindan yaraşmır" (ƏLAVƏ OLUNUB 2) (FOTO)

Siyasət Materials 18 Oktyabr 2014 12:21 (UTC +04:00)
Ədliyyə Nazirliyi Penitensiar Xidməti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan əfv sərəncamının icrasına başlayıb.
Azərbaycanda əfv sərəncamının icrasına başlanılıb: "Qadına zindan yaraşmır" (ƏLAVƏ OLUNUB 2)  (FOTO)

İlk xəbər 9:51-də yayılıb

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir İlkin İzzət/

Ədliyyə Nazirliyi Penitensiar Xidmət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan əfv sərəncamının icrasına başlayıb.

Trend-in məlumatına görə, sərəncam ümumilikdə 84 nəfərə şamil edilib. Əfv olunanlar arasında 2 İran, 2 Gürcüstan, 1 Türkiyə və 1 Pakistan vətəndaşı da var.

Bir müddət əvvəl Azərbaycan Prezidentinə əfv olunmaları ilə bağlı müraciət edən NİDA Vətəndaş Hərəkatının üzvləri Şahin Novruzlu, Bəxtiyar Quliyev, Elsevər Mürsəlli və hüquq müdafiəçisi Həsən Hüseynli də əfv sərəncamı ilə azadlığa buraxılıblar.

Trend-in əməkdaşının verdiyi məlumata görə, bu gün 4 saylı cəzaçəkmə müəssisəsindən iki qadın cəzasının çəkilməmiş hissəsindən azad olunub.

Əfv olunan Məmmədova Lalə Rəşid qızı jurnalistlərə açıqlamasında Prezident İlham Əliyevə və Əfv Məsələləri Komissiyasına öz təşəkkürünü bildirib: "Azadlığa çıxandan sonra bir daha cinayət törətməyəcəyəm və əmək fəaliyyəti ilə məşğul olacağam".

L.Məmmədova 2 il 3 ay məhkum həyatı yaşayıb, 9 ay cəzasının çəkilməyən hissəsi bağışlanıb.

Digər qadın məhkum Mahmudova Səbinə Nəbi qızına isə cəzasının çəkilməmiş hissəsinin 3 ili bağışlanıb. Onun da adı əfv sərəncamına düşdüyü üçün Prezident İlham Əliyeva təşəkkürünü bildirib: "Anama qovuşduğum üçün çox sevincliyəm. Qadına zindan yaraşmır. Səhv edib bura düşmüşük. Sağ olsunlar ki, səhvimizi başa düşüblər".

Əfv Məsələləri Komissiyasının üzvü Zahid Qaralov isə çıxışında qeyd edib ki, komissiyaya əfv üçün daxil olan 100 qadın məhkumun ərizəsinə baxılıb: "Onlardan əfv üçün yalnız ikisini seçə bildik. Çünki qadınlar tərəfindən ağlasığmaz cinayətlər törədilib. Mən Azərbaycanda qadınsız həbsxanalar arzulayıram".

Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanov isə bildirib ki, həbs həyatı yaşayan qadınların çoxu dələduzluqda ittiham olunublar: "Bu zaman dəymiş ziyanın ödənilməsi məsələsi ortalığa çıxır. Bu isə 10 minlərlə manat dəyərindədir. Ona görə də əfv olunanlar arasında qadın az olur. Məhkumlar əfv olunanda onların davranışı da nəzərə alınır".

Əfv Məsələləri Komissiyasının üzvləri ombudsman Elmira Süleymanova və deputat Məlahət İbrahimqızı da çıxışlarında əfv olunanlara uğurlar arzulayıblar və ümid ediblər ki, onlar bir daha cinayət törətməyəcəklər.

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan əfv sərəncamına əsasən 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 9 məhkum azad edilib.

H.Əlixanov bildirib ki, bu vaxta qədər verilmiş əfv sərəncamları ilə 5938 nəfər məhkum əfv olunub. Onun sözlərinə görə, əfvlə bağlı çox insanlar müraciət edir, lakin yalnız layiqlilər əfv olunur: "Əfv olunarkən məhkumların davranışı, onların həbsdə olduğu müddətdə nizam-intizama riayət etməsi xüsusi nəzərə alınır".

Azad edilən məhkum Kazımov Rüfət Məhərrəm oğlu vaxtilə adam bıçaqladığına görə 6 il azadlıqdan məhrum edilib. 5 il 1 ay məhkumluq həyatı yaşayan K.Məmmədov cəzasının 11 ayından azad edilib. O, Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib: "Bundan sonra yaşadığım Goranboy rayonuna qayıdıb ailəmə qovuşacağam, kənd təsərrüfatı ilə məşğul olacağam".

Məhkum Məmmədov Elvin Hidayət oğlu dələduzluğa görə 9 il 6 ay azadlıqdan məhrum edilib. 5 il 11 ay məhkumluq yaşayan E.Məmmədov cəzasının 3 il 7 ayından azad edilib. O, deyib ki, azadlığın dəyəri çox böyükdür: "Cənab Prezident İlham Əliyevə bu azadlığı bizə bəxş etdiyinə görə çox böyük təşəkkür edirik".

Qeyd edək ki, əfv sərəncamına əsasən 2 saylı cəzaçəkmə müəssisəsindən 7 nəfər, ixtisaslaşmış müalicə müəssisəsi 2 nəfər, 4 saylı cəzaçəkmə müəssisəsindən 2 nəfər, 5 saylı cəzaçəkmə müəssisəsindən 1 nəfər, 6 saylı cəzaçəkmə müəssisəsindən 9 nəfər, 7 saylı cəzaçəkmə müəssisəsindən 2 nəfər, 10 saylı cəzaçəkmə müəssisəsindən 10 nəfər, 11 saylı cəzaçəkmə müəssisəsindən 1, 13 saylı cəzaçəkmə müəssisəsindən 7 nəfər, 14 saylı cəzaçəkmə müəssisəsindən 5 nəfər, 15 saylı cəzaçəkmə müəssisəsindən 1 nəfər, 16 saylı cəzaçəkmə müəssisəsindən 1 nəfər, 17 saylı cəzaçəkmə müəssisəsindən 2 nəfər, Qobustan həbsxanasından 1 nəfər, müalicə müəssisəsindən 1 nəfər, Şəki pentensiar xidmət müəssisəsindən 5 nəfər, Bakı istintaq təcridxanasından 5 nəfər, 3 saylı istintaq təcridxanasından 2 nəfər, 1 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsindən 1 nəfər, 7 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsindən 5 nəfər, 10 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsindən 4 nəfər, 11 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsindən 1 nəfər, 13 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsindən 1 nəfər, 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsindən 1 nəfər azad edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti