...

Ermənistan və İran regional təhlükəsizlik məsələlərini müzakirə ediblər

Siyasət Materials 21 Oktyabr 2014 10:52 (UTC +04:00)
Ermənistanla İran arasında münasibətlər yüksək səviyyədədir və qarşılıqlı etimad mühitində inkişaf etməkdə davam edir.
Ermənistan və İran regional təhlükəsizlik məsələlərini müzakirə ediblər

Azərbaycan, Bakı, 21 oktyabr /Trend/

Ermənistanla İran arasında münasibətlər yüksək səviyyədədir və qarşılıqlı etimad mühitində inkişaf etməkdə davam edir. Bunu dünən Ermənistanın Baş naziri Ovik Abramyan İran Prezidenti Həsən Ruhani ilə görüşündə bildirib. Trend xəbər verir ki, bu barədə Ermənistan KİV-i ölkə hökumətinin mətbuat xidmətinə istinadən xəbər yayıb.

Ermənistanın Baş naziri qeyd edib ki, İrana rəsmi səfər iqtisadi münasibətlərin canlanmasına və yeni investisiyaların cəlb edilməsinə yardım edir.

Öz növbəsində Ruhani qeyd edib ki, ölkəsi Yerevanın təşəbbüslərini dəstəkləməyə, eləcə də birgə proqramların həyata keçirilməsinə kömək etməyə hazırdır.

Abramyan və Həsən Ruhani bir sıra sahələrdə, o cümlədən energetika, kənd təsərrüfatı və mədəniyyət sahəsində əməkdaşlığın dərinləşdirilməsi və genişləndirilməsinin vacibliyini qeyd ediblər.

Ermənistanın Baş naziri Ovik Abramyan, həmçinin İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə regional təhlükəsizlik məsələlərini müzakirə edib.

Məlumatda deyilir: "Tərəflər regional problemləri və ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər, regionda sabitliyin və təhlükəsizliyin qorunub saxlanmasının və münaqişələrin dinc yolla nizamlanmasının vacibliyini vurğulayıblar".

Görüşlər zamanı tərəflər Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması məsələsinə toxunaraq beynəlxalq strukturlarda əməkdaşlığın vacibliyini qeyd ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti