...

Azərbaycan müxalifətində savaşa hazır olan gizli qruplar

Siyasət Materials 24 Oktyabr 2014 10:29 (UTC +04:00)
Azərbaycanda keçirilən son prezident seçkilərində məğlubiyyət sözün əsl mənasında müxalifətin tənəzzül dövrünün başlanğıcı olmaqla yanaşı, özlərini "demokratiya təəssübkeşi" adlandıran “ana müxalifətin” əsl simasını ortaya qoymuş oldu.
Azərbaycan müxalifətində savaşa hazır olan gizli qruplar

Azərbaycan, Bakı, 24 oktyabr /Trend/

Elçin Mehdiyev - Trend-in icmalçısı

Azərbaycanda keçirilən son prezident seçkilərində məğlubiyyət sözün əsl mənasında müxalifətin tənəzzül dövrünün başlanğıcı olmaqla yanaşı, özlərini "demokratiya təəssübkeşi" adlandıran "ana müxalifətin" əsl simasını ortaya qoymuş oldu.

Tənəzzülün ilk simptomları özünü təmtəraqla, hay-küylə yaradılan, "bu dəfə bizim qarşımızda heç kim dayana bilməyəcək" kimi iddialı bəyanatlarla gündəmə gələn Milli Şurada büruzə verdi. Belə desək, Milli Şurada qaçhaqaç, qovhaqov başladı. Milli Şuranın iclasları artıq istefalar, qalmaqallar məkanına çevrildi. Müsavat Partiyasının Milli Şuradan istefası isə hadisələri pik nöqtəyə çatdırdı, AXCP ilə uzun illər davam edən gizli müharibəni aşkara çıxardı. Özlərini uzun müddətdi cəmiyyətə etibarlı tərəfdaşlar kimi sırımağa çalışan Müsavat-AXCP arasında açıq savaş nəhayət ki, başladı, polemikalar, atmacalar, qarşılıqlı ittihamlar, "elə etməyin açım sandığı töküm pambığı" kimi ifadələr işə düşdü. Qəzet demədilər, internet, sosial şəbəkə demədilər, kim kimi harda gəldi suçladı, söz, ittiham atəşinə tutmağa başladı.

İndi isə bu savaş bir az da genişlənərək artıq partiyaların daxilinə keçib, sən demə, partiyaların daxilində də savaşa hazır olan gizli qruplar var imiş, uyğun məqamı gözləyirmişlər. Müsavat Partiyasında dörd il hazırlıqdan sonra güc-bəla ilə baş tutan qurultay isə əsl məqam oldu. AXCP ilə savaşdan başı açılmamış Müsavat qurultaydan sonra daxili çəkişmələrlə üz-üzə qaldı, özü də nə çəkişmələr. Demək olar ki, artıq Müsavat Partiyası bir neçə cəbhəyə bölünüb, indiyə qədər görmədiyi istefalar qarşısında aciz qalıb. Qurultaydan sonra yaranmış bu gərgin vəziyyəti, narazılıqları demokratiyanın təzahürləri kimi qələmə verməyə çalışsalar da, sonradan məlum oldu ki, yox, bu həna o hənadan deyil.

Hələki atəşkəs elan etmək, narazılıqları aradan qaldırıb partiyada sabitlik yaratmaq cəhdləri heç bir nəticə vermir, əksinə savaş daha da güclənir. Gözləyək, görək axırı nə olur.

AXCP-dən də tez-tez istefalar sədası gəlir, görünür, burada da vəziyyət ürəkaçan deyil.

Bunlar barədə çox danışmaq olar. Ancaq məni maraqlandıran bir sual var. Adi bir qurultayı səssiz-küysüz keçirə bilməyən, daxilində sabitliyi təmin edə bilməyən bu partiyalar hansı baza, potensial, iradə, təcrübə ilə dövləti idarə etmək iddiasındadırlar?

Məqalədə:
Xəbər lenti

Xəbər lenti