...

Bakıda Çexiya Respublikasının Müstəqillik Günü qeyd olunub

Siyasət Materials 29 Oktyabr 2014 02:04 (UTC +04:00)
Bakıda Çexiya Respublikasının Müstəqillik Günü qeyd olunub.
Bakıda Çexiya Respublikasının Müstəqillik Günü qeyd olunub

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

Bakıda Çexiya Respublikasının Müstəqillik Günü qeyd olunub.

Trend-in məlumatına görə, bu münasibətlə Çexiyanın Azərbaycandakı səfirliyi tərəfindən keçirilən rəsmi qəbulda Azərbaycanın millət vəkilləri, dövlət rəsmiləri, xarici ölkələrin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatların nümayəndələri və digər qonaqlar iştirak edib.

Tədbirin əvvəlində Azərbaycanın və Çexiyanın dövlət himnləri səsləndirilib.

Daha sonra tədbiri giriş sözü ilə açan Çexiyanın Azərbaycandakı səfiri Vitzeslav Pivonka qonaqları salamlayaraq ölkəsinin müstəqillik tarixi barədə məlumat verib.

Azərbaycan ilə Çexiya arasında ikitərəfli münasibətlərə toxunan səfir qeyd edib ki, hər iki ölkə iqtisadi, siyasi, mədəni və digər sahələrdə uğurlu əməkdaşlıq edir. Səfir iki ölkə arasında münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduğunu bildirib.

Daha sonra tədbirdə çıxış edən Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov hökumət adından Çexiya xalqını müstəqillik günü münasibətilə təbrik edib.

Nazir qeyd edib ki, çex xalqı özünəməxsus qüdrətli yol keçib və dünyada özünəlayiq yer tutan xalqlardan biridir.

Çexiyanın Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri olduğunu deyən nazir bildirib ki, iki ölkə arasında münasibətlər qarşılıqlı hörmətə əsaslanır. Xüsusilə də Çexiyanın Dağlıq Qarabağ məsələsində Azərbaycana dəstək verdiyini deyən Z.Məmmədov bildirib ki, Çexiya parlamentinin xarici siyasət komitəsinin qəbul etdiyi sənədlər də buna dəlalət edir.

Nazir əlavə edib ki, Çexiya bütün beynəlxalq tədbirlərdə, görüşlərdə Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir.

Z.Məmmədov bildirib ki, Çexiya və Azərbaycanın həm deputat qruplarının, həm nazirlərin və digər yüksək səviyyəli rəsmilərin, həm də ictimai təşkilatların nümayəndələrinin qarşılıqlı səfərləri iki ölkə arasında dostluq münasibətlərini daha da möhkəmlədir.

Nazir iki ölkə arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyini diqqətə çatdırıb.

Xəbər lenti

Xəbər lenti