...

İlham Əliyev: İlk gənclər forumunun Azərbaycanda keçirilməsi ölkə üçün çox mühüm hadisədir (ƏLAVƏ OLUNUB-2)

Siyasət Materials 29 Oktyabr 2014 15:42 (UTC +04:00)
İlk gənclər forumunun Azərbaycanda keçirilməsi ölkə üçün çox mühüm hadisə və böyük şərəfdir.
İlham Əliyev: İlk gənclər forumunun Azərbaycanda keçirilməsi ölkə üçün çox mühüm hadisədir (ƏLAVƏ OLUNUB-2)

Dövlət başçısının çıxışı əlavə olunub (ilk xəbər saat 12:26-da yayılıb)

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir Seymur Əliyev/

İlk gənclər forumunun Azərbaycanda keçirilməsi ölkə üçün çox mühüm hadisə və böyük şərəfdir. Trend-in məlumatına görə, bunu çərşənbə günü Azərbaycan Prezidenti İlham Əliyev Gənclər Siyasəti üzrə I Qlobal Forumda çıxış edərkən deyib.

Dövlət başçısı bildirib: "Əlbəttə, gələcəkdə daha çox forumlar keçiriləcək, lakin bu forum tarixdə qalacaq. Biz forumun keçirilməsi üçün Azərbaycanı seçdiklərinə görə təşkilatçılara minnətdarıq. Biz buna hökumətimizin gənclər və idman siyasəti, ölkənin fəal inkişafı ilə bağlı fəaliyyətdə göstərdiyi səylərin tanınması kimi baxırıq".

Azərbaycan Prezidentinin sözlərinə görə, Azərbaycan üçün ən vacib prioritet istiqamətlərdən biri təhsildir: "Biz ölkədə demək olar ki, yüz faiz savadlılığın təmin olunmasına görə qürur duyuruq. Gənclər siyasətinə gəldikdə, Azərbaycanda möhkəm qanunvericilik bazası mövcuddur".

Dövlət başçısı xatırladıb ki, Azərbaycanda "Gənclər siyasəti haqqında" qanun var, həmçinin "Azərbaycan gəncliyi" adı altında iki Dövlət Proqramı qəbul edilib və uğurla həyata keçirilir: "Bu yaxınlarda biz Gənclər Fondu yaratdıq və bu Fonda dövlət büdcəsindən ayrılan vəsait gənclərin özlərini cəmiyyətdə göstərmələrinə kömək edir. Gənclər mədəniyyət, təhsil, sosial fəallıq, siyasi islahatlarla bağlı müxtəlif layihələrə cəlb olunublar".

Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, başqa sözlə, bu Fond gənc nəslin istedadını üzə çıxarmağa və onları cəmiyyətə təqdim etməyə kömək edir və beləliklə, bu, ölkənin inkişafına imkan yaradır: "Mən təhsil və savadlılığı xatırlatdım və onu da demək istərdim ki, ümumilikdə təhsil hökumətin prioritetlərindən biridir. Biz tamamilə əminik ki, təhsilli, bilikli insanlar müxtəlif sahələrdə ölkəyə və özlərinin inkişafına kömək edə bilərlər. Və əgər siz dünyanın inkişaf etmiş ölkələrinin göstəricilərinə və uğurlarına baxsanız, görərsiniz ki, təhsil, elm, texnoloji innovasiyalar uğurlu inkişafın əsas alətləridir. Nə enerji resursları, nə faydalı qazıntılar, nə neft və qaz deyil, məhz təhsil, bilik və texnologiyalar. Onlar bütün bəşəriyyətin hərəkətverici qüvvələridir".

Dövlət başçısı Azərbaycanın beynəlxalq təhsil mərkəzləri ilə sıx əməkdaşlıq sayəsində bu sahədə daha böyük uğurlara nail ola biləcəyinə ümidini ifadə edib.

Onun sözlərinə görə, Azərbaycan hökuməti artıq bir neçə ildir ki, gənc nəsil üçün dünyanın aparıcı universitetlərində təhsil proqramlarını maliyyələşdirir. Вu il xaricdə ölkə gənclərinin təhsil almasına 40 milyon avroya yaxın vəsait yönəldilib: "Biz, həmçinin universitetlərimizlə dünyanın aparıcı təhsil ocaqları arasında daha çox əlaqələrin olmasını istəyirik. Biz belə siyasətin üstünlüyünü görürük, çünki bu gün Azərbaycanın gənc nəsli yeni, müasir, müstəqil ölkənin yaradılmasında fəal iştirak edir".

Dövlət başçısı vurğulayıb ki, hökumətin prioritetlərindən biri idmanın inkişafıdır: "İdmançılarımız Azərbaycanı beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında, Olimpiya Oyunlarında təmsil edirlər. Azərbaycan 2012-ci il London olimpiadasında Yay Olimpiya Oyunlarında iştirakı tarixində ən yüksək nəticəni göstərib. Komandamız dünyanın 200-dən çox ölkəsi arasında 30-cu yeri tutub. 2014-cü il Yeniyetmələrin Yay Olimpiya Oyunları da Azərbaycan üçün əlamətdar olub - ölkəmiz dünyanın təxminən 200 ölkəsi arasında ən yaxşı 10 ölkə sırasına daxil olub. Bu, onu göstərir ki, Olimpiya hərəkatının, idmanın inkişafı siyasəti, müasir idman qurğularının yaradılması öz nəticələrini verir".

Prezidentin sözlərinə görə, eyni zamanda, idman Azərbaycan cəmiyyətinin həyatının ayrılmaz tərkib hissəsinə çevrilib: "Dövlət proqramları, gənc nəslin stimullaşdırılması və idmana fəal cəlb edilməsi təkcə ölkənin beynəlxalq yarışlarda nüfuzu üçün vacib deyil, həm də təsdiq edir ki, gənc nəsil uğura gedən yoldadır. Bu, onu göstərir ki, gənc insanlara bütün həyatları boyu kömək edəcək şey fiziki sağlamlıqdır, bu, zərərli vərdişlərə - siqaret çəkməyə, spirtli içkinin, narkotiklərin qəbuluna və s. yiyələnməkdən uzaq durmağa kömək edir. Buna görə də bu, Azərbaycan siyasətinin vacib sosial seqmentidir".

İlham Əliyev deyib: "Biz fəxr edirik ki, Azərbaycan çoxsaylı Avropa və dünya çempionatlarının keçirildiyi ölkəyə çevrilib və gələn il ölkəmizdə ilk Avropa Oyunları təşkil ediləcək ki, bu da tarixi hadisə olacaq. Avropa Oyunları Pan-Amerika, Asiya və Afrika Oyunlarından fərqli olaraq daha əvvəl keçirilməyib. Avropa Oyunları ilk dəfə olaraq Azərbaycanda keçiriləcək. Oyunlarda 6 000-dən artıq idmançı iştirak edəcək və biz bu oyunları Yay Olimpiya Oyunları səviyyəsində keçirməyi planlaşdırırıq. 2016-cı ildə Ümumdünya Şahmat Olimpiadasını keçirəcəyik və şahmat üzrə yığmamızın nailiyyətləri ilə fəxr edirik. Komandanın bütün üzvləri gənc nəslin nümayəndələridir. 2017-ci ildə isə Azərbaycanda İslam Həmrəyliyi Oyunları keçiriləcək. Bununla da qısa müddət ərzində bizdə Avropa və İslam Oyunları keçiriləcək. Bu, əslində Azərbaycanın beynəlxalq məsələlərdə rolunu aydın göstərir".

Dövlət başçısının sözlərinə görə, Azərbaycan Avropa Şurasının üzvü olan azsaylı ölkələrdən biridir: "Azərbaycan hazırda Avropa Şurası Nazirlər Komitəsində sədrlik edir və eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. Azərbaycan eləcə də 2008-ci ildə başlayan Bakı prosesinin təşəbbüskarıdır. Azərbaycanda Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin görüşünə onların İslam Əməkdaşlıq Təşkilatından olan həmkarları da dəvət olunmuşdular. İlk dəfə olaraq ölkəmizdə Avropa və İslam dünyasından 100-dən çox ölkənin nümayəndələrinin iştirak etdiyi sessiya keçirilib. Ölkəmizdə belə tədbirlər növbəti illərdə də təşkil olunub. Bu səylər sivilizasiyalar, xalqlar və ölkələr arasında böyük anlayışa gətirib çıxarır".

Dövlət başçısı qeyd edib ki, Azərbaycanın əsas uğurlarından biri unikal mədəni müxtəliflik, etnik və dini tolerantlıq mühitinin mövcudluğudur: "Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir, vətəndaşlarımızın hamısı sülh şəraitində yaşayır və biz sivilizasiyaların dialoquna töhfə veririk. Ölkəmizdə iki dəfə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, dörd dəfə isə Bakı Beynəlxalq Humanitar Forumu keçirilib ki, biz bu tədbirlərdə, əsasən, mədəni müxtəliflik, multikulturalizm, dünyanın müxtəlif guşələrindən olan insanların birlikdə necə işləyə, əməkdaşlıq edə və interaktiv ola bilmələri məsələlərinə baxmışıq".

Azərbaycan Prezidenti bildirib ki, ən böyük təhdidlərdən biri sivilizasiyalar arasında dialoqun kifayət qədər olmamasıdır: "Biz əməkdaşlıq, daha çox anlayış, daha çox dəstək prosesinə öz töhfəmizi verməyə çalışırıq və bunun yaxşı nəticələr verəcəyini düşünürəm".

İlham Əliyev deyib ki, bu gün bütün dünyadan cəmiyyətin fəal hissəsini təmsil edən gənclərin nümayəndələri Bakıya toplaşıb, onların öz ölkələrində böyük gələcəkləri var: "Ona görə də hesab edirəm ki, bir-birimizi tanımaq, birgə fəaliyyət göstərmək, problemləri dərk etmək və bir-birinə kömək etməyə çalışmaq çox əhəmiyyətli olacaq. Ümid edirəm ki, ilk qlobal forum bu nöqteyi-nəzərdən də vacib olacaq".

Dövlət başçısı qeyd edib ki, Azərbaycanda gənc nəsil innovasiyalarla bağlı məsələlərin həllində fəal iştirak edir. Azərbaycan informasiya-kommunikasiya texnologiyaları kimi sahələrdə çox sürətlə inkişaf edir, hazırda ölkənin öz peyki var.

İlham Əliyev bildirib ki, Azərbaycan iki ildən bir qədər əvvəl ictimai xidmətlərin yeni sistemini - "ASAN xidmət"i işə saldı: "Bu, bir məkanda 30-a yaxın ictimai xidmətin göstərildiyi "bir pəncərə"dir. ASAN sistemindəki əməkdaşların və könüllülərin əksəriyyəti gənc nəslin nümayəndələridir. Bu gün bir çox fəaliyyət sahələrində yaxşı təlim görmüş, təhsilli, vətənpərvər, Azərbaycanın inkişafına sadiq gənc menecerlər var. Əminəm ki, yaxın illərdə bu tendensiya daha güclü olacaq. Beləliklə, bunlar əsas vacib istiqamətlərdir. Azərbaycan gənc ölkədir - müstəqilliyinin cəmi 23 yaşı var, ölkə əhalisi gənc, dinamik, çox fəaldır. Fəal dövlət siyasəti gənc nəsli ölkənin iqtisadi və siyasi həyatının bütün sahələrinə cəlb edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti