...

2014-cü ilə baxış: Dağlıq Qarabağ münaqişəsi - Ermənistanı uçuruma aparan yol

Siyasət Materials 25 Dekabr 2014 22:00 (UTC +04:00)
Yola salmaqda olduğumuz 2014-cü il də həm Ermənistanın qeyri-konstruktiv mövqe tutması, həm də ATƏT-in Minsk qrupunun səmərəsiz fəaliyyəti nəticəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir irəliləyiş olmayan bir il kimi tarixə düşdü. Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü nəticəsində yaranan bu münaqişə 20
2014-cü ilə baxış: Dağlıq Qarabağ münaqişəsi - Ermənistanı uçuruma aparan yol

Azərbaycan xəbərlər xidməti

Elçin Mehdiyev-Trend:

Yola salmaqda olduğumuz 2014-cü il də həm Ermənistanın qeyri-konstruktiv mövqe tutması, həm də ATƏT-in Minsk qrupunun səmərəsiz fəaliyyəti nəticəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir irəliləyiş olmayan bir il kimi tarixə düşdü. Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü nəticəsində yaranan bu münaqişə 20 ildən artıq bir müddətdir ki, regionda sülhə və sabitliyə ən böyük təhdid olmaqla yanaşı, bölgənin iqtisadi inkişaf tempinə də müəyyən mənfi təsirlərini göstərməkdə davam edir. Ötən bu illər ərzində bu münaqişənin mövcudluğu, daha doğrusu, Azərbaycan torpaqlarını işğal altında saxlamaq münaqişə tərəflərinə necə təsir etdi, bundan daha çox kim əziyyət çəkdi? Bu suala aydınlıq gətirmək üçün ötən 20 il ərzində həm Azərbaycanın, həm də Ermənistanın həyatında baş verən hadisələrə qısa nəzər salmaq yerinə düşərdi.

Düzdür, Azərbaycan torpaqlarının 20 faizi 20 ildən artıqdır ki, Ermənistanın işğalı altındadır, ölkədə bir milyondan artıq qaçqın və məcburi köçkün kütləsi yaranıb ki, bu da hökumətin qayğılarını xeyli artırmış olub. Buna baxmayaraq, Azərbaycanın ötən 20 il ərzində əldə etdiyi iqtisadi uğurlar nəticəsində bu problemlər dövlət qarşısında o qədər də ciddi çətinliklər yaratmayıb.

Yəni Dağlıq Qarabağ münaqişəsinin yaratdığı çətinliklərə baxmayaraq, ötən illər ərzində Azərbaycan həm sosial-iqtisadi, həm də siyasi sahədə çox böyük uğurlara imza atıb. Bəs bu illər ərzində Ermənistanda nə baş verib? Təbii ki, yaxşılığa doğru heç nə. Əksinə, Ermənistan bugünkü acınacaqlı duruma gəlib çıxıb.

Ümumiyyətlə, Azərbaycanın və Ermənistanın sosial-iqtisadi, demoqrafik, hərbi və digər sahələrdəkı vəziyyətini müqayisə etsək, bu iki ölkə arasında böyük bir uçurumun yarandığını aydın görərik.

Birincisi ona görə ki, Azərbaycan regionun lider ölkəsinə çevrilib və regiondakı bütün proseslər, irihəcmli beynəlxalq və regional layihələr Azərbaycanın təşəbbüsü və birbaşa iştirakçılığı ilə həyata keçirilir. Belə olan halda isə, Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan avtomatik olaraq bütün bu proseslərdən kənarda qalır.

Qeyd olunan müddət ərzində Azərbaycan iqtisadiyyatının bütün sahələri böyük bir inkişaf yolu keçib, ümumdaxili məhsulun həcmi dəfələrlə artıb, Azərbaycan borc alan ölkədən borc verən ölkəyə çevrilib. Azərbaycanda yoxsulluğun səviyyəsi 5,3 faizə, işsizliyin səviyyəsi isə 5 faizə enib. 20 il bundan əvvəl 7 milyona yaxın əhalisi olan Azərbaycanın əhalisinin sayı artıq bu gün 10 milyona yaxınlaşmaqdadır. Eyni zamanda, son 10 il ərzində Azərbaycan iqtisadi inkişaf baxımından dünyada ən sürətlə inkişaf edən ölkə olub.

Azərbaycanın siyasi və iqtisadi inkişafı kontekstində ordu quruculuğunun təkmilləşdirilməsinə də xüsusi diqqət yetirilir. Azərbaycan peşəkar, nizam-intizamlı və yüksək döyüş qabiliyyəti olan güclü orduya malikdir. Azərbaycan Ordusu ən son texnologiyalara əsaslanan müasir silah və hərbi texnikalarla təchiz edilib. Azərbaycan yalnız xaricdən ən yeni silahlar almır, həm də daxili istehsala xüsusi diqqət yetirir.

Ermənistanda isə vəziyyət tamamilə fərqlidir. Bu illər ərzində ölkə yalnız geriyə gedib, iqtisadiyyat tamamilə məhv olub, əhali sosial problemlər bataqlığında boğulur. Bu gün Ermənistan yalnız xaricdən gələn ianələrlə birtəhər sürünür.

Yoxsulluğun və işsizliyin səviyyəsi hər il yüksələn xətt üzrə artaraq acınacaqlı həddə çatıb. Ermənistan Maliyyə Nazirliyinin məlumatlarına görə, 2013-cü ildə ölkədə yoxsulluğun səviyyəsi 32,1 faiz təşkil edib. Bununla yanaşı, ölkənin Milli Statistika Xidmətinin dərc etdiyi "Yoxsulluq və Ermənistanın sosial panoraması - 2013" məruzəsinə əsasən, 2012-ci ildə ölkədə yoxsulluğun səviyyəsi 2008-ci illə müqayisədə 17,4 faiz artaraq 32,4 faiz olub.

BMT-nin Beynəlxalq Əmək Təşkilatının "İşsizliyin qlobal tendensiyaları -2014" məruzəsində isə deyilir ki, Ermənistan işsizliyin səviyyəsinə görə MDB-də birinci yeri tutur. Məruzəyə görə, 2013-cü ildə Ermənistanda işsizliyin səviyyəsi 18,64 faiz təşkil edib. Bundan əlavə, BMT-nin Əhali Fondunun Ermənistandakı nümayəndəliyinin məlumatına əsasən, Ermənistanda 15-24 yaşlı gənclər arasında işsizliyin səviyyəsi 40 faizi ötür.

Ermənistanda əhalinin sayı isə nəinki artıb, əksinə, olan əhali də sosial problemlərdən yaxasını qurtarmaq üçün ölkəni tərk edir. BMT-nin Əhali Fondunun Ermənistandakı nümayəndəliyinin məlumatına əsasən, Ermənistanın gənc əhalisinin 83,5 faizi imkan daxilində müvəqqəti yaşamaq üçün, 36,8 faizi isə daimi yaşamaq üçün ölkəni tərk edərdilər. Qalan əhali də Ermənistanı tərk etmək arzusu ilə yaşayır, lakin onların buna imkanı çatmadığından məcburi şəkildə Ermənistanda yaşayırlar.

Hərbi vəziyyətə gəlincə, Ermənistan ordusunda da digər sahələrdə olan ağır vəziyyət hökm sürür. Hərbi qulluqçuların nizam-intizamı, mənəvi-psixoloji, maddi və fiziki vəziyyəti ötən illərə müqayisədə daha da pisləşib. Ermənistan ordusunda baş verən fərarilik, ölüm, zorlama, döyülmə, rüşvət, korrupsiya, intihar, təcavüz və digər qanunsuz halların sayı dəfələrlə artıb. Bu gün Ermənistan ordusunda ölkənin özünə məxsus olan hansısa müasir hərbi texnika mövcud deyil.

Yuxarıda qeyd olunan əsas parametlərin müqayisəsindən göründüyü kimi, Ermənistan Azərbaycanla müharibə aparmaq qabiliyyətini çoxdan itirib. Sadəcə havadarlarının dəstəyi sayəsində həl ki, Dağlıq Qarabağ münaqişəsində status-kvonu saxlaya bilir. Amma bu, o qədər uzun davam edə bilməz. Ermənistan əhalisi nəhayət anlamalıdır ki, Dağlıq Qarabağ münaqişəsinin mövcud olduğu hər an Ermənistanı uçuruma aparır. Son zamanlar beynəlxalq sanksiyalar nəticəsində Ermənistanın ən böyük dolanışıq yeri olan Rusiyanın iqtisadi vəziyyətinin ağırlaşması, eyni zamanda, Rusiya ilə Türkiyə arasında yaxınlaşmanın müşahidə olunması Ermənistanı daha da çətin duruma salıb və ölkə üçün heç də yaxşı gələcək vəd etmir. Belə vəziyyətdə Ermənistanın yeganə çıxış yolu işğalçı qoşunlarını Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarmaqdan keçir.

Sonda Ermənistan xalqına və Serj Sarkisyana Azərbaycan Prezidenti İlham Əliyevin bu yaxınlarda Ağdama səfəri zamanı verdiyi bəyanatı xatırlatmaq istəyirəm: "Bu gün Ermənistanın faşist rəhbərliyi, hərbi xunta öz ölkəsini uçuruma aparır. Onlar bizim torpaqlarımızı işğal ediblər, eyni zamanda, bütün Ermənistanı işğal ediblər. Erməni xalqı kriminal, korrupsioner rəhbərlikdən öz canını qurtarmalıdır. Əks təqdirdə Ermənistanı böyük fəlakətlər gözləyir. Əgər Ermənistan faşist dövləti öz çirkin əməllərindən əl çəkməsə, erməni dövlətinin mövcudluğu sual altına düşə bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti