...

Mübariz Əhmədoğlu: Türkiyə Rusiya ilə Dağlıq Qarabağla bağlı danışıqlarda mövqeyini gücləndirməlidir

Siyasət Materials 8 May 2015 10:21 (UTC +04:00)
Ermənistan prezidenti Serj Sərkisyan Türkiyə ilə münasibətlərin normallaşdırılmasına aydın münasibət bildirmək imkanında deyil.
Mübariz Əhmədoğlu: Türkiyə Rusiya ilə Dağlıq Qarabağla bağlı danışıqlarda mövqeyini gücləndirməlidir

Azərbaycan, Bakı, 8 may /Trend/

Ermənistan prezidenti Serj Sərkisyan Türkiyə ilə münasibətlərin normallaşdırılmasına aydın münasibət bildirmək imkanında deyil. Türkiyə əleyhinə bu qədər resurs xərcləyən, özünü və ölkəsini pis vəziyyətə salan S.Sərkisyan hələ də Qarabağ şərtinin olmadığı təqdirdə Türkiyə ilə münasibətləri normallaşdırmağa hazır olduğunu bildirib. Bu barədə Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bildirib.

M.Əhmədoğlu qeyd edib ki, yaranmış vəziyyət Türkiyənin ermənilərlə başladığı siyasi mübarizənin məntiqi sonluğa çatmasını diktə edir: "İlk növbədə ermənilərin "erməni soyqırımı" məsələsində əsas məqsədinin nə olduğunu anlamaqdır. Fikrimizcə, "erməni soyqırımı" indiki prezident S.Sərkisyanın əlində Qarabağın işğalının uzanmasına xidmət edən məsələdir. "Erməni soyqırımı" hansısa virtuallıqdır, Qarabağın işğalı isə real maddiyyatdır. Eks-prezident L.Ter-Petrosyanın "erməni soyqırımı"na münasibətdə indiki prezident S.Sərkisyanın mövqeyini Ermənistanın bugünkü və strateji maraqları üçün təhlükəli adlandırması da "erməni soyqırımı"nın tanınması mövzusunun kontekstində Qarabağ məsələsinin mövcudluğunu göstərən faktorlardandır. Ermənistanın təhtəlşüuruna çevrilmiş amerikalı həmsədr C.Uorlik də "erməni soyqırımı" ilə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini əlaqəli hesab edir".

Politoloq deyib ki, hətta "erməni soyqırımı"nın ən vacib anlarında da belə ermənilər bu və ya digər formada Qarabağ məsələsini gündəliyə gətirdilər: "Bütün yuxarıda deyilənləri nəzərə alaraq "erməni soyqırımı"nın Türkiyəyə ziyanlı təsirinin qarşısının birdəfəlik alınması üçün aşağıdakı addımları məqsədəuyğun hesab edirik.

I. Dağlıq Qarabağ probleminin həllinə Türkiyə qısa müddət ərzində nail olmalıdır. Türkiyənin əlində imkanlar çoxdur. a) Rusiya ilə danışıqlarda Qarabağ mövzusunun Krım, enerji, çərkəz və s. mövzulardan ön plana çıxarmalıdır. Rusiya Türkiyənin Qarabağla əlaqəli siyasətinə pozitiv reaksiya verə bilər. b) Rusiya Dağlıq Qarabağ tənzimlənməsində Türkiyənin səylərinə etinasız yanaşacağı təqdirdə Türkiyə Rusiya ilə əlaqələrini bir neçə pillə aşağı salacağı mesajını verməlidir. Rusiya ilə əlaqələrin zəifləməsi Türkiyə üçün müəyyən maliyyə itkisi deməkdir. Amma bir şey nəzərə alınmalıdır ki, rəsmi Kreml Türkiyəyə gedən rusiyalı turistlərin sayını azaltmaq üçün ən azı iki dəfə aşkar cəhdlər edib. Alınmayıb. Ona görə Rusiyanın bu mesaj fonunda Qarabağ məsələsində münasibəti Türkiyəyə doğru dəyişə bilər. V.Putin və S.Lavrovun verdiyi bəyanatlar göstərir ki, Rusiya üçün Türkiyə ilə münasibətləri Qarabağ tənzimlənməsi ilə əlaqəli şəkildədir. Əlavə iki məsələ də nəzərə alınmalıdır. Əvvəla, Ermənistan indi Rusiya üçün elə böyük əhəmiyyətə malik deyil, digər tərəfdən Qərblə Rusiya arasında kəskin qarşıdurması fonunda Türkiyə Rusiyadan itirdiklərini qismən də olsa Qərb tərəfdən kompensasiya edəcəkdir. c) Türkiyə Ermənistanla sərhəddə hərbi aktivliyini artırmalıdır. Bu, Rusiya üçün yeni geosiyasi parametr yaradacaq. Qafqazda Rusiyanın təhlükəsizliyinə əlavə risklər Rusiyanı sevməyən xeyli qüvvələrin diqqətini bu regiona yönəldəcək.

ç) Azərbaycanın Dağlıq Qarabağda müharibəyə başlayacağı təqdirdə Türkiyə tərəfdən tam hərbi dəstəyə malik olacağını bəyan etməlidir.

II. Türkiyədə yaşayan 80 minlik Ermənistan vətəndaşı olan ermənilər tədricən, miqrasiya qanunlarına uyğun, güzəştləri ləğv ertməklə,1-2 il müddətinə ölkədən çıxarılmalıdır. Bu işi sürətli etmək yenidən deportasiya və ya "soyqırım" kimi terminləri yada sala bilər. Türkiyədəki Ermənistan vətəndaşı ermənilər həm Türkiyə vətəndaşı olan erməniləri, həm də Qərbi erməni mövzusunda Türkiyəyə qarşı ruhlandıran faktordur. Hələ ki Türkiyəyə gedən ermənilər erməniliyin yaltaq variantını dövriyyəyə buraxıblar. Ona görə əhalidə ermənilər haqqında pis fikir formalaşmır. O da nəzərə alınmalıdır ki, Ermənistandan gedən ermənilər həm də mühüm məlumat mənbəyi rolunda çıxış edirlər. Türkiyədəki ermənilər Ermənistan üçün vacib maliyyə mənbələrindən biridir. Türkiyədəki ermənilərin Ermənistana nağd və ya əmtəə vasitəsilə göndərdiyi pulun miqdarı Rusiyadan Ermənistana gələn pulun miqdarı ilə müqayisə oluna bilər.

III."Erməni soyqırımı"nın tədqiqi üçün tarixçilərdən ibarət komissiyanın yaradılması təklifinin dəstəklənməsində qətiyyəti gücləndirmək. Bu təklifi konkret detallaşdırmaq. "Erməni soyqırımının" genezisində çar Rusiyasının rolunu rusiyalı mütəxəssislərlə araşdırmaq.

"Erməni soyqırımı" məsələsinin həlli Ermənistanın və dünya erməniliyinin normal həyata qayıtmasına şərait yaradacaq. Türkiyə ilə münasibətləri normallaşdıracaq.

"Erməni soyqırımı" məsələsinin tam və kompleks həlli üçün Dağlıq Qarabağ münaqişəsi tənzimlənməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti